Ədəbiyyatşünas ömrü
Əməkdar
elm xadimi Azadə
Rüstəmova klassik poeziyamızın
nümayəndələri haqqında dəyərli tədqiqatların
müəllifidir
Klassik Azərbaycan poeziyasının tədqiqatçısı, Əməkdar elm xadimi Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1953-1956-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb və görkəmli şərqşünas, SSRİ EA-nın müxbir üzvü Y.E.Bertelsin elmi rəhbərliyi altında Füzulinin “Leyli və Məcnun” poeması mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Vətənə döndükdən sonra Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. Ədəbiyyatşünas alim 1971-ci ildə “XII-XVII əsrlərdə Azərbaycan epik şeirinin inkişaf yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1986-1991-ci illərdə Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri işləyib, 1990-cı ildə professor adını alıb. 1992-2000-ci illərdə Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü olub. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
300-ə yaxın elmi məqalənin, 20 kitab və monoqrafiyanın müəllifi olan alim klassik poeziyamızın nümayəndələri haqqında dəyərli araşdırmalar aparıb. Onun “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Əsrlərin addımları”, “Fələki Şirvani”, “Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası”, “Məhəmməd Füzuli”, “Mütəfəkkir Mövlanə Füzuli”, “Nizaminin poeziya sələfləri”, “Mövlanə Cəlaləddin Rumi” adlı kitabları ədəbi ictimaiyyətin yaxşı tanıdığı tədqiqatlardır. “Nizami Gəncəvi” kitabçası Azərbaycan, rus, ingilis və fars dillərində dəfələrlə nəşr edilib.
Azadə Rüstəmova 1971-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib, 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2005-ci il martın 19-da vəfat edib.
Mədəniyyət.- 2017.- 26 iyul.-
S.14.