“Arzular və səslər”dən
başlayan ədəbi yol
Klassik rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri şair, yazıçı, naşir, publisist, maarifçi Nikolay Nekrasovdur. Onun çoxcəhətli yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır.
Nikolay Alekseyeviç Nekrasov 28 noyabr 1821-ci ildə Rusiyanın Podolsk quberniyasında müflisləşmiş zadəgan ailəsində dünyaya göz açıb. Ailədə 13 bacı-qardaş olduqlarından uşaqlığı çətin şəraitdə keçib. Erkən çağlardan poeziyaya maraq göstərib. 1832-ci ildə gimnaziyaya daxil olur. İlk şeirini də burada yazır. Atası isə oğlunu hərbçi görmək istəyir. Buna görə də Nikolay 17 yaşında zadəgan polkuna daxil olmaq üçün Sankt-Peterburqa gedir. Ancaq yolda fikrini dəyişir. Sankt-Peterburq Universitetində oxumağa hazırlaşır. İmtahandan keçə bilməsə də, Filologiya fakültəsinin azad dinləyicisi olur. Bunu eşidən atası bərk qəzəblənir. Ona maddi yardım göstərməkdən imtina edir. Nikolayın vəziyyəti daha da çətinləşir. O, oxumaqla yanaşı iş də axtarır. Çox zaman yaşamağa yeri, yeməyə çörəyi olmur. Amma çətinliklərə təslim olmur. Fərdi şəkildə dərslər verir, qəzet və jurnallara şeirlər, hekayələr, teatr üçün vodevillər yazır.
Yaradıcılığının erkən çağlarında romantik əhval-ruhiyyəli şeir və nəsr əsərləri yazır. “Arzular və səslər” adlı ilk şeirlər kitabı 1840-cı ildə işıq üzü görür. Lakin kitab tənqidçilər tərəfindən müsbət qarşılanmır. Bundan kədərlənən şair ruhdan düşür. Ancaq bu onun gələcək realist üsulunun inkişafı üçün bir zəmin rolunu oynayır. İlk addımında büdrəyən şair qələmini nəsr sahəsində sınayır, yumoristik əsərlər yazır. “Oteçestvennıye zapiski” jurnalının biblioqrafiya şöbəsində işə düzəlir. Eyni zamanda tənqidçi, ədəbiyyatşünas V.Belinskinin dərnəyi ilə əlaqələr qurur.
Naşirlik işi ilə maraqlanan N.Nekrasov İ.Panayevlə şərikli olaraq 1847-ci ildə “Sovremennik” jurnalını icarəyə götürür. Həmin dövrün əksər qabaqcıl şair və yazıçıları jurnalın ətrafında toplaşır. N.Nekrasovun öz şeirləri də bu jurnalda dərc olunur.
Ölkədəki siyasi vəziyyətlə əlaqədar 1866-cı ildə “Sovremennik” jurnalı bağlanır. Bundan sonra Nekrasov “Oteçestvennıye zapiski” jurnalını icarəyə götürür. Onu inqilabçı xalqın orqanına çevirir. Müəllif “Kəndlinin ölümü”, “General Toptıgin”, “Mazay baba və dovşanlar” və s. əsərlərində xalq hekayələri, zərbi-məsəllər, atalar sözləri və nəğmələrdən faydalanıb.
N.Nekrasovun “Rusiyada kim yaxşı yaşayır” və “Şaxta, qırmızı burun”, “Rus qadınları”, “Kəndli uşaqları”, “Məhkəmə”, “Baba” və s. poemaları, “Aktyor”, “Ayı ovu”, “Lomonosovun gəncliyi” və s. pyesləri oxucular tərəfindən maraqla qarşılanıb, tənqidçilərin müsbət rəyini qazanıb.
Onun əsərlərinin əksəriyyəti real həyat müşahidələrinə əsasən qələmə alınıb. Şair yaradıcılıq prinsipi haqqında belə deyib: “Hər yazıçının özünəməxsusluğu var. Mənimki reallıqdır”. Rus xalqına, rus kəndlilərinə və bütün zəhmətkeş insanlara sevgi, ölkəsinin parlaq gələcəyinə inam onun poeziyasının əsas mövzusunu təşkil edir. O, “Şaxta, qırmızı burun” əsərini 1863-cü ildə qələmə alıb və bacısı Annaya ithaf edib. Sadə xalqın ağır həyatı, sevinc və kədəri əsərdə ön plana çəkilir. Şair burada həyatın çətinliklərinə, ağır işə, məişət qayğılarına baxmayaraq, rus qadınlarının mənəvi gücünü və dözümünü vəsf edib. Əsərin qəhrəmanı Darya tipik rus, slavyan gözəli kimi təsvir olunur. Zahiri görünüşü rus gözəlinin bütün məziyyətlərini özündə daşıyır. Taleyi isə rus qadınlarının ümumi taleyindən fərqlənmir...
Kənd uşaqlarını çox sevən ədib balacalar üçün çoxlu əsərlər qələmə alıb. Uşaq aləminin məsumluğunu ifadə edən şairin əsərləri maraqla qarşılanıb. O, uşaqların təhsilə cəlb olunmasına səy göstərib. Hətta 1872-ci ildə öz vəsaiti hesabına məktəb açıb.
Nikolay Nekrasov 1875-ci ilin əvvəllərində ağır xəstələnir, 27 dekabr 1877-ci ildə vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 2 iyun.-
S.13.