Qarabağ müharibəsinin bədii
salnaməsi
“Qara qan” tarixi
romanının təqdimatı olub
İyulun 18-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə yazıçı, publisist, Əməkdar jurnalist Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən üçcildlik “Qara qan” tarixi romanının təqdimatı keçirilib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Fazil Güneyin yaradıcılıq yolundan söhbət açıb. Bildirib ki, o, Cəbrayıl rayonunda orta məktəbi bitirib, iki il rayon qəzetində çalışıb. Oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunub, radioda səsləndirilib. F.Güney Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsində təhsil aldığı vaxtlardan bədii yaradıcılığa başlayıb. Sonralar Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışıb. 70-ci illərin ortalarından müxtəlif mətbu orqanlarda fəaliyyət göstərib. 1997-ci ildən ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktorudur.
Yazıçı-jurnalist Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görüb. Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən üçcildlik “Qara qan” tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa layiq yaradıcılıq nümunəsidir.
Kitabın redaktoru, Əməkdar jurnalist Məzahir Süleymanov yazıçının yaradıcılığından danışıb. Bildirib ki, Fazil Güney “Qara qan” romanı üzərində 30 ilə yaxın çalışıb. 90-cı illərin əvvəllərindən bu yöndə səylərini davam etdirən yazıçı hazırda bu işini tamamlayıb.
Bakı Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli qeyd edib ki, müəllif müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərindən seçmələrin toplandığı “Yalanın gerçəkliyi” kitabı ilə də tanınıb. “Yalanın gerçəkliyi” kitabı ABŞ-da ingilis dilində nəşr edilib. Fazil Güney bir alim kimi də öz sözünü deyib. Onun “Müasir Suriya romanı” monoqrafiyası mütəxəssislər tərəfindən bəyənilib.
Çıxış edənlər Qarabağ
müharibəsindən bəhs edən “Qara
qan” tarixi
romanının bədii məziyyətlərindən söz açıb, müəllifə yeni yaradıcılıq uğurları
arzulayıblar.
Mədəniyyət.- 2017.- 21 iyul.-
S.15.