Qulluq etdiyinə qurbanlardan -

 

 

 

   XI Qızıl Ordu aşiqlərindən ola-ola, “1937 getdiləri”ndən də olan - Tağı Şahbazi Simurğ...

  

   İllərdi həm də milli təəssübkeşlik baxımından müraciət etdiyim “təqvim seriyalı” yazılarımda diqqətdən qaçırdığım (indi toxunacağım səbəblərdən) bu maraqlı yazıçı-publisist və nüfuzlu pedaqoq haqda “yazım-yazmayım” istixarəmin “saqqızını” axır ki, qırx-qırx beş il bundan öncəki sevimli universitet müəllimlərimizin ikisilə bağlı təəssüratlarım oğurlaya bildi...   

   Həmin dövrün (əslində, bir az fərqlə hər dövrün) siyasi aldanışları ilə bağlı bu “təəssüf” mayalı təəssüratı ovaxtkı tələbələrin “canlı universitet” saydığı müəllimlərimizdən Əli Fəhmi və Mir Cəlal yaratmışdı bizdə. Onların auditoriya və dəhliz-pilləkən fürsətlərindəki “sözaltı” dərsləri, qaçaraq-saçaraq bəhsləri oyatmışdı. Bir dəfə Mir Cəlal müəllim nağıl və dastanları xalqın “ibtidai universitetikimi təsvir-təfsir edərkən sözarası qeyd etdi ki, folklorumuzda Məlikməmmədi yeraltı qaranlıqdan işıqlı dünyaya çıxaran əfsanəvi Simurq quşu yazılı ədəbiyyatımızda “işıq-qaranlıq” obrazlarını başqa bir motivdə ehtiva etməli olub. Bu, şəxsiyyətə pərəstiş illərinin “yarımçıqömürlü” yazıçılarından olan və həmin o əfsanəvi xilaskar uçarın adını özünə təxəllüs götürmüş Tağı Şahbazi ilə bağlı “mübarizə-yaradıcılıq-nəticə” üçbucağı daxilində də görünür...

   Əli Fəhminin o vaxt çox sakit-samitcə dediyi “Qələmini əbədi sənət mürəkkəbinə yox, öz dövrünün quruluş mürəkkəbinə batırıb yazan yazıçıların taleyini Zaman mütləq siyasət qələmilə yazasıdır” sözləri isə indi qulağımda daha ucadan səslənir. Öz dərin bilik və savadı, hazırcavablığı, hər hansı mübahisə-müzakirə situasiyalarında mətləbi snayperanə hədəfləyən bu alim söhbətlərinin birində repressiya qurbanlarımızı da az qala ədəbi janrlarvarı təsnifata çəkdi. Onların arasında öz qəlblərinin ağası olanlarla bərabər, din-imanından dilinə qədər yad olan ideologiyalara “aminçi”lər olduğunu da bildirdi. Bu baxımdan, öz gənclik illərində yaxından maraqlanıb tanıdığı, gözəl yazıçılıq, alovlu publisistik, nüfuzedici pedaqoqluq istedadına malik olan, lakin tələbəlik həyatını büsbütün siyasi-inqilabi hadisələr mühitinə həsr edən, sonralar belə “urra”çılıqdan qalmayan Tağı Şahbazi Simurğun bədii yaradıcılığını ictimai-siyasi baxışlarına birnovella” saydığını vurğuladı. Biz soruşanda ki, Əli müəllim, bunu nəyə əsasən deyirsiz, özünəməxsus təbəssümü ilə qayıtdı ki: “Gedin oxuyun dəə!..”

   Bizgedib bu yazıçının “Qeyrət”, “Ağanın kənizi”, “Düşmənlər”, “Əzab qorxusu” və sair əsərlərini oxuduqgördük hər nəsnəni olduğu kimi deyən Əli Fəhmi bunu da düz buyururmuş...

  

   Belə ki;

  

   Beyin-başımızda o ali-ulu müəllimlərimizdən eşitdiyimiz “yüksək materiyalı” fikirlər, reallığımızda isə...

   Məsələn, həmin günlərin birində iki tələbə yoldaşımla kirayə ev axtara-axtara (elə o çağlar R.Rzanın “Hər şey bölünəndə Bakının da payına “internasionalizmdüşübdediyi) paytaxtımızın çöl hissəsini xeyli gəzib-dolaşıb və əksərən də hər cür imkanlı mülklərə sahib olan erməni “xozeyka”-xozeyin”lərlə rastlaşıb, nəhayət, İçərişəhərə varid olanda sözügedən məsələnin “hal şahidi”lə də rastlaşdıq. Biz rastımıza ilk çıxan səksən-doxsan yaşlı nurluçox qıvraq bir kişiyə gileylənəndə ki, niyə bu ermənilər Bakıda bu qədər çoxdular, özü də birotaqlı mənzili ikiqat qiymətə verirlər, ağsaqqalı od götürdü. Əvvəlcə harda oxuduğumuzla maraqlandı, “jurnalistikasözünü eşitcək, başladı ki, “həə, sizbir az yekələnnən sora bizim içərişəərri rəhmətdik Tağı Şahbazi kimi yazacaqsız bağ belə-bostan belə, daşnak kimi kivrədən, bolşevik bratdan belə!.. Həyif o kişinin nəsil-nəcabətindən! Aldandı qırmızılara. 37-də də tutub basdılar dama, vərdilər havayi güllənin ağzına. Nəysə, gedün “Məmmədəli kababxanasi”nın qənşerindəki həyətə, Xatun xalanı soruşun, deyin bizi İsgender kişi göndərib. Ucuzuna yaşıyun, bahasına oxiyin, görək süzdən nə çıxacey...”

   Bütün bu “dolangəl”liklərdən sonra, Tağı Şahbazi Simurğ vikipediyada -

  

   Olduğu kimi...

  

   “Aldanmış kəvakib taleli bu yazıçı 1892-ci ildə Bakının bünövrə məkanında - İçərişəhərdə doğulub. İbtidai savadı mollaxanada, orta təhsili (1902-1905) doğulduğu ünvandakı 9 saylı məktəbdə və ovaxtlar adı xüsusi vurğu-rəğbətlə çəkilən “Həbib bəyin birinci rus-tatar məktəbi”ndə alıb.

   Məktəbi bitirdikdən bir il sonra (1913) Bakıda III Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə alanbunun əsasında Xarkov Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olan Tağının tələbəlik həyatı inqilabi hadisələr mühitində keçib. 1914-cü ildə həmin universitetin tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırıb və növbəti il o, Rusiya Sosial Demokrat (bolşevik) Fəhlə Partiyasının tələbə fraksiyasına daxil olub. 1917-ci ildə Bakıda “Hümmət” təşkilatında, 1918-ci ildə Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəallıq göstərib. 1919-cu ildə Ukrayna K(b)P MK yanında “Hümmət” müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olub.

   Milli Cümhuriyyətimizin devrilməsinə nəinki loyallıq, hətta könül xoşluğu ilə yanaşmış bu ədib (!) 1922-1923-cü illərdə Azərbaycan xalq maarif komissarının müavini postuna irəli çəkilib. 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalının redaktoru, 1923-1926-cı illərdə Azərbaycan MİK katibi, 1926-1929-cu illərdə (üç qeyri millət nümayəndəsindən sonra ilk azərbaycanlı olaraq) ADU-nun rektoru, 1930-1937-ci illərdə respublika xalq səhiyyə komissarının müavini vəzifələrində çalışıb.

   Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb, “Quşlar kimi azadə”, “İyi aləm”, “Südçü qız”, “Şəkərli çoban”, “Aclar” və sair kimi proletari-kəndistani əsərlərində istismar dünyasını, dini fanatizmi, xalqa yad “ziyalılığı” (öz dövrünün ən işlək ifadələrilə desək) “tənqid atəşinə tutanbu ədib 11 iyun 1937-ci ildə XDİK-in təhlükəsizlik kapitanı Çinmanın təqdimatı ilə “əks-inqibaçı” və “burjua-millətçi” kimi həbs edilir.

   Uzun, ağır, məşəqqətli, dözülməz günlərdən sonra 2 yanvar 1938-ci il tarixdə cəmisi 15 dəqiqə sürən məhkəmədə Tağı Şahbazi Simurğa ölüm hökmü çıxarılır...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.15.