“Azərbaycanda böyüdüyüm
üçün fəxr edirəm”
Xalq artisti Dina Tumarkina 85 illik yubileyini doğma şəhərində
qeyd etdi
İyunun 2-də
Səməd Vurğun
adına Rus Dram Teatrında Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı
Dina Tumarkinanın 85 illiyi
münasibətilə gecə
keçirildi. Məşhur aktrisa uzun illərdir
İsraildə yaşasa
da, yubileyini doğulduğu şəhərdə
qeyd etmək qərarına gəlib.
Səhnəyə çıxan teatrın
baş rejissoru, Xalq artisti Aleksandr
Şarovski bildirdi ki, bu səhnədə
indiyədək bir çox görkəmli sənətkarlar fəaliyyət
göstəriblər. Belə unudulmaz və səhnəmizdə hər
zaman yeri görünən sənətkarlardan
biri də Dina Tumarkinadır. O, Rus
Dram Teatrında əvəzsiz
obrazlar yaradıb. 40 ildən artıq
səhnə fəaliyyəti
aktrisanı unudulmaz simalardan birinə çevirib.
A.Şarovski yubilyar haqqında
məlumat verdikdən
sonra Dina xanımı
səhnəyə dəvət
etdi. Uzun fasilədən sonra
doğma teatrının
səhnəsində görünən
aktrisa alqışlarla
qarşılandı.
Mədəniyyət və Turizm
Nazirliyi Teatr sektorunun müdiri Naidə İsmayılzadə
səhnəyə çıxaraq
Dina Tumarkinaya nazirliyin
“Fəxri mədəniyyət
işçisi” döş
nişanını təqdim
etdi. O, yubilyarı
təbrik edərək
səhnədə yaratdığı
bir-birindən maraqlı
obrazlar haqqında fikirlərini bölüşdü.
Aktrisaya İsrail-Azərbaycan Assosiasiyasının (Azİz) mükafatı da təqdim edildi. Assosiasiyanın rəhbəri Lev Spivak dedi: “Bu gün Azərbaycandan kənarda yaşamağımıza baxmayaraq, hər zaman öz həmyerlilərimizlə fəxr edirik. Biz bu ölkədə böyüdüyümüz, bu insanlarla birgə yaşadığımız üçün fəxr edirik. Çünki biz bu ölkədə hər zaman dost münasibət görmüşük. Bu münasibət indi də davam etməkdədir. Azərbaycan dövlətinə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşkilatımız adından minnətdarlığımızı bildiririk”.
Sonra mərasim bədii hissə ilə davam etdi. Səhnəyə teatrın yaradıcı heyətindən xalq artistləri Yuri Baliyev, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, əməkdar artistlər Rita Əmirbəyova, Fuad Osmanov, Natalya Şarovski və digərləri çıxaraq keçmiş həmkarlarını təbrik etdilər. Yubilyara ünvanlanan şeirlər səsləndirildi, ABŞ, Rusiya və İsraildən gələn təbrik teleqramları oxundu.
Tədbirin sonunda Dina Tumarkina bütün təşkilatçılara təşəkkürünü bildirdi. O, yenidən doğma səhnəsində tamaşaçıları ilə görüşmək şansı qazandığına görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və “Azİz” Assosiasiyasına minnətdarlığını ifadə etdi. Vaxtilə teatrda fəaliyyət göstərmiş görkəmli rejissor və aktyorlar Məhərrəm Aşumov, Mehdi Məmmədov, Pyotr Yudin, Gülcahan Əhmədova-Martınova, Vera Şirye, Raxil Qinzburq və digərlərini xatırladı, onlarla bağlı xatirələrini bölüşdü. Belə sənətkarlarla birgə çalışdığına görə böyük fəxr duyduğunu dilə gətirdi.
Hazırda İsraildə səhnə fəaliyyətini davam etdirdiyini söyləyən aktrisa 15 tamaşada rol aldığını diqqətə çatdırdı. 90 illik yubileyini də doğma səhnədə qeyd etmək arzusunu da gizlətmədi.
Qeyd edək ki, 1955-ci ildən Bakıda yaradıcılıq fəaliyyətinə başlayan aktrisa Rus Dram Teatrının səhnəsində 150-dən artıq unudulmaz obraz yaradıb. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 7 iyun.-
S.10.