Naxçıvanda arxeoloji
tədqiqatlar yeni faktlar
üzə çıxarıb
Naxçıvan şəhərində aparılan arxeoloji tədqiqatlar şəhərdə məskunlaşmanın tarixi ilə bağlı yeni faktlar üzə çıxarıb.
Arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba qədim yaşayış yerlərinin tədqiqi zamanı götürülən karbon analizlər həmin abidənin eradan əvvəl V minilliyin birinci yarısına aid olduğunu göstərib. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkarlanan yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir.
Vəli Baxşəliyev deyib: “Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerində aşkar olunan Eneolit mədəniyyəti indiyədək izolyasiya edilmiş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkarlanmamışdı. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir”.
AMEA-nın müxbir üzvünün sözlərinə görə, arxeoloji araşdırmalar göstərir ki, Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki Eneolit abidələrində istifadə olunan obsidianın 95 faizi Naxçıvan yaxınlığındakı Sünik yatağından aparılıb. Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 60 faiz Göyçə, 30 faiz Sünik obsidianından istifadə olunduğunu göstərir.
Naxçıvan yaşayış yerində araşdırmalar iyulun 10-da başlanıb və hazırda davam etdirilir.
Mədəniyyət.- 2017.- 28 iyul.-
S.13.