Lüksemburqda Azərbaycan qadınını tərənnüm edən sərgi

 

 

   Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası ilə birlikdə 28 May - Respublika Gününə həsr olunan sərgi təşkil edib.

   Fotoqraf Filipe Fereranın “Yeddi gözəl” adlı sərgisi Lüksemburqda yaşayan azərbaycanlı qadınlara həsr edilib. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının adını öz sərgisinə verən Filipe Ferera Lüksemburqda yaşayan azərbaycanlı xanımların həyatın müxtəlif sahələrində - məişətdə, işdə, cəmiyyətdə, ana, bacı rolunda, təhsil, , yaradıcılıq sahələrində uğurlarını əks etdirib.

   Sərginin təşkilində məqsəd müsəlman ölkəsi olan, Avropa ölkələrindən, eləcə də ABŞ-dan daha əvvəl qadınlara səsvermə hüququ verilən Azərbaycanda müasirazad cəmiyyətin olduğunu, qadınların azad şəkildə təhsil aldığını, hökumətdə, sənayenin müxtəlif sahələrində təmsil olunduqlarını və cəmiyyətdə aparıcı mövqe tutduqlarını göstərməkdir.

   Açılış mərasimində Lüksemburqda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Lüksemburq-Azərbaycan ticarət palatasının sədri Mark Hübş, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, yerli sakinlər iştirak ediblər.

   Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunda təşkil olunan sərgi iyunun 25-dək davam edəcək.

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.16.