TÜRKSOY Gənclik Kamera Orkestrinin yay konsertləri
Ankara və Bursada çıxış
edən kollektiv Balkan turuna çıxıb
Türk dünyasından gənc istedadların bir araya gətirilməsi
ilə yaradılan
TÜRKSOY Gənclik Kamera
Orkestri iyulun 21-də Ankarada keçirilən konsertlə sənətsevərlərə
unudulmaz musiqi gecəsi bəxş etdi. Prezident Simfonik Orkestri
(CSO) binasında keçirilən
tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın və Özbəkistanın Ankaradakı
səfirləri Abzal Saparbekuli, Ulfat Kadırov, çox sayda qonaqlar iştirak edirdi.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Türkiyə,
Başqırdıstan və
Tatarıstandan gənc
sənətçilər dirijorlar
Anvar Akbarov (Qazaxıstan) və Mustafa Mehmandarovun (Azərbaycan) idarəsi ilə dünya klassikləri və türk dünyası bəstəkarlarının
əsərlərini böyük
ustalıqla ifa etdilər.
Builki repertuarını tamamilə
yeniləyən orkestr
proqramını 26 maydan
10 iyuna qədər Bolunun Seben rayonunda
qurulan “Türk dünyası incəsənət
kəndi”ndə reallaşan
TÜRKSOY-un “Bəstəkarlar görüşü” layihəsi
iştirakçılarının əsərləri ilə zənginləşdirib.
Konsertdə bu layihəyə
qatılan Tatarıstan
bəstəkarı Alsu
Sungatullinanın "Şərq
müdrikliyi", türkmənistanlı
bəstəkar Rovsan Nepesovun "Fantaziya" əsərləri musiqisevərlərə
təqdim edildi. Türk dünyasının müxtəlif
ölkələrinin melodiyalarını
klassik musiqi orkestrinin ifasında dinləyən ankaralı musiqisevərlər Şərq-Qərb
mədəniyyətlərinin sintezi ilə ortaya çıxan əsərləri böyük
coşqu ilə ayaq üstə alqışladılar.
Tanınmış
azərbaycanlı xormeyster,
TRT Ankara Radiosu çoxsəsli
xorunun dirijoru Elnarə Kərimova
TÜRKSOY Gənclik Kamera
Orkestrinin ifa etdiyi əsərlərə
daha yüksək performans lazım olduğuna diqqəti çəkərək bildirdi
ki, kollektiv çox qabiliyyətli musiqiçilərdən formalaşıb:
“Dirijorların orkestri
idarə etməsi də eyni şəkildə
təqdirəlayiqdir. Türk dünyasının
gənc istedadları öz ifaları ilə məni heyrətləndirdi”.
İyulun 23-də isə orkestr
Bursada sənətsevərlərin
qarşısına çıxdı
və rəngarəng
konsert proqramı ilə onları sevindirdi. Konsertdən sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, dirijorlar Anvar Akbarov və Mustafa Mehmandarova Bursa Böyükşəhər
Bələdiyyəsi adından
xatirə plaketi təqdim edildi.
Bursada konsert proqramından
sonra TÜRKSOY Gənclik
Kamera Orkestri türk musiqisinin təbliği məqsədilə
Balkan ölkələrinə yola düşdü.
Orkestrin
Balkan turunun ilk konserti
Makedoniyanın Skopye şəhərində keçirilib.
İkinci konserti də bu il 57-ci dəfə təşkil ediləcək
Ohri Yaz festivalı çərçivəsində
təqdim olunacaq.
Orkestrin Balkan turu proqramına
Monteneqronun Podqoritsa, Bosniya və Herseqovinanın Sarayevo və Mostar şəhərlərində konsertlər
də daxildir. Səfər avqustun 2-də Serbiyanın
paytaxtı Belqradda təşkil olunacaq konsertlə yekunlaşacaq.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 26 iyul.-
S.8.