Füsunkar Səs-Səda Sabiri
Tək elə
füsunkar yox, gözəl
yox, həm də tamamilə bənzərsiz,
başdan-başa özəl Səs-Səda
sahibi Sabir Mirzəyev...
Cəmiyyət mayalı bu avaz - öz təbii-tanrısal məlahətləri müqabilində tarixən dar-darısqal qəfəslərlə “mükafat”landırılan təbiət sakinlərininkindən də ləli-lətifi!
Bu sənətkar “heç kimin deyil, - hamınındır!” mənsub-məxsusiyyətli muğam xəzinəsinin saysız-hesabsız xanəndələr tərəfindən ifa olunmuş “Çahargah” külçəsinin ən mahir zərgər-müəllifi...
Sözün burdan beləsini onun özünüifadə vasitəsilə - özü də, hamıdan çox sevib-oxuduğu, ən ucqar, ən “kəndçi” toylarda belə geniş yer verdiyi ulu Füzulinin vəhyi-möhür qəzəllərindən birinə ad elədiyi SÖZlə yox, bəndəniz tərəfdən aşıq-ozan “ərz”i olan sazla yazılmalı, siz tərəfdənsə... elə eləcə oxunmalı. Amma elə də çox yox, ta növbəti yarımbaşlığadək...
Beləliklə;
Bu səs, bu nəfəs gül-gül zəngulələr ahəngi, xal-xal “xırdalıq”lar nəhəngi...
Bu avaz dədə-baba yollu, bu səda kəklik-turac hovlu. “Bəm”lər aşiq-məşuq pıçıltıları, “zil”lər tufan-qasırğamisal, kəhər-köhləntimsal...
“Bəstə-Nigar”ı könül yuxusuzlarını, eşq yatmazlarını laylalayan çiskin yaz damcıları, kəskin payız leysanları...
Mahnı və təsniflərindən “Nazlana-nazlana”sı - zövqümüzün səmasında, hər görəndə rəngbərəng göy qurşağına yansıtdığımız “Fatma xalanın hanası”, “Aşiqəm”inə - təzə-təzə könül açanlar “Kərəm olub, yanası”, salxım-salxım gilənənən “Gülə-gülə”si - qırımlarından qır damızdırmağa çalışan nazənin qızların dodaqlarına təbəssüm gülabı sıxası...
Günlərin hansı bir günü, könlünün hansı bir anındasa qeyri-adi bir cuşa gəlib möhürlədiyi “Çahargah”ı isə, öz zəlzələvi guşələrilə huşyar zövqlərin fövqünə qalxmaqlıq, pünhani “nüktə”lər, hikkəvi ciknələrlə insan səsi normativinin axırına çıxmaqlıq...
Və bu bədii-sentimental sətirlərin
ardınca, izhari-rəsmi
reallıq -
Qısaca bir “tərcümey-hal”lıq
Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunun Bayxanlı kəndində - bölgənin
ünlü xanəndəsi
Nüsrət Mirzəyevin
ailəsində doğulub.
Böyük sənət
aləmi fəaliyyətinə
1960-cı ildə başlayıb,
50 ilə yaxın bir müddətdə təkrarsız səsi, gözəl ifaları ilə rəsmi tədbirlərdə, el-obanın
toy-büsat şənliklərində,
radio-televiziya dalğalarında
çıxışlar edib,
Dövlət Filarmoniyasında,
“Azərkonsert” birliyində
çalışmaqla, ürəkdən
sevdiyi və sevildiyi xalqın xidmətində olub.
Özündən öncəki ustadların
ifaçılıq ənənələrinə
istedadlı və bacarıqlı varis ləyaqətilə yanaşan,
bu qədim qeyri-maddi irsi yaşatmağa çalışan
S.Mirzəyevin özü
də, bənzərsiz
səsi, ifa üslubu ilə milli musiqi sənəti
tariximizin qızıl
səhifələrinə düşüb.
Böyük muğam aləmimizə ayrıca canlı bir guşə timsalında gələn, ifa etdiyi bir
çox mahnı, təsnif və muğamları (“Qarabağın
maralı”, “Şuşanın
dağları”, “Nazlana-nazlana”,
“Gülə-gülə”, “Aşiqəm”,
“Çahargah”, “Rast”,
“Şahnaz”, “Segah”) Azərbaycan radiosunun “qızıl fondu”nda qiymətli sənət inciləri kimi qorunub-saxlanan, 2007-ci ildə
“Əməkdar artist” adına,
habelə Prezident təqaüdünə layiq
görülən Sabir
Mirzəyev 23 iyul
2011-ci ildə vəfat
edib.
Sözü də Səsi kimi...
İfaları ürəyə noğul
nağıllar kimi yatan bu xanəndənin
danışığında da bir bənzərsizlik
vardı. Lakin bu orijinallıqları içrə birisi də olub ki...
Bəli, bu sənətkar heç də az yaşamadı,
amma, təəssüflər
ki, günü günün, ili ilin güdazına verə-verə, Tanrı lütfü olan bu ecazkar Səsin
lent-yaddaşlara düşməsinə
az cəhd elədi. Ancaq, deyim ki, onun
bu günahının
bir parası da biz xalqın öz boynunda; o dövrlərdə oğul
evləndirib-qız köçürənlərin
hansı biri öz toyunda Sabir Mirzəyevi görmək istəməzdi?!.
Nəysə...
Keçək bu “qədrinibilməz” sənətkarın
vaxtilə qəzetlərə,
radio-televiziyalara verdiyi
müsahibələrin “xülasə”sinə:
“Mənim
atamın da bütün cənub bölgəsinə sığmayan
səsi vardı.
Ancaq Bakıya gəlmədi.
Yaxın
dostlarının dediklərinə
görə, orda onun səsinə həddən ziyadə vurğun olanların xatirinə uzaqlaşmaq istəmirmiş. Tanış-bilişinin mənim “bülbül cəh-cəhim” haqda söhbətlərini isə
çox da ciddiyə almırdı.
Mən 6-cı sinifdə
oxuyarkən duyuq düşdü və dedi ki, xanəndə
olmaq istəyirsənsə,
zəhmət çək,
özün öyrən,
gözünün qabağında
ata-müəllim var. Necə
ki, sənin rəhmətlik babaların
mənim cəh-cəhlərimə
ancaq “bəh-bəh” ediblər, başqa heç nə.
Babalarım Cənubi Azərbaycanın
Qaradağ vilayətindəndilər.
O yerlərin hamısını
öz gözlərimlə
görəndən sonra
anladım ki, Güneyimizdə də muğamın əsas beşiyi Qaradağdır.
Bizim kəndimiz də
Cənubi Azərbaycanla
sərhəddə, dağlıq
ərazidə, axar-baxarlı
bir yerdədir.
Bir gün atam vaxt
eləyib kiçik qardaşımla mənə
qulaq asdı, dedi: “Habildən oxuyan olacaq, amma sən heç.
Çünki utancaqsan”.
Düz deyirdi, yaman
utancaq idim. Ovaxtlar mənim ən fəal “dinləyicim” kəndin kənarındakı yastı
bir dağ yamacı idi...”
“1957-ci il idi. Cəlilabadda
orta məktəbdə
oxuyurdum. SSRİ rəhbəri Xruşşovun
respublikamıza gəlişi
münasibətilə keçirilən
“Çiçəklənən Azərbaycan” festivalına
məni də yazdılar. Birinci yeri tutdum.
Oxuduğum “Şahnaz” nəinki
festival jürisinin, hətta
böyük Seyid Şuşinskinin də diqqətini cəlb edibmiş. Həmin müsabiqədə tarçalan gənclərdən
biri məni ustadın evinə apardı. Ağa məni diqqətlə dinlədi, bəyəndiyini
bildirdi və dedi: “Hə, indi dur get, 17 yaşının tamamından
sonra gələrsən.
O vaxta səsin dəyişməsə, mənim
bu əla münasibətim də dəyişməyəcək...”
“Kənd-kəsək
konservatorluğu” edən
atası onu Bakıya buraxmaq istəməsə də, xəlvəti olaraq Bakıya gəlib, Musiqi Texnikumunda qabiliyyət imtahanından
əla qiymət alan Sabir
tələbə adını
qazanır və...
“Avqustun
26-sı idi, bir cəlilabadlı qohumun toyu münasibətilə Bakıya gəlmişdik.
Məclis bitdi, qayıdanda, “Beşmərtəbə”nin yanında maşını saxlatdırıb
düşdüm. Təəccüblə
mənə baxan atama: “Hə, ata, siz gedin,
bu tələbə isə burda qalıb, dərslər başlayana qədər kirayə ev axtarsın”, - dedim...
...Xoşbəxtlikdən sənət
müəllimim Seyid Şuşinski oldu! Muğamımızın ağa sənətkarının
dərslərindən doymaz,
hərdən evinə
də gedib, öyrəndikcə öyrənərdim.
Hələ əfsanəvi
Xan əmi, Zülfü Adıgözəlov
kimi nəhənglərdən
əxz etdiyim sehrlər-sirlər...”
Həmin sehr-sirlərdən doğan
izlər...
Bu qəribə
avazın sorağı
paytaxt aləminə də yayılır və bir gün
təkrarsız tarzən
Hacı Məmmədov
Sabirin səsini lentə almaq qərarına gəlir.
1961-ci ildə onun ifasında “Mirzə Hüseyn” segahı lentə köçürülür
və...
“Doğrudan
da, ifa çox
gözəl alındı,
radioda tez-tez səsləndirilməyə başladı.
Lakin təxminən 6 aydan sonra onu yenidən
səsləndirmək istədikdə,
itdiyini dedilər.
Yaman pərt oldum...”
“1965-də Baba Salahov ansamblının müşayiətilə “Bəstənigar”
və “Hisar” təsniflərim lentə alındı. Dedilər, bunlar
“möhür-ifalar” olacaq.
Dostlar məni “Bəstənigar” - deyə
çağırırdılar...”
“Bir
gün dedilər Adil Bəbirov Rübabə Muradovanın
ifasında mahnıları
lentə alır.
Yığışıb getdik studiyaya.
Lakin həmin məqamda Rübabə xanımın səsinin yerində olmaması üzündən lent yazılışı
alınmadı. Və birdən
Adil müəllim məndən səsimin yerində olub-olmadığını
soruşdu. Dedim,
pis deyil, dedi “dörd saat vaxtımız var, gəl, sənin səsini yazaq”. 20 dəqiqəlik məşqdən sonra, heç bir fasilə etmədən “Çahargah”ı, “Dəşti”ni, “Aşiqəm”i oxudum və tamamilə qüsursuz bir lent yazısı alındı...”
Belə... Neçə illərdi bizim “fitrətən” hesab edib, “zərurətən”
dinlədiyimiz bu mükəmməl ifalar, sən demə, təsadüfən yazılıbmış...
Bu xatirələrdən
doymaq olmasa da, gəlin, bu yazını onun “Uzun ömrün
akkordları” telefilmindəki
məşhur, təkrarsız,
ürəkləri riqqətə
gətirən “cəh-cəh”
sədalarını dinləyə-dinləyə
başa vuraq...
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 21 iyul.-
S.12.