Yaxşılıq zülmətə işıq salar

 

 

   Onsuz da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının sənət missiyası budur: teatrla məktəbin, sənətçilərlə sənətsevərlərin əlaqəsinin, ünsiyyətinin möhkəmlənməsi. Lakin bu missiyanın yerinə yetirilmə üsulları da fərqli ola bilər.

   İyunun 1-də - Beynəlxalq uşaqları müdafiə günündə teatr maraqlı bir layihə təqdim etdi. Bakıdakı 6 saylı məktəb-liseyin şagirdləri teatrın səhnəsində peşəkar aktyorlarla birlikdə səhnəyə çıxdılar. Fatimə Hüseynova, Nailə Nurəliyeva, Ayla İsmayılova, Selcan Mehdi, Leyla Budaqova, Əli Həşimli, Əsəd Əliyev, Ənvər İslamov, Cəbrayıl Hacıyev, Murad Nağızadə, Nadir Qəhrəmanov, Süleyman Kəlbixanov, Yusif Rəhmanlı, Maqsud Hənifəyev, Kamran İmaməliyev, İsmayıl İsmayılov və başqaları «Məlikməmməd» nağıl-tamaşasının premyerasında səhnəni aktyorlarla paylaşdılar.

   Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Ağaxan Salmanlı, 6 saylı məktəb-liseyin direktoru, Əməkdar müəllim Gülşən Orucova çıxış etdilər.

   Mübariz Həmidov balaca tamaşaçıları bayram münasibətilə təbrik edərək, bu günün yaranma tarixindən, tamaşa üzərində birgə hazırlıqlardan danışdı.

   Gülşən Orucova isə bəzən peşəkar aktyorlarla işləməyin çətin olduğunu deyərək, təxminən iki aydan bəri məktəblilərin də əziyyətini çəkdikləri üçün teatrın rəhbərliyindən, tamaşanın yaradıcı heyətindən halallıq istədi.

   Ömrünü gənc nəslin teatr zövqünün formalaşmasına həsr etmiş Ağaxan Salmanlı isə bu tamaşada təkcə məktəblilərin deyil, həm də tələbələrin də əməyi olduğunu vurğuladı. Belə ki, tamaşadakı rəqslərə Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Elvin Nuri quruluş verib, geyimlərin eskizini isə Bakı Rəssamlıq Akademiyasının tələbəsi Ləman Salmanlı cızıb.

   Məşhur nağıl əsasında hazırlanmış tamaşanın rejissoru Elnur Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, videokompüter qrafikaçısı Ramiq Nəsirovdur.

   Tamaşada teatrın aktyorları Rəşad Səfərov, Rövşən Abbasov, Anar Seyfullayev, Ramiq Məmmədov, Ramiq Nəsirov, Elgün Yəhyayev, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Müşfiq Əliyev, Simuzər Ağakişiyeva, Yasəmən Məmmədova, Aygün Fətullayeva, Zümrüd Quliyeva və başqaları çıxış edirdi.

   İnanırıq ki, əsas leytmotivi qarşılıq gözləmədən yaxşılıq etmək, təkcə özünü deyil, başqalarını da düşünmək olan «Məlikməmməd» tamaşası həm səhnəyə çıxan, həm də sinif yoldaşlarını salondan seyr edən məktəblilərin yadında maraqlı bir eksperiment olaraq qalacaq.

   Tamaşanın növbəti nümayişlərində bütün rollarda teatrın aktyorları çıxış edəcək.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.4.