Türkiyədə ilk professional balet yazan bəstəkar
İyunun 5-də
Azərbaycan Bəstəkarlar
İttifaqında Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin
70 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində elmi konfrans keçirildi.
Konfransda öncə ittifaqın
katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova “Azərbaycan musiqi mədəniyyətinin inkişafında
Firəngiz Əlizadənin
rolu” mövzusunda məruzə ilə çıxış etdi.
Qeyd edildi ki, müxtəlif
adlara və titullara layiq görülən Firəngiz
Əlizadə Azərbaycan
musiqisini dünyada tanıdan bəstəkarlardan
biridir. O, ilk əsərlərindən
başlayaraq son illərdə
yazdığı əsərlərə
qədər fitri istedadını göstərib
və hər bir əsərdə öz sözünü deyir. Bu gün
onun yaradıcılığı
gənc musiqişünaslar
üçün bir örnəkdir. O, pedaqoji
fəaliyyətlə də
məşğul olub,
musiqişünas kimi dolğun məqalələr
müəllifidir. Məruzədə 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına
rəhbərlik edən
Firəngiz Əlizadənin
ictimai fəaliyyətindən
və hər zaman gənc bəstəkarlara göstərdiyi
diqqət və qayğıdan da bəhs edildi.
Sonra çıxış edən Əməkdar incəsənət xadimi, Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə Firəngiz Əlizadənin
qardaş ölkədəki
fəaliyyət dövründən
danışdı. Bildirdi ki,
1992-ci ildə Firəngiz
xanıma Türkiyə
dövləti tərəfindən
“Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet
Teatrının açılışı
münasibətilə səhnəyə
qoyulan üçpərdəli
əsər böyük
uğur qazanıb.
Natiq onu da diqqətə
çatdırdı ki,
Firəngiz Əlizadə
Türkiyədə ilk professional balet yazan bəstəkardır.
Türkiyə hökumətinin
xahişi ilə Firəngiz xanım qardaş ölkədə
bir neçə il fəaliyyət
göstərib, 1997-ci ilədək
Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində
çalışıb.
Konfransda daha sonra Əməkdar
incəsənət xadimi,
professor Həcər Babayeva,
professor İmruz Əfəndiyeva,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Lətifəxanım Əliyeva,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Turan Məmmədəliyeva, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramova və digər məruzəçilər yubilyarın
çoxşaxəli yaradıcılığından,
beynəlxalq festivalların
və konsert layihələrinin bədii
rəhbəri kimi fəaliyyətindən söz
açdılar. Vurğulandı ki, müasir dövrümüzdə Firəngiz
Əlizadə yaradıcılığı
klassik musiqi janrında Şərqlə
Qərb arasında “mədəniyyət körpüsü”
missiyasını yerinə
yetirir.
Konfrans müzakirələrlə davam etdi. Tədbirdə Türkiyədə yaşayan gənc musiqişünas Mehriban Əliyevanın bəstəkarın
yubileyinə hədiyyə
etdiyi kitab təqdim edildi.
Lalə Azəri
Xalq Cəbhəsi.- 7 iyun.- S.5.