Tanınmış kinooperatorun 70 illik yubileyi qeyd edilib
İyulun 14-də
C. Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında tanınmış
kinooperator Yuri Varnovskinin
anadan olmasının
70 illiyi münasibətilə
tədbir keçirilib.
Tədbirdə çıxış edən “Azərbaycanfilm”in
direktoru Müşfiq Hətəmov bildirib ki, Yuri Varnovski 50 ilə yaxındır ki, milli kinomuzun
xidmətindədir. O, “Şirbalanın məhəbbəti”,
“Yarasa”, “Nə gözəldir bu dünya”, “Hacı Qara”, “Kuklalar”, “Yaddaş”, “Dərvişin
qeydləri” və s. tammetrajlı bədii filmlərin, “Debüt” studiyasının istehsalı
olan “Pirverdinin xoruzu”, “Eliza”, “Keçmişdən
gələn zəng” qısametrajlı bədii
filmlərin quruluşçu
operatorudur. Həmçinin bir sıra sənədli film, “Mozalan”
kinojurnalı üçün
süjetlər çəkib,
“Bakı gecələri”
kinoalmanaxının quruluşçu
operatoru olub.
Vurğulanıb
ki, öz peşəsini sevən,
film istehsalı prosesini
dərindən bilən,
yüksək peşəkarlığı
ilə seçilən
Yuri Varnovskinin savadı,
intellektual səviyyəsi,
rejissorlarla ünsiyyət
yarada bilmək bacarığı onu hamıya sevdirir. Onun yaradıcılıq yolu gənclər üçün
bir örnəkdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan kinosunda ilk sualtı çəkiliş aparan
operator da məhz Y.Varnovski olub. Kinooperatorun xidmətləri
layiqincə qiymətləndirilib,
“Əməkdar incəsənət
xadimi” fəxri adına layiq
görülüb.
Tədbirdə çıxış edən sənət dostları yubilyarı təbrik edib, milli kinonun inkişafı
naminə gördüyü
işlərdə ona yeni uğurlar arzulayıblar.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 19 iyul.-
S.10.