“Euronews” kanalında
“Azərbaycana səyahət”
“Euronews” telekanalı “Azərbaycana səyahət” silsiləsindən Şəki xanlarının sarayından bəhs edən süjet yayımlayıb. Süjetdə vaxtilə Şəki xanlarının iqamətgahı olmuş, hazırda isə dünya əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunan sarayın tarixindən və özəlliklərindən söhbət açılır. Qeyd edilir ki, XVIII əsrin yadigarı olan saray rəngbərəng Venesiya şüşələrindən ibarət şəbəkə pəncərələrlə bəzədilmiş interyerinə görə Qafqazda saray memarlığının ən yaxşı nümunələrindən və islam Şərqinin incilərindən biridir.
Verilişin aparıcısı Avrora Velez məlumat verir ki, xalq sənətkarları “şəbəkə” naxışlarını 14 min xırda ağac hissələrindən yapışqansız və mismarsız yaradıblar. Bu, səbir və yüksək texnika tələb edən nəfis işdir. Bir vaxtlar Böyük İpək Yolu Şəkidən keçirdi və Azərbaycan tacirləri ədviyyat və ipəyi şəbəkə yaradılmasında istifadə edilən Venesiya şüşələri ilə dəyişirdilər. Bu gün “şəbəkə” ustaları əcdadlarının ənənəsini sədaqətlə qoruyub saxlayırlar.
Süjetdə Şəki xanlarının sarayının eksteryerini və interyerini, şəbəkə ustalarının işini əks etdirən kadrlar və şəbəkə ustası Tofiq Rəsulovun bu xalq sənəti və abidənin bərpası ilə bağlı fikirləri yer alıb.
Mədəniyyət.- 2017.- 19 iyul.-
S.15.