İlk rəsmli “Hophopnamə” necə
yarandı?
Bir əsərin tarixçəsi
Şeirləri yazıldığı gündən dillər əzbəri olan və bu günə kimi də aktuallığını itirməyən Mirzə Ələkbər Sabirin sağlığında kitabının çap olunmaması çoxlarına qəribə görünsə də, bu acı həqiqətdir. Şair dəfələrlə belə bir arzuda olduğunu bildirsə də, maddi sıxıntılar üzündən istəyi reallaşmamışdı...
Sabirin sağlığında gerçəkləşməyən arzusunu - kitabının çap olunması məsələsini vəfatından sonra əqidə dostları və pərəstişkarları qaldırdılar. Görkəmli ədəbiyyatşünas-alim Abbas Zamanovun təbirincə desək, “Müasirləri Sabirin ölümünə acımaqla kifayətlənmədilər. Nə vasitə ilə olursa-olsun böyük şairin zəngin bədii irsini toplayıb nəşr etmək təklifini meydana atdılar. Onlar yazırdılar ki, başqa xalqlar Sabir kimi böyük sənətkarlarına heykəl qoyurlar. Ancaq hələlik bizim buna imkanımız yoxdur. İndi şairin pərakəndə halda olan əsərlərini toplayıb, xalqın malı etməklə - ona yaxşı heykəl tikmiş olardıq”.
“Yeni irşad”, “Məlumat” və “Kaspi” qəzetlərində yer alan bu çağırışlara birinci olaraq dramaturq Nəcəf bəy Vəzirovun qızı, müəllimə Sara xanım Vəzirzadə səs vermişdi. O, “Yeni irşad” qəzetinə göndərdiyi məktubda Sabirin əsərlərinin nəşri üçün “öz məvacibindən beş manat ayırdığını” bildirib, “sahibi-sərvət qardaşlarını və bacılarını da” bu çağırışa qoşulmağa dəvət etmişdi.
Əlavə edək ki, Sabirin əsərlərinin nəşri üçün ilk təşəbbüsün bir qadın tərəfindən edilməsi o zaman ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdı. “Yeni irşad”da dərc olunan bir məqalədə isə Sara xanımın addımı bir vaxtlar xəstə Sabirin köməyinə çatan Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın təmənnasız qayğısı ilə müqayisə olunmuşdu. Bir sözlə, bundan sonra kitabın nəşri üçün ianə toplanmasına başlanmışdı.
Toplanan vəsait hesabına 1912-ci ilin payızında Abbas Səhhət və Mahmud bəy Mahmudbəyovun səyi ilə hazırlanmış 104 səhifəlik kitab “Hophopnamə” adı ilə çap olundu. Naşirlər kitabı Sabirin daha məşhur olan “Hophop” təxəllüsü ilə bağlayaraq, “Hophopnamə” adlandırmışdılar. Ancaq toplanan vəsaitin azlığı üzündən bu kitaba rəsmlər daxil edilməmişdi.
Həmin kitabın çox tezliklə satılıb qurtarması Sabirin sağlığında qazandığı el məhəbbətinin nəticəsi idi. Odur ki, onu yenidən nəşr etmək ehtiyacı yaranır. Bu məqsədlə, yəni ikinci nəşri hazırlamaq üçün mütərəqqi ziyalılar üç nəfərdən (yazıçı Seyid Hüseyn, müəllim Mahmud bəy Mahmudbəyov və jurnalist Mehdi bəy Hacınski) ibarət komissiya yaradırlar. Onlar birinci nəşrdə şairin əksər şeirlərinin yer almadığını nəzərə alıb, yeni və mükəmməl nəşrə şairin məlum irsinin hamısını daxil etməyi qərara alırlar. Şeirlərin əyaniliyi üçün yeni kitabın rəngli şəkillərlə (illüstrasiyalarla) çap olunması ideyası əlavə xərc tələb etsə də, hamının ürəyincə olur. Bu işə o vaxt gənc olan və rəsmləri “Molla Nəsrəddin” jurnalında çap olunan Əzim Əzimzadə cəlb olunur.
1914-cü ildə “Hophopnamə” nəfis şəkildə çapdan çıxır. Sonradan “Rəssamlığımızın Sabiri” adlandırılacaq 34 yaşlı Ə.Əzimzadə şairin müxtəlif şeirlərinə çəkdiyi 24 illüstrasiyada qeyri-adi sənətkarlıq nümunəsi göstərir və kitab ictimaiyyət tərəfindən maraqla qarşılanır...
Yaddaqalan təsviri sənət nümunələri yalnız rəssamın müraciət etdiyi mövzuya əhatəli münasibətindən, onu hərtərəfli öyrənməsindən və mahiyyətinə dərindən nüfuz etməsindən sonra yaranır. Bu baxımdan Əzim Əzimzadənin bu günə kimi də özünün yüksək bədii-estetik dəyərini itirməyən Mirzə Ələkbər Sabir ünvanlı əsərlər yaratmasının kökündə, ilk növbədə, onun Azərbaycan həyatına və tarixinə, zəngin etnoqrafiyasına, adət-ənənələrinə və maddi mədəniyyət nümunələrinə kifayət qədər bələdliyi durur. Bu bələdçilik böyük vətəndaş şairin millətinin təzadlı keyfiyyətlərini uzaqdan “oxumaq” bacarığını duyması ilə qoşalaşdığından nəticəsi uğurlu olub və yaratdığı əsərlər reallığı ilə cəlbedici, sərtliyi ilə həm ittihamedici, həm də düşündürücü olan bədii qaynağa çevrilmişdir.
Heç bir ixtisas təhsili almadan ona ayrılmış 63 illik ömür payında ruhunda gəzdirdiyi missiyanı reallaşdırmaqla fenomenə çevrilən Əzim Əzimzadə sənətinin mayasında, heç şübhəsiz, Allah vergisi ilə yanaşı, onun yaradıcılığının ilk günündən o dövrdə “Sizi deyib gəlmişəm”i şüarına çevirən “Molla Nəsrəddin” kimi böyük bir məktəblə bağlı olması dururdu. Bu gün duyulası zaman distansiyasından inamla “Molla Nəsrəddin” jurnalının həm M.Ə.Sabirin, həm də Ə.Əzimzadənin yaradıcılığında ölçüyəgəlməz rol oynadığını söyləyə bilərik. Cəlil Məmmədquluzadənin təbirincə desək, doğrudan da, “Molla Nəsrəddin” həm də öz dövrünün böyük bir məktəbi idi.
“A şirvanlılar” şeirinə çəkilən ilk cəlbedici və düşündürücü illüstrasiya ilə başlanan “Hophopnamə”nin sonrakı rəsmlərində də hər bir obraza cəlbedici psixoloji tutum verilməsinə, təqdim olunan motivin təsirliliyinə nail olmaq istəyinə şahidlik etmək mümkündür. Bu mənada “Rəssamlığımızın Sabiri”nin “Hophopnamə”dən ilhamlanaraq yaratdığı hər bir obraz, sözün əsl mənasında, şairin tutumlu poetik misralarının obraz səviyyəsinə qaldırılmış “portreti”dir. Rəssamın şair yaradıcılığını bədiiləşdirməsinin nəticəsi oxucunun gözləri qarşısında çox koloritli, bir an belə unudulmayacaq obrazlar qalereyasının canlandırılmasıdır. Bir az əvvələ gedərək deyək ki, “Hophopnamə”yə Ə.Əzimzadə gözü ilə baxmaq az qala “qanuniləşdiyindən” bəziləri onu başqa bir rəssamın tərtibatında görmək istəmirdilər.
Əzim Əzimzadənin yaratdığı obrazlar qalereyasında yer alanlar, poetik misralarda olduğu kimi, koloritli və yaddaqalandır. Reallıqla bədii ümumiləşdirmənin qovşağından “yoğurulmuş” belə obrazlar “Hophopnamə” oxucusunun ən müxtəlif təbəqəliləri üçün anlaşılandır. Bu bədii görüntülər nə qədər rəssamın şair misralarına nüfuzetməsidirsə, bir o qədər də şairin yaşadığı mühitin, bütünlükdə isə cəmiyyətin əksidir. Bu bütün mənalarda mövcud olanın, sadəcə, “əks”idir, ona görə də şeirlərdə olduğu kimi rəsmlərdə də çoxları özlərini görürlər. “Bir belə”, “Əkinçi”, “Sual-cavab”, “Qoyma, gəldi!”, “Babıdır!” və s. azfiqurlu kompozisiyalar bunun gözəl əksidir.
1914-cü il “Hophopnamə”sinə Ə.Əzimzadənin çəkdiyi bir çox illüstrasiyalar isə süjetlərin çoxfiqurlu olması ilə fərqlənir. Bunu, heç şübhəsiz, rəssamın şeirin daşıdığı məzmun yükünün əhatəliliyini göstərmək istəyi ilə də əlaqələndirmək olar. Onun “Bu boyda!”, “Nə işim var?”, “Oxutmuram, əl çəkin!” və digər şeirlərə çəkdiyi illüstrasiyalar fikrimizi təsdiq edir.
M.Ə.Sabirin yaradıcılığı, heç şübhəsiz, həm də zəmanəsinin bədii güzgüsü olması ilə dəyərlidir. Bu ayna nə qədər sərt olsa da, realdır - gerçəkçidir. Odur ki, şeirdən-şeirə biz Azərbaycanın XIX əsrin sonu - XX əsrin əvvəlləri mənzərəsindəki təzadları bütün əlvanlığı ilə görə bilirik. Qeyd olunanların rəssam üçün nə qədər zəngin təsvir materialı olduğunu söyləməyə, yəqin ki, heç ehtiyac da yoxdur. Şübhə etmirik ki, “Hophopnamə”də zəngin xarakterlər ensiklopediyası ilə qarşılaşan rəssam onları böyük həvəslə bədiiləşdirib. Nəticədə şeirlərin özü kimi baxımlı və düşündürücü təsvirlər - süjetli lövhələr və özünəməxsus obrazlar yaranmışdır...
Ə.Əzimzadənin 1914-cü il “Hophopnamə”sinə baxışının özünəməxsusluğundandır ki, ondan sonra da müxtəlif rəssamlar bu əvəzsiz poetik qaynağa nə qədər obrazlı bədii görkəm versələr belə, onun münasibəti özündə məzmunla illüstrasiyanın çox uğurlu və cəlbedici vəhdətini hifz etdiyindən Azərbaycan kitab qrafikası sənətinə dəyərli töhfə hesab olunmaqdadır...
Ziyadxan Əliyev
Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2017.-28 iyul.- S.12.