“Hamlet-X” Teatr Xadimləri İttifaqının səhnəsində
Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində “Rebus” teatrının təqdimatında Uilyam Şekspirin “Hamlet” əsəri əsasında səhnələşdirilən “Hamlet-X” tamaşası nümayiş olunub. Quruluşçu rejissoru Ceyhun Dadaşov olan səhnə əsəri yeni üslubda təqdim edilib.
Rolları “Rebus” teatrının aktyorları Əli Əlizadə, Elnur İsmayılov, Əli Novruz, Natəvan Abbaslı və Arzu Hüseynova ifa edib. Rejissor özü də tamaşada rol alıb.
Səhnə əsərinin nümayişindən öncə Ceyhun Dadaşov tamaşanın fərqli məqamlarından bəhs edib: “Tamaşada demək olar ki, sözlərdən imtina olunub. Yalnız tamaşanın müəyyən hissəsində Hamletin "ölüm və ya olum" monoloqundan dörd, beş cümləsi səslənəcək. Tamaşa əsasən plastika-hərəkət, biomexanika elementləri üzərində qurulub. Psixoloji halın plastikasına üstünlük verilir. Tamaşanın ümumi məğzini kabus, qarabasma nüansları təşkil edir. Bu da öz növbəsində "Hamlet"in yuxusu kimi yozula bilər. Tamaşada üç aktyor - mən, Elnur İsmayılov və Əli Əlizadə iştirak edirik. Digər iştirakçılar tələbə və məktəblilərdir. Bu, "Rebus" teatrının sayca üçüncü tamaşasıdır. Fürsətdən istifadə edib bizə yaratdığı şəraitə görə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətə təşəkkürümüzü bildiririk".
Sonra “Hamlet-X” tamaşası nümayiş
olunub. Xronometrajı 40 dəqiqə olan
tamaşa maraqla qarşılanıb.
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.12.