600 illik
bəşəri harayın
musiqi ifadəsi
Tarixdə elə faciəvi
hadisələr var ki, bəşəriyyətə
nümunə göstərilməyə
layiq olmasa da, olayların mərkəzində dayanan
şəxsiyyətlərin əqidə möhkəmliyi,
dünyəvi təfəkkürə
sahibliyi bu olayların yaşadılması
və tanıdılmasını
zəruri edir. Belə hadisələr sənətin
dili ilə ifadə olunanda onun təsir qüvvəsi birə-beş
artır.
Bu mənada
600 ildir yaddaşlardan
silinməyən, mütəfəkkir
şair İmadəddin
Nəsiminin (1369-1417) başına
gətirilən müsibət
dediklərimizə acı
bir örnəkdir.
Azərbaycan, eləcə
də Orta əsrlər Şərq ədəbiyyatının görkəmli
nümayəndəsinin amansızcasına
edam olunması nə qədər faciəvi olsa da, bəşəri amallar uğrunda canından keçməkdən
çəkinməyən şairin
dəyanəti yüksək
təqdirə layiqdir.
Orta əsrlərdə açıqfikirli adamları
əsassız dini ittihamlarla məhv etmək geniş yayılmışdı. Avropada inkvizisiya
daha amansız idi. XIII əsrin
əvvəllərində düşmənləri
ilə mübarizə
aparan katolik kilsəsi insanlara qarşı amansız tədbirlərə əl
atırdı. Din xadimlərinə,
dövlətin siyasətinə
qarşı çıxanları
ölüm gözləyirdi.
Dünyanın və yaşadığı
cəmiyyətin fəlsəfəsini
bədii sözün qüdrəti ilə açıqlayan Nəsiminin
ömrü də işgəncəli edamla bitdi. Dinsizlikdə ittiham edilərək dərisi soyulan söz ustadının yaradıcılığında Allahın qüdrətinə,
islam dininə
və onun peyğəmbərinin müdrikliyinə
həsr edilən bədii nümunələr
geniş yer alıb.
Nəsiminin faciəli taleyi
zaman-zaman müxtəlif
sənət adamlarının
diqqətini cəlb edib, diqqətəlayiq əsərlərin yaranmasına
vəsilə olub.
Musiqi elə bir qüvvədir
ki, insanın iztirablarını belə
unutdura bilir, bəzən də ağrı-acını əsrlərlə
yaşatmağa qüdrəti
çatır.
Görkəmli
bəstəkar, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin
“Nasimi Passion” əsəri
də mənəvi azadlığa, bəşəri
dəyərlərə, insani
sevgiyə, azadlıq və əmin-amanlığa
çağırış baxımından maraqlı
örnəkdir. Bu ilin aprelində Amsterdamda (Niderland Krallığı) bir daha bütün dünya altı əsr tarixi olan Nəsimi harayına diqqət kəsildi. Dünyaya çatdırılan bu haray, bu
çağırış isə Azərbaycandan gəlirdi. İnsanın fövqəlbəşər varlıq olmasını tərənnüm edən
Nəsiminin bəşəri
arzuları azərbaycanlı
bəstəkarın naxış-naxış
toxuduğu notlarla uzaq Avropaya səs
salırdı.
Bu yerdə qeyd edək ki, Avropanın nüfuzlu mədəniyyət
təşkilatlarından olan
“Amsterdam Royal Concert-Gebouw” tərəfindən
son illərdə müxtəlif
dinlərlə (pravoslav,
katolik, yəhudilik, buddizm) bağlı “İlahilər” layihəsi
həyata keçirilir.
Layihə çərçivəsində
müxtəlif dinlərə
məxsus görkəmli
bəstəkarlara əsərlər
sifariş olunur və səsləndirilir.
2015-ci ildə islam dininə həsr olunan ilahilərin bəstələnməsi
gündəmə gəlib.
Belə bir əsərin yaradılması Azərbaycan
peşəkar bəstəkarlıq
məktəbinin tanınmış
nümayəndəsi Firəngiz
Əlizadəyə həvalə
edilib və “Nasimi Passion” vokal-simfonik əsəri ərsəyə
gəlib. Əsər Nəsimi
həqiqətlərinin musiqi
dili ilə təsviridir və şairin Yaxın Şərq ədəbiyyatına
gətirdiyi mütərəqqi
ideyalar və fəlsəfi düşüncələrin
təzahürüdür.
Bəstəkarın
özünün də
dediyi kimi, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi
olan orta əsr sufi
fəlsəfəsi yanaşı
işlənib. Burada Qərbin
illər boyu maraqlandığı, amma
açarını tapa
bilmədiyi məsələyə
toxunulub. Əsərdə Şərq təfəkkürünün
və onun fəlsəfi ideyalarının
özəyini təşkil
edən tendensiyaların
müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə
malik ansambl üçün nəzərdə
tutulsa da, onun ifasında əsasən sufi
məclislərində istifadə
olunan musiqi alətlərinə müraciət
olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin
saxlanılmasından ibarət
olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi
ilə dinləyicini valeh edir. Bəstəkar
əsər vasitəsilə
Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir
mühitə qonaq edib, onların təsəvvüründə canlı
obraz yaradıb. Çünki öz ideyaları
uğrunda dönmədən
mübarizə aparması
və həqiqət yolunda canını qurban verməsi xalqın düşüncəsində
Nəsiminin müdrik qəhrəman obrazını
formalaşdırıb.
Bəstəkarın Şərq və
Qərbin konsepsiyası
əsasında sintezi böyük maraq doğurub. Milli musiqi alətləri
ilə yanaşı, violonçel, eyni zamanda səsin qarşılıqlı müştərək
istifadəsi bilavasitə
müəllifin aparıcı
ideya kimi götürdüyü Nəsimi
obrazının açılmasına
xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin
vəhdət yaradıb.
Bəs “Nasimi Passion” vokal-simfonik əsəri biz dinləyiciləri nələrdən agah edir? Əsər tarixin o tayından, ölməz Nəsiminin sirli dünyasından, onun dərvişanə ruhundan süzülüb gələn ritmləri müasir musiqinin dili ilə yüksək sənətkarlıqla çatdırır. Qalxıb enən harmoniyalar altı əsrdir çağlayan Nəsimi dühasının təzahürüdür. O bizi düşündürür, göylərə qaldırır. Bu fani dünyada insan ruhunun yerlə göy arasında heç zaman rahatlıq tapmadığını sübut edir. Süzülən notlar “Məndə sığar iki cahan...” deyən Nəsiminin eşqinə simfonik ruhda rəqs töhfəsi verir. Bu duyğularla dinləyici müasir dünyada baş verən siyasi proseslərə baxışını əsər vasitəsilə bir daha analiz edir. Dinləyici şairin Allaha və onun misilsiz qüdrətinə olan səmimi inamını hiss edir. Onun təfəkkürünü aydınlaşdıran bu inam əsərdə muğam parçalarından istifadə ilə daha təsirli diktə edilir.
Məlumdur ki, Fəzlullah Nəimi, İmadəddin Nəsimi və onların tərəfdarları hürufilik təliminin meyarlarına uyğun olaraq dini ehkamlara kor-koranə itaətin, dini dərindən öyrənmədən onun tələblərinə əməl etməyin, həmçinin dinləri qarşı-qarşıya qoymağın əleyhinə idilər. Təəssüf ki, bu gün də dünyada eyni çağırışlar öz aktuallığını qoruyub saxlamaqdadır. Elmin, texnikanın inkişaf etdiyi çağımızda həmrəyliyin, birliyin, etibar və sədaqətin xiffətini çəkirik. Nəsimi dini ehkamların, çağırışların elmi dərkinin zəruriliyini irəli sürürdü. Kamillik üçün sevgi ilə idrakın vəhdətini mütləq hesab edirdi.
İlahi sevgi Nəsimi üçün hər şeydir və bu sevgi onun ölüm fitvasına “əsas” olur. Bu kontekstdə “Nasimi Passion” əsərini “müsibəti-Nəsimi” də adlandırmaq olar. Necə acı təsadüfdür ki, 1417-ci ildə Nəsiminin edam olunduğu, hazırda UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş Hələb şəhəri 600 il sonra terrorçu və ekstremist qüvvələr tərəfindən xarabazara çevrilib, şairin sərdabəsi dağıntılara məruz qalıb. Sanki dahi şair ikinci dəfə edam cəzasına məruz qalıb. Ancaq Nəsimi elə bəşəri, humanist ideyalar miras qoyub ki, onun əbədi yaşama haqqına heç nə kölgə sala bilməz. Xalq şairi Rəsul Rzanın bir fikrini xatırlatmaq yerinə düşər: “Nəsimi elə bir zirvə, elə bir möhtəşəm abidədir ki, onun uzunömürlü yaşadılmasında əməyi olan hər kəsin zəhməti hörmət və təqdirəlayiq hal kimi dəyərləndirilməlidir”.
Görkəmli bəstəkar Firəngiz Əlizadənin bu əsəri bir daha sübut etdi ki, edama məhkum olunan Nəsiminin mənəvi ömrü daimidir. Hər notu ilə sanki tarix danışan “Nasimi Passion” həm də dünyamızın bu günündən və sabahından narahatlığın musiqi dili ilə əks-sədasıdır.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 26 iyul.-
S.11.