Ekran incisi
“O
olmasın, bu olsun” filminin ekranlara
çıxmasının 60 illiyi
münasibətilə
60 il öncə - 4 iyun 1957-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “O olmasın, bu olsun” musiqili komediya filmi ekranlara çıxıb. 60 yaşlı ekran əsəri bu gün də ekran cazibəsini qoruyur, bədii təsir qüvvəsini itirmir. Filmin hər epizodunda Üzeyir bəyin qələmə aldığı dövrün, zamanın nəbzi, nəfəsi və ruhu aydın duyulur. "O olmasın, bu olsun" eyni zamanda milli kino tariximizdə çəkilən ilk rəngli bədii filmdir.
Hüseyn Seyidzadəni filmin çəkiliş meydançalarına gətirən yol heç də hamar olmur. 1942-ci ildə lentə aldığı qısametrajlı “Sovqat” filmindən sonra kino rəhbərliyi H.Seyidzadənin bədii filmlər üzrə birinci kateqoriyalı ikinci rejissor ştatında olduğunu əsas gətirərək ona tammetrajlı film verməkdən imtina edir.
Beləliklə,
o, Moskvaya getmək məcburiyyətində
qalır. Bu illərdə "Lenfilm",
"Mosfilm", Qorki adına kinostudiyalarda
rejissor assistenti, ikinci rejissor işləyir. Onun alovlu sənət
sevgisi, fitri rejissorluq istedadı, yüksək peşəkarlığı
Mixail Romm, Vsevolod Pudovkin, Qriqori Aleksandrov kimi rejissorların nəzərindən yayınmır.
Onlar Azərbaycanın kino rəhbərliyinə Hüseyn
Seyidzadəyə müstəqil
quruluş vermək üçün məktubla
müraciət edirlər.
Nəhayət, rejissor uzun
fasilədən sonra filmin çəkilişlərinə
başlayır.
Qeyd edək ki, hələ 1918-ci ildə
Yalta studiyasında Üzeyir
Hacıbəylinin "O olmasın,
bu olsun" operettasının ekranlaşdırılmasına
ilk cəhd göstərilir.
Lakin o filmin taleyi uğursuzluqla
nəticələnir. Filmdə aktyor oyunu sönük
və zəif təsir bağışlayır.
Rejissorların şərhində Üzeyir Hacıbəylinin
qələmə aldığı
mövzuya yanlış
münasibət, ciddi təhriflər yer alır. Odur ki, tamaşaçı
toplamayan, operettanın
mənasını çatdıra
bilməyən filmin nümayişi tezliklə dayandırılır.
İlk ekran cəhdinin
yaradıcılarından fərqli
olaraq Hüseyn Seyidzadə Üzeyir Hacıbəylinin operettasına
yüksək sənətkar
həssaslığı ilə
yanaşır. Dahi bəstəkarın
yaratdığı parlaq,
komik obrazları orijinal rejissor üslubu ilə olduğu kimi canlandırılmasına nail olur.
O, filmin quruluşçu
rəssamları Cəbrayıl
Əzimov və Nadir Zeynalov, quruluşçu
operator və geyim rəssamı Əlisəttar
Atakişiyevlə birgə
pavilyon və natura çəkilişlərində
dövrün tarixi ruhunu nəzərdən qaçırmır. Obrazların kostyum
və qrimində xarakterin bədii əksinə xüsusi önəm verir. Çəkilişlərdə işıq, rakurs,
kompozisiya elementlərinə
həssaslıqla yanaşır.
Cəsarətli rejissor şərhini
dahi bəstəkar Üzeyir Hacıbəylinin
sənət məramı
ilə məharətlə
birləşdirir.
Hüseyn Seyidzadənin kinorejissor
sənətkarlığı ifadəli aktyor oyununda, bitkin səhnələrdə, musiqili
komediya janrının
poetikasına incədən-incəyə
bələdliyində özünü
aydın göstərir.
O, məharətlə Üzeyir
Hacıbəylinin dəst-xəttini,
əsərin ümumi
ruhunu və nəfəsini qorumaqla bərabər filmə əsərdə olmayan səhnələr daxil edir. Rüstəm bəyin evindəki
ziyafətdəki mübahisə,
tipik obrazların rəng müxtəlifliyi,
bazarda qoçuların
atışması, hamam
səhnəsi rejissor tərəfindən əlavə
olunur.
"O olmasın,
bu olsun" filminin epizod və dialoqlarının xalq arasında zərbi-məsəl kimi yaşaması da onun uzunömürlü ekran həyatının yeni bir ifadəsidir.
Hər obrazın özünəməxsus
fərqli danışıq
üslubu, leksikası,
dili filmin bədii məziyyətlərindəndir.
Qəribə də olsa, milli
kinomuzun “qızıl fondu”na daxil
olan film ilk ekran baxışlarında kəskin
tənqidlə qarşılanır.
Nüfuzlu rəhbər
şəxslərdən birinin
gözü butafor güldə albalı ağacının yarpağı
olduğunu alır... Və kinorejissoru diqqətsizlikdə
günahlandırır. Yuxarıdan gələn münasibətin
ifadəsi kimi mətbuatda kəskin, qərəzli tənqidlər
dərc olunur.
"Müvəffəqiyyətsiz film"
adlı resenziyadan sətirlər:
"Hər
şeydən əvvəl
filmdə Məşədi
İbadın obrazı
yoxdur. Bu rolu ifa edən
artist Ağayev gözəl
yumora malik bacarıqlı aktyordur, ancaq o, bu filmdə
qəti Məşədi
İbad deyil. Bu hal bir daha göstərir ki, filmin rejissoru
Seyidzadə filmin təməlini düzgün
qoymayıb. Buna görə də Məşədi İbad zavallı, tapdalanmış
və Rüstəm bəyin növbəti fırıldaqçılığının
qurbanı kimi alınıb".
Amma həqiqətən də, sənət əsərinin ən böyük hakimi zamandır. İllərdən
sonra keçmiş
"Soveksportfilm" Ümumittifaq
Birliyinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçılar İttifaqının
birinci katibi Həsən Seyidbəyliyə
yazdığı 7 dekabr
1970-ci il tarixli məktubunda yazırdı:
"O olmasın, bu olsun" 40 ölkəyə,
o cümlədən İrana,
İraqa, Suriyaya, Əfqanıstana, Türkiyəyə,
İngiltərəyə, Pakistana,
Yaponiyaya, İtaliyaya,
Fransaya satılıb”.
Məktubda həmçinin göstərilir
ki, "O olmasın, bu olsun" İranda böyük uğurla nümayiş olunur.
Keçmiş
"Soveksportfilm"in İrandakı
nümayəndəsinin həmin
ildə yazdığı
məktubundan:
"Son illərdə heç bir xarici və yerli film belə müvəffəqiyyət qazanmayıb. Bu filmə baxmaq üçün ətraf kəndlərdən və qəsəbələrdən ailələr axın-axın gəlir. Filmin nümayişi tamaşaçı alqışları ilə dəfələrlə dayandırılır. İndi də Təbrizin küçələrində filmin mahnılarını oxuyurlar. 28 gündə Təbrizin iki kinoteatrında filmə 94,334 tamaşaçı baxıb".
Filmin epizodları operettanın ekran illüstrasiyası deyil, həyatiliyi, yüksək realizmi ilə səciyyələnir. Rejissorun seçdiyi aktyor ansamblı da operettanın ekran uğurunda təsirsiz ötüşmür. Filmin baş qəhrəmanı Məşədi İbadı oynayacaq aktyor üçün Hüseyn Seyidzadə ciddi axtarışlar aparır. Nəhayət, Əliağa Ağayevi baş rola çəkəcəyini qərarlaşdırır. Rejissorun seçimi bədii şura tərəfindən narazılıqla qarşılanır. Lakin onun qənaətində yanılmadığı Əliağa Ağayevin ifadəli komik oyununda bir daha təsdiqlənir.
Rejissor Sərvər obrazına özünü "Görüş" filmində aktyor kimi təsdiqləyən Arif Mirzəquliyevi dəvət edir. Arif Mirzəquliyev canlı, təbii aktyor oyunu ilə rejissorun böyük etimadını bacarıqla doğruldur. Sənəm rolunda "səhnəmizin Cülyettası" kimi tanınan Barat xanım Şəkinskaya yeni ekran obrazına imza atır. Kino yaradıcılığı boyu bir sıra yaddaqalan obrazlar oynasa da, Barat xanım sənətsevərlərin yaddaşında daha çox Sənəm kimi yaşayır. Rejissor Gülnaz roluna uzun axtarışlardan sonra orta məktəbdə oxuyan Tamara Gözəlovanı çəkməyi qərara alır. Aktyorların heyrətamiz incəliklə seçilməsi filmin ekran uğurunu təmin edən amillərdən biridir. Ağasadıq Gəraybəylinin Rüstəm bəyini, Mustafa Mərdanovun Həsən bəyini, İsmayıl Osmanlının Rza bəyini, Möhsün Sənaninin Qoçu Əsgərini, Lütfəli Abdullayevin Baloğlanını, Ağahüseyn Cavadovun Bəyini kim unuda bilər?!
Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" musiqili komediyası böyük yaradıcılıq qələbəsidir. Film bu gün də müasirliyini qoruyur, əhəmiyyətini itirmir. İllər keçsə də, "O olmasın, bu olsun” musiqili komediyası yeni-yeni nəsillərin bitib-tükənməyən sevgisi ilə yenə baxılacaq. Bu filmin uzunömürlü ekran həyatı Hüseyn Seyidzadənin rejissurası, parlaq aktyor ansamblı ilə bərabər, heç şübhəsiz, dahi Üzeyir bəyin ürəklərə əbədi hakim olan musiqisindən də qaynaqlanır...
Hatəm Əsgərov
Rejissor
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.11.