“İslam mədəniyyətinin
paytaxtı”nda çoxsaylı mədəniyyət və turizm tədbirləri keçiriləcək
Nazir Əbülfəs Qarayev
Naxçıvanda muxtar respublikanın yerləşdirmə
obyektləri və turizm şirkətlərinin
rəhbərləri ilə görüşüb
İyulun 25-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektləri və turizm şirkətləri rəhbərlərinin görüşü keçirilib.
Görüşdən əvvəl qonaqlar Naxçıvan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra heyət şəhərdəki Heydər Əliyev Muzeyini ziyarət edib. Məlumat verilib ki, muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid 4500-dən çox eksponat var. Qonaqlar ümummilli liderin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərlə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrə aid sənəd və materiallarla tanış olublar.
Naxçıvan Dövlət Televiziyasına müsahibə verən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə 2018-ci ildə “İslam mədəniyyəti paytaxtı” tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat komitəsi yaradılıb”.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Təşkilat komitəsi tərəfindən müvafiq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir: “Təşkilat komitəsinin üzvləri müxtəlif dövlət orqanlarını təmsil edən, Azərbaycan mədəniyyəti ilə sıx bağlı olan şəxslər, təşkilat rəhbərləridir. 2016-cı ilin noyabr ayında Vasif Talıbovun sədrliyi ilə Təşkilat komitəsinin ilk iclası keçirilib, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilib və icrasına başlanılıb. Bugünkü səfərimizin məqsədi həm mədəniyyət ocaqlarının, həm də turist xidmətlərinin bir araya gətirilməsi üçün ciddi koordinasiya işi təşkil etməkdən ibarətdir. Bundan sonra keçiriləcək görüşlərdə digər ölkələrin təqdimatlarının keçirilməsi, eləcə də Naxçıvana qastrol səfərlərinin təşkili nəzərdə tutulur. Belə ki, Azərbaycan dövlət teatr truppalarının Naxçıvana qastrol səfərlərinin təşkili, digər mədəniyyət tədbirlərinin keçirilməsi, eyni zamanda, Naxçıvanın mədəniyyət imkanlarının Azərbaycanda təqdim olunması bu baxımdan maraqlı olar”.
Əbülfəs
Qarayev tədbirdə bu
istiqamətdə dəyərli təkliflərin irəli sürüldüyünü vurğulayıb:
“Turizm şirkətlərinin koordinasiya olunması qarşıda duran ən mühüm məsələlərdəndir.
Biz istəyərdik ki,
Naxçıvana müalicəvi turizm üçün gələnlər, həm də
mədəniyyət ocaqlarının imkanlarından
faydalansınlar. Bu gün
Ali Məclisin sədri ilə
görüşdə də bu məsələlər
müzakirə olunub. Mən tam əminəm ki, biz Naxçıvanı dünya
ictimaiyyətinə, sözün əsl mənasında,
islam mədəniyyətinin paytaxtı kimi təqdim etməyə müvəffəq
olacağıq. Görülən işlər buna
əsas verir. Hörmətli Prezidentimiz tərəfindən bu
ilin “İslam həmrəyliyi
ili” elan edilməsi bütün müsəlman
dünyasının Azərbaycana marağının
artmasına səbəb olub. Eyni zamanda, Bakıda IV İslam
Həmrəyliyi Oyunlarının keçirilməsi,
Naxçıvanın “İslam mədəniyyətinin
paytaxtı” elan olunması və silsilə
tədbirlərin təşkili islam
dünyasında Azərbaycanın nə qədər böyük bir mövqeyə
sahib olduğunu təsdiq
edir. Azərbaycan öz
multikultural ənənələri ilə
seçilən, mədəniyyətlər arasında körpü rolunu oynayan ölkədir. Bu imkanlardan səmərəli istifadə
olunmalı, mövcud potensialı nümayiş etdirmək üçün
silsilə tədbirlər keçirilməlidir”.
Mədəniyyət.- 2017.- 26 iyul.-
S.2.