Bakı Xoreoqrafiya
Akademiyası “Yeddi gözəl” baletini təqdim edib
Mayın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Xoreoqrafiya Akademiyası (BXA) tələbələrinin ifasında ilk dəfə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdirilib.
Tələbələrin buraxılış-hesabat tamaşası olan səhnə əsəri həm də BXA-nın “İslam həmrəyliyi ili”nə həsr olunmuş növbəti layihələrindən biridir.
Balet tamaşasında baş rolları tələbələr Fatimə Xələfova, Qəmər Almaszadə adına Klassik və milli rəqs üzrə I Beynəlxalq müsabiqənin laureatları Seymur Qədiyev, Dinara Şirinova və Nurlan Rəsulov ifa edib.
Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan tamaşanın bədii rəhbəri BXA-nın bədii rəhbəri, Xalq artisti, Prezident mükafatçısı Kamilla Hüseynova, repetitor akademiyanın müəllimi, balet artisti Fərid İbrahimov, müəllimlər BXA-nın Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə, Baletmeyster kafedrasının müdiri, professor Lyudmila Həsənova və Yekaterina Mustafayevadır. Tamaşanı Əməkdar artist, Prezident mükafatçısı Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri müşayiət edib.
Qeyd
etmək lazımdır ki, Q.Qarayevin
“Yeddi gözəl” baleti
bu təhsil ocağının 90 illik tarixində ilk dəfə
tələbələrin iştirakı ilə tam
şəkildə səhnələşdirilib. Tamaşanı
Mədəniyyət və Turizm Nazirliyinin, digər qurumların nümayəndələri,
Türkiyənin ölkəmizdəki səfiri Erkan
Özoral, ABŞ və digər xarici ölkələrin diplomatik
korpus təmsilçiləri izləyib.
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.8.