“Mədəniyyət əlaqələrin
qurulmasında çox mühüm
amildir”
Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında
diplomatik əlaqələr
1992-ci il 29 aprel tarixində qurulub. 2011-ci ilin
avqustundan Azərbaycanın
bu ölkədə səfirliyi fəaliyyət
göstərir. CAR-ın Türkiyədəki
səfiri Pule İsaak Malefane isə eyni zamanda
Azərbaycanda da akkreditə olunub. Onunla söhbətimizdə iki ölkə arasında mədəniyyət, turizm
və digər sahələrdə münasibətlərə
toxuduq.
- Cənab səfir, ölkələrimiz
arasında ikitərəfli
mövcud əlaqələrin
səviyyəsini necə
dəyərləndirirsiniz?
- Münasibətlərimiz
çox səmimidir. Ölkəmizdən Bakıya nümayəndə
heyətləri gedir.
Mən özüm Bakıya səfər etmişəm.
Yüksək səviyyəli görüşlərə
gəlincə, Cənubi
Afrika Respublikasının
beynəlxalq əlaqələr
və əməkdaşlıq
naziri Bakıda Azərbaycan Respublikası
Prezidenti tərəfindən
qəbul olunub. Bu səfər əlaqələrimizin
möhkəmlənməsinə və yaxşılaşdırılmasına
zəmin olmuşdur.
Biz həmçinin öz maraqlarımızı
daha yaxşı təmsil etmək üçün Azərbaycana
fəxri konsul təyinetmə prosesindəyik.
- Azərbaycana
səfir təyinatını
necə qarşıladınız?
- Səfir təyinatından öncə
heç vaxt Azərbaycanda olmamışdım.
Buna görə də narahat idim ki, məni
nə gözləyir.
Etimadnaməmi təqdim
etməyə gedərkən
məni nazirlər, səfirlər və biznes ictimaiyyəti ilə tanış
etmək üçün
bir görüş-tədbir
keçirildi. Mən Azərbaycanın
çox sakit, maraqlı bir ölkə olduğunu gördüm. Azərbaycan hökuməti,
biznes ictimaiyyəti və yerli insanlar
tərəfindən çox
isti qarşılandım.
Beləliklə, həqiqətən, Azərbaycana səfir təyinatım məni yaxşı mənada həyəcanlandırdı.
- CAR iqtisadi baxımdan inkişaf etmiş ölkədir. Bu baxımdan ölkələrimiz
arasında iqtisadi əlaqələri, məsələn,
elə turizm əlaqələrini necə
dəyərləndirmək olar?
- Mən
Bakıya səfər
edəndə Azərbaycan
Xarici İşlər
Nazirliyində müzakirə
etdiyim məsələlərdən
biri də iqtisadi əlaqələr idi. Bizim indikindən daha
çox ünsiyyətə
ehtiyacımız var. Aramızda
informasiya mübadiləsi
aparmaq lazımdır.
İki ölkənin iqtisadi münasibətləri üçün
o qədər böyük
potensial var ki. Hərbi-sənaye kompleksi sahəsində
əməkdaşlıq edə
bilərik. Digər sahələrə
də imkanlar çoxdur.
Azərbaycan Afrikada o qədər
tanınan yer deyil. Buna nail olmaq üçün elə turizm əlaqələrindən başlaya
bilərik. Qarşılıqlı turizm əlaqələrindən
sonra başqa imkanlarımızı da aşkarlaya bilərik.
Azərbaycan özünün biznes imkanlarını təqdim edə bilər. Biz may ayında
keçirilən ən
böyük turizm sərgilərindən birinə
- INDABA sərgisinə ev sahibliyi edirik. Bu sərgidə
Cənubi Afrika bütün dünyanın
marağını cəlb
edir. Növbəti ildə Azərbaycan
turizm şirkətləri
də bu sərgidə iştirak edəcək. Bu, bizim əlaqələrimizin
inkişafına kömək
edə bilər.
- Necə düşünürsünüz, Azərbaycan turisti üçün Cənubi
Afrikadakı hansı turizm növləri daha maraqlı ola bilər?
- Bu insanların
seçimindən, tarixi
maraqlarından, ambisiyaları
və arzularından asılıdır. Məsələn, onlardan bəziləri idman tədbirlərinə,
bəziləri tibbi əməliyyatlara, digər
qismi də ölkəni gəzməyə
gəlir. Təbii ki,
ölkəyə gələn
turistlər nəqliyyat
və digər vasitələrdən istifadə
edəcək və buna görə pul xərcləyəcəklər.
Cənubi Afrika çoxlu turizm növlərinin - vəhşi
təbiətlə təmas,
ailə səfərləri,
mədəni turizm, idman tədbirləri və s. qarışığı
olan bir ölkədir. Azərbaycan
vətəndaşları üçün
də ölkəmiz zövq alma məkanı
ola bilər. Turistlər ölkəmizə əsasən
Avropa, Asiya, Afrika və Latın Amerikasından gəlir. Biznes turizmi, yəni
biznes qurmaq üçün ölkəyə
gələn insanlar da var. Ölkəmizdə biznes, infrastruktur və bank sistemi çox yaxşı təşkil olunub. Turizm isə CAR-ın əsas iqtisadi sektorlarından biridir.
- Mədəniyyət
insanların yaxınlaşması
üçün əsas
vasitələrdən biridir.
Azərbaycan bu sahəyə
böyük önəm
verir. Bakı hər iki ildən
bir Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi
edir.
- Bəli, sizinlə razıyam. Mədəniyyət əlaqələrin qurulmasında çox mühüm amildir. Mədəni
münasibətlər konkret
olaraq ölkələr
arasında diplomatik əlaqələr deməkdir.
Məsələn, CAR-da baş
tutan Azərbaycan milli günündə yerli Cənubi Afrika mədəniyyət qrupları mədəni proqramla çıxış
etdilər. Onlara Azərbaycan
milli rəqsləri və mahnılarının
necə ifa edilməsi öyrədilmişdi.
Beləliklə də, görürük
ki, mədəniyyət
münasibətləri inkişaf
etdirmək üçün
bizə lazım olan əsas məqamlardan biridir. Bundan başqa, biz ölkəmizin
milli günlərindən
birini Azərbaycanda qeyd edə bilərik.
Biz Azərbaycanla mədəni mübadilə
proqramları da təşkil edə bilərik, bizim incəsənət kollektivləri
Azərbaycanda çıxış
edə bilər.
Bununla da insanlarınız görəcək ki, biz mədəni imkanlarımız
baxımından nələri
təklif edə bilərik.
- Bildiyimizə görə, bu günlərdə bir sıra görüşlər keçirmək üçün Bakıya səfər etmisiniz. Bu səfərin əsas məqsədi nə idi?
- Əsas məqamlardan biri o oldu ki, iki ölkə arasında diplomatik təlim üzrə əməkdaşlıq haqqında razılaşma imzaladıq. Belə ki, Azərbaycan Diplomatik Akademiyası diplomatların təlim-tədrisi ilə bağlı CAR-dakı diplomatik institutlarla əməkdaşlıq edəcək. Bizim gələcək diplomatlardan bəziləri treninq üçün Azərbaycana gələcək. Bu da öz-özlüyündə ölkələrimizin birgə gördüyü işlərin nəticəsidir. Beləliklə, bu yolla da biz əlaqələrimizi inkişaf etdirə bilərik.
- Azərbaycanı necə gördünüz, hansı təəssüratlar yarandı sizdə?
- Mən yalnız Bakıda olmuşam. Bu, müasir bir şəhərdir. Bakıda zəngin mətbəx, restoranlar, mağazalar ilə bağlı geniş seçim imkanları var. Hətta gecə saatlarında belə kifayət qədər gözəl və cəlbedici şəhərdə belə yerlər tapmaq mümkündür. Qədim şəhərdə də oldum. İnsanlarınız çox qonaqpərvərdir.
- Sizcə, insanlarımız arasında oxşarlıq varmı?
- Azərbaycan insanları istiqanlıdır. Bu xüsusiyyət bizim insanlarımızda, ümumiyyətlə, bütün Afrika insanlarında da var. Məsələn, mən Bakını təkcə gəzdim. Küçədə hər hansı bir narahatlıq hiss etmədim. İnsanlar öz işləri ilə məşğul idi. Onlar sadəcə məndən nəzakətlə haradan olduğumu soruşdular. Hətta mənə başqa yerləri göstərməyi də təklif etdilər. İnsanlar kim olduğunu bilmədən də sənə mülayim münasibət göstərir.
- Yəqin Azərbaycanın ən böyük problemi barədə məlumatınız var? CAR-ın Qarabağ konfliktinə münasibətdə mövqeyi necədir?
- Biz Birləşmiş Millətlər Təşkilatının qətnamələrini dəstəkləyir və münaqişə yaradan hər hansı vəziyyətə qarşıyıq. Münaqişə nəticəsində günahsız insanlar həyatını itirir. BMT-nin bu münaqişə ilə bağlı qətnamələrinin həyata keçirilməsi onun həlli baxımdan ən yaxşı bir yoldur.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.10.