Toğrul Nərimanbəyovun rənglər melodiyası Kannda nümayiş olunur

 

 

 

   Xəbər verildiyi kimi, iyulun 13-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri başlayıb.

   Mədəniyyət günləri çərçivəsində şəhərdəki “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

   Tədbirdə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fond tərəfindən müxtəlif ölkələrdə təşkil olunan bu cür layihələrin ölkəmizin tarix və mədəniyyətinin tanıdılması, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıdığını bildirib.

   Azərbaycan təsviri incəsənətində böyük rol oynamış Toğrul Nərimanbəyovun yaradıcılığından söz açan Anar Ələkbərov bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən Kann şəhərinin meriyasına təşəkkür edib.

   Kann şəhəri merinin müavini Frank Şıkli çıxış edərək Azərbaycan mədəniyyəti günlərinin burada təşkil edilməsinin ənənəyə çevrildiyini vurğulayıb. Qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər Kann sakinlərinə və turistlərə ölkəmizin mədəniyyətini daha yaxından tanımağa imkan verəcək. Belə tədbirlər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

   Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisi Kann sakinləri və turistlər üçün avqustun 1-dək açıq olacaq. Sərgidə rəssamın 30-dan çox əsəri təqdim edilir.

   Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat və yaradıcılığı haqqında videomateriallarla tanış olmaq mümkündür. Eləcə də sərgi zalı ərazisində milli üslubda zona yaradılıb. Burada ziyarətçilərə Heydər Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov haqqında nəşrləri təqdim olunur.

   Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də konsert proqramı da təqdim edilib.

   Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarix və ənənələrinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihələr çərçivəsində mütəmadi olaraq sərgilər, konsertlər, “Azərbaycan şəhərciyi” və digər tədbirlər təşkil edir. Fransanın 20-dən çox şəhərində təşkil olunmuş Azərbaycan mədəniyyəti günləri ölkələrimizi, xalqlarımızı daha dərindən, daha dolğun tanımağa, eləcə də humanitar sahədə əlaqələrin inkişafı üçün yeni imkanlar açır. Ötən müddətdə Kann şəhərində “Qız qalası”, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Azərbaycan xalçaları incəsənətdə”, “Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə”, “Bir günəş altında” və digər bu kimi sərgilər keçirilib, muğam, klassik musiqi, caz musiqilərindən ibarət konsert proqramları təşkil olunub.

 

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.16.