Azərbaycan rəssamlığında
soyqırımı mövzusu
Xalqımızın son yüz ildə yaşadığı soyqırımları, doğma yurd-yuvalarından zorla köçürülməsi, terror və təqiblər tariximizin ən qanlı səhifələrini təşkil edir. Erməni quldur dəstələrinin 1905-1907-ci illərdə, 1918-ci ildə soydaşlarımıza qarşı törətdiyi qırğınlar, Azərbaycan türklərinin 1948-1953 və 1988-1989-cu illərdə Ermənistan ərazisindəki tarixi torpaqlarından qovulması, 1991-ci ildən başlayaraq isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonların işğal olunması, yüz minlərlə vətəndaşımıza qarşı həyata keçirilən etnik təmizləmə, Xocalı soyqırımı əbədiyyətədək unudulmayacaq qan yaddaşıdır.
Bu qanlı tarix mövzusunda çoxlu kitablar, əsərlər yazılıb. Hər bir ulusun tarixi taleyindəki sarsıntılı olaylar sonradan onun bədii düşüncəsində öz yerini tapır. Olaylara bədii yöndən yanaşma ondan nəticə çıxarmağa xidmət edir. Bu baxımdan, başımıza gələn soyqırımları, Qarabağ savaşıyla bağlı ədəbi əsərlər, filmlərlə yanaşı, rəsm nümunələri də yaradılıb.
Azərbaycan rəssamları erməni zülmünü ifşa edən, ulusumuzun başına gətirilən dəhşətləri öz əsərlərində ləyaqətlə əks etdiriblər, son yüzildə üzləşdiyimiz zülm onların əl işlərində geniş əksini tapıb.
Azərbaycan peşəkar rəssamlığının özülünü qoyanlardan biri Bəhruz Kəngərlidir (1892-1922). Onun başlıca obrazları, əsərlərinin qəhrəmanları yoxsul, həyatın acısını dadmış qaçqın insanlardır. Rəssam 1918-ci ildə Naxçıvanda ermənilər tərəfindən Azərbaycan türklərinin başına gətirilmiş dəhşətləri görüb, bu mövzuda çoxlu əsər yaradıb. Həmin əsərlərin çoxu erməni zülmü nəticəsində yurd-yuvalarından qovulmuş qaçqınların portretləridir. Sulu boya ilə çəkilmiş bu əsərlərdə rəssam qaçqınların acı taleyini, yoxsul durumunu, ümidsizliyini dəqiq göstərir. Bu obrazlar arasında erməni zülmü nəticəsində qaçqınlıq taleyini yaşamış uşaqlar da çoxdur. Rəsmlərdə uşaqların acınacaqlı durumu diqqəti çəkir. Onların əyinlərindəki geyimlər köhnəlib, cırılıb, çoxunun ayaqları yalındır, nə çəkdikləri üz-gözlərindən, üst-başlarından aydınca bilinir.
1988-ci ildən Qarabağda erməni zülmü başlayandan orada baş verən olaylar rəssamlarımızın diqqətindən qıraqda qalmayıb, bu mövzuda çoxlu rəsm əsərləri yaradılıb.
Rəssam Vaqif Ucatay Qarabağda baş verən erməni zülmünün ifşasında önəmli işlər görüb, bu savaşda soydaşlarımızın başına gələn müsibətləri əsərlərinə köçürüb. Rəssam hadisə iştirakçılarını dinləyərək onların sözləri əsasında ürəkağrıdan realist əsərlər yarada bilib.
Karikaturaçı Kərim Kərimovun yaradıcılığı demək olar, bütünlüklə erməni yırtıcılığının ifşasına həsr olunub. Onun bu mövzuda yüzlərlə karikaturası var. Rəssam əsərlərində ermənilərin Azərbaycan türklərinə, bütövlükdə türk dünyasına böyük bir təhlükə olduğunu göstərir, ermənilərin türklərə qarşı məqsədli şəkildə soyqırımı törətdiyini təsvir edir.
Rəssam Nazim Məmmədovun “Xocalı harayı” kitab-albomu bütünlüklə bu dəhşətli faciəmizə həsr olunub. Onun bu mövzuda çoxlu əsərləri var, Xocalı hadisələri baş verəndən az sonra onları kətana köçürə bilib. “Bir ailənin faciəsi” əsərində Xocalıda bütünlüklə məhv edilmiş ailələrin ümumiləşmiş obrazı yaradılıb. “Edam” əsəri də bir ailənin qəmdən yoğurulmuş yaşantılarının açılmasına xidmət edir. “Xilaskarını gözləyən gözlər”də erməni əsirliyində qalan, ümidini itirməyən qız-gəlinlərin intizarı bədii-rəmzi həllini tapıb.
Gənc rəssam Ramal Kazımovun “Erməni yazar” adlı əsəri daha təsirlidir. O, mənfur erməni ideoloqu Zori Balayanın timsalında erməniliyin nə olduğunu dəqiq cizgilərlə göstərə bilib. Şovinist yazar əlində bir türk uşağını tutub və bütünlüklə əli türk qanına bulaşmış şəkildə təsvir olunub.
Minayə Feyzullayevanın Xocalı qurbanlarının xatirəsinə həsr etdiyi əsərlər də faciənin acısını bizə dərindən çatdırır.
Gənc rəssam Günel Ravilova soyqırımı mövzusunda bir neçə əsər yaradıb. Onun əsərləri mövzuya avanqard yanaşması ilə diqqəti çəkir.
Rəssamlar İlham Mirzəyevin, Əli Səfərovun, Bayram Qasımxanlının, Qüdrət Qurbanovun, Sabir Məmmədovun, Qasım Mahmudovun, Katib Məmmədovun da bu mövzuda əsərləri Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırımına uğradılmasının bədii təsdiqidir.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 21 iyul.-
S.15.