“Vətən həsrəti ilə yaşadı, ürəyi yana-yana vəfat etdi

 

 

 

   Cümhuriyyət quruculuğunda iştirak etmiş, sovet-bolşevik işğalına qarşı mücadilə aparmış Məmməd Qasımın həyatı Türkiyədə yaşayan nəvəsinin xatirələrində

  

   Azərbaycan tarixində el arasında “xalq intiqamçıları” adlanan qaçaqçılıq hərəkatı təkcə çar Rusiyası dövründəki zülmistibdada qarşı deyil, həm də sovetlərin ilk illərində yeni rejimə qarşı baş verib. Həmin dövrdə Azərbaycanın müxtəlif yerlərində xalq arasında zorla sovetləşməyə qarşı müqavimət ruhu baş qaldırmışdı. Məsələn, Lənkəran ətrafında gedən müqavimət hərəkatına Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq edirdi. Müstəmləkə hökumətinin zülmkar siyasəti fonunda bu şəxsiyyətlərdən hər biri ayrı-ayrılıqda xalqın qəhrəmanına çevrilmişdi. Bu yazıda onlardan biri haqqında bəhs edəcəyik: Məmməd Qasım.   

   Tale elə gətirib ki, o, Gəncədə və Gəncəbasar zonasında apardığı təxminən 10 illik qaçaqçılıq mübarizəsindən sonra həyatının qalan hissəsini Türkiyədə yaşamalı olub, burda ailə qurub, oğul-uşaq sahibi olub. Qardaş ölkədə Mehmet Kasım deyə tanınıb. İlk nəvəsi Şuay Alpay isə hazırda Türkiyənin milli müdafiə nazirinin müavini vəzifəsində çalışır. Babası haqqında xatirələri onun dilindən eşitmək niyyəti ilə Şuay bəylə həmsöhbət olduq və maraqlı məlumatları, faktları dinlədik.

  

   “Müsəlman qardaşlarıma güllə ata bilmərəm”

  

   Əvvəlcə babasının həyatından bəhs edir: “Babam 1897-ci ildə Gəncənin Samux qəzasının Tomur kəndində dünyaya gəlib. Böyük ailələri olub. Mərdliyi və cəsarəti ilə tanınan bir insan olub. Gəncənin valisi Qüdrət Rəfibəyli olub. Rəfibəylilər Gəncənin ən kübarnüfuzlu ailələrindən idi. Oradakı müsəlman türklərin hüquqlarını qoruyan, onlara qol-qanad verən bir ailə kimi tanınıblar. Babamın danışdıqlarından bəlli olurdu ki, yaxın dost olublar. Həyatı, mübarizə yolu haqqında maraqlı xatirələr söyləyirdi bizə. Onların arasında daha çox marağımı çəkən bir məqam var idi və istəyirəm ki, bunu sizinlə paylaşım.

   Birinci Dünya müharibəsi başladıqda Çar Rusiyası bütün Qafqaz ölkələrində olduğu kimi, Azərbaycan türklərini də döyüşə göndərir. Onlar da təbii ki, Rusiya tərəfdən almanlara qarşı döyüşürlər. 1915-ci ildə mənim babam da cəbhədə baş çavuş rütbəsi ilə vuruşub. Karpat dağlarında almanlarla döyüşürkən qarşılarına Osmanlı əsgərləri çıxır. Onların da başında Yaqub Şövqi paşa dayanırdı. Əslən Türkiyənin Elazığ şəhərindən olan Yaqub bəy həm də Atatürkün riyaziyyat müəllimi olub. Ordu üz-üzə gələndə Məmməd Qasım deyir ki, mən müsəlman qardaşlarıma güllə ata bilmərəm. Yəni döyüşməkdən birbaşa imtina etməklə əmrə qarşı çıxır. Babamın bu etiraz hərəkətinə görə, ruslar əsasən “Müsəlman-türk”, “Tatarkönüllü alayları adlandırdıqları döyüşçü bölmələrinin hamısını geri çağırır və onları arxa cəbhədə saxlayırlar. Bu arada da 1917-ci ildə Rusiyada bolşevik inqilabı baş verir, içəridə hər tərəf qan gölünə dönür, qardaş qardaşı qırmağa başlayır. İnqilabdan sonra Rusiya Birinci Dünya müharibəsindən çıxır. Babam isə komandanlığında olan əsgərlərlə birlikdə Azərbaycana, Gəncəyə dönür”.

  

   “Gəncəni azad edənə qədər döyüşəcəyik”

  

   Şuay bəylə söhbət əsnasında bəlli olur ki, Məmməd Qasım Azərbaycan Xalq Cümhuriyyəti quruculuğunda da yaxından iştirak edib: “1918-ci ildə Qüdrət bəy babamı yanına çağırır və deyir ki, artıq bizim də müstəqil olmaq zamanımızdır. 1918-ci ildə Qüdrət bəy, babam və Gəncənin digər öndə olan şəxsiyyətləri Bakıya gəlir və cümhuriyyətin qurulmasında iştirak edirlər. Babam Qafqaz İslam Ordusunda da döyüşür, Bakının bolşevik-daşnaklardan azad edilməsində iştirak edir. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut edir. Rus qoşunları Bakıdan sonra digər bölgələri də işğal edir. İşğala etiraz əlaməti olaraq Gəncədə üsyan başlayır və Məmməd Qasım da üsyançılardan biri olur. Babamın söylədiklərindən də bəlli olurdu ki, Gəncənin müdafiəsi çox möhtəşəm olub. İnsanlar küçə-küçə, ev-ev ruslaronlara dəstək verən ermənilərlə döyüşüb. Şəhər içində müdafiə döyüşləri 2-3 gün davam edib, lakin inadkarcasına mübarizə aparılıb. Gəncə ruslar tərəfindən işğal edildikdən sonra Məmməd Qasım özü ilə birlikdə 15 nəfər olmaqla Gəncə yaxınlığındakı dağa çıxır. Orada öz aralarında bir toplantı keçirirlər: yəni bundan sonra nə edəcəklər. Babam isə onlara, “Nə edəcəyimiz bəllidir. Gəncəni azad edənə, torpağımızı geri qaytarana qədər döyüşəcəyik”, - deyir. Yəni bu artıq qaçaq hərəkatı idi. Bu mübarizə təxminən 1932-ci ilə qədər davam edir. Babamı hər yerdə ölüm fərmanı ilə hədələyirlər. Hətta onun bu mücadiləsinin qarşısını almaq üçün ailə üzvlərindən bir qismini güllələyir, qalan digər qismini isə Uzaq Şərqə sürgün edirlər. Bütün bunlara rəğmən babam mücadilədən vaz keçmir. Həm də Türkiyədən dəstək gözləyir. Lakin Türkiyə də gənc bir respublika olduğu üçün ona dəstək verməsi mümkün deyildi”.

  

   Türkiyə həyatı

  

   Şuay bəyin dediyinə görə, Məmməd Qasım xatirə dəftəri yazıb və o, döyüşdüyü hər gün haqqında oraya qeyd edirmiş: “O, xatirələrində Nuru paşadan böyük bir sevgi ilə bəhs edir. Mənə elə gəlir ki, onlar elə ilk dəfə Gəncədə görüşmüşdülər. Hətta o zaman Nuru paşaya həsr edilən şeirdən parçanı da öz xatirə dəftərində yazmışdı:

   Tren gəlir baş-başa,

   Yaşasın Nuri Paşa!

   Paşaların paşası

   Yaşasın Nuri Paşa!

   O yazdığı xatirədə belə bir məqam da var ki, 15 nəfərdən ibarət olan bu qaçaq dəstəsi qışa doğru yeraltı qazılan yerlərdən istifadə edir. Baharın gəlişi ilə yenidən toplanıb mücadilə aparmağa başlayırlar. Lakin son illərdə o, bu mübarizənin mənasız olduğunu görür. Artıq Azərbaycanda yaşaya bilməzdi, əks halda həbs edilib güllələnəcəkdi. Bu üzdən 12 illik mübarizədən sonra 1932-ci ildə məcburən Türkiyəyə getməyə qərar verir. Öncə İrana, ordan da Türkiyəyə, Van, Elazığa gedirorada yaşamağa başlayır. Kazım Qarabəkir paşa ilə görüşür. Nənəmlə babam evləndikdə nənəm 17-18 yaşlarında gənc bir qız olur. Məmməd Qasım ona məxsus olan hər bir şeyi, ailəsini Gəncədə qoyub gəlməyə məcbur olmuşdu. Onun haqqında artıq ölüm cəzası verilmişdi. Nə yaxşı ki, Türkiyə babama böyük qucaq açır. Ona mülk verilir, maaş kəsilir. Anam Məmməd Qasımın ilk övladı, mən isə nəvəsiyəm. Babamın Şuay adlı yaxın dostu şəhid olduqda əhd edir ki, ilk oğlan nəvəsinə bu adı verəcək. Babam Elazığda 1960-cı ilə qədər yaşayıb. Vəfat edəndə 70 yaşı tamam olmamışdı. Mən babamı 6 yaşıma qədər xatırlayıram. Məni çiyinlərində gəzdirirdi. İlk dəfə oxuyub-yazmanı ondan öyrəndim. 6 yaşımda artıq mükəmməl şəkildə qəzet oxuyurdum. Müdhiş bir insan idi. O danışanda hər kəs susardı. Lakin böyük vətən həsrəti ilə yaşadı, öz övladlarını, yaxınlarını görmədən ürəyi yana-yana vəfat etdi. Gəncədəki övladları, nəvələri ilə münasibətlərimiz varzaman-zaman görüşürük. Biz onlara, onlar da bizə gəlir”.

   Son olaraq Şuay bəy onu da dedi ki, bir neçə dəfə Gəncədə, Bakıda olub: “Azərbaycanın müstəqillik mücadiləsi tarixində adı qalmış babamın olması ilə qürur duyuram. Gələcəkdə də onun haqqında araşdırma aparılsa, bir kitab yazılsa, məmnun olaram”.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.13.