“Uzundərə” rəqsi Çində maraqla qarşılanıb

 

 

   Uxan Universitetində təhsil alan azərbaycanlı tələbə müsabiqədə birinci olub

  

   Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə tələbəsi Ayan Kərimova hazırda Çinin Uxan Universitetində təhsilini davam etdirir.

   ADU-dan bildirilib ki, A.Kərimova Uxan şəhərində keçirilən “Sakura” beynəlxalq rəsm sərgisi müsabiqəsində fərqləndirici sertifikata layiq görülüb. O, Uxan Universitetində xarici tələbələr arasında keçirilən “Miss and Mister Uxan” yarışmasında Azərbaycanı “Uzundərə” rəqsi ilə təmsil edərək xanımlar arasında birinci yerə layiq görülüb. Həmçinin ADU tələbəsinin təqdim etdiyi Azərbaycan milli geyimi və rəqsi böyük maraqla qarşılanıb.

   A.Kərimova, eyni zamanda Suizhou şəhərinin kollec tələbələri ilə görüşüb, Çin tələbələrinin Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı sualları cavablandırıb.

   Görüş zamanı “İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı” kitabının təqdimatı olub. Kitab Prezident İlham Əliyevin 2003-2017-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətə həsr edilib.

   Azərbaycanlı tələbələr Çinin aparıcı ali məktəblərində təhsil alırlar. ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, tələbələr eyni zamanda ölkəmizi Çin ictimaiyyətinə tanıtmaq məqsədilə müxtəlif tədbirlər təşkil edirlər.

 

 

 

Mədəniyyət.- 2017.- 28 iyul.- S.15.