Müasir dünyada xalqların milli özünüdərki

 

 

 

   Bakıda beynəlxalq konfrans keçirilir

  

   İyunun 1-də Bakıda “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

   Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Misir, İsrail, Qazaxıstan və Özbəkistandan nümayəndələr, elmi tədqiqatçılar iştirak edirlər.

   Qərb Universitetinin rektoru, professor Andris Leitas konfransın proqramı barədə məlumat verib. Rektor qeyd edib ki, tədbirdə İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması onların milli dövlət quruculuğu prosesinə təsiri, bu münaqişələrin beynəlxalq iqtisadi mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında müzakirələr aparılacaq.

   Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda dinindən, irqindən asılı olmayaraq dövlətin hər bir vətəndaşın təhsil almasına təminat verdiyini bildirib.

   BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai və digər çıxış edənlər İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi yollarına dair fikirlərini bölüşüblər.

   Konfrans işini bölmə iclaslarında davam etdirib. İyunun 2-də konfransda mövzu ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

 

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.3.