O gün
Yusifin günü idi...
İldə nə qədər
irili-xırdalı yubiley
tədbiri keçirilir?
Bilən
varmı? Bəs bu
yubileylərin neçəsi
yadda qalır? İştirak etdiyiniz, lap elə televizorda lent yazısını seyr etdiyiniz neçə yubiley tədbirinin adını çəkə
bilərsiniz? Yaddaşınıza yüngülcə ekskurs edib elə özünüz
üçün ötəri
bir statistika aparın. Birinci ilə müqayisədə
çox kiçik bir rəqəm alınacaq yəqin ki...
Ötən cümə günü, iyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
görkəmli aktyor, ömrünü bu teatra həsr etmiş Xalq artisti Yusif Vəliyevin
100 illik yubiley gecəsində iştirak edənlər bu tədbiri ilin ən yaddaqalan yubileylərindən biri hesab edə bilərlər.
Həmin gün böyük aktyorun məzarı ziyarət edilmiş, teatrın direktoru, Əməkdar artist Mübariz
Həmidov, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, «Azərbaycanfilm» kinostudiyasının direktoru
Müşfiq Hətəmov,
Əməkdar artist Ənvər
Həsənov sənətkar
haqqında ürək
sözlərini bölüşmüşdü.
Axşam isə Yusif
Vəliyev xatirəsinin
işığına yığışanlar
çox idi. Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirə gələnlər foyedə
onun yaradıcılığından
bəhs edən fotosərgi ilə tanış oldular, tez-tez tamaşa etdikləri filmlərdə,
nə zamansa baxdıqları tamaşalarda
Yusif Vəliyev sənəti ilə ünsiyyətin təəssüratını
bir daha yaşadılar.
Səhnənin
tən ortasında qurulmuş ekran, onun yanında yerləşdirilmiş qrim
masası, masanın böyründə asılmış
əlbisə, gecənin
aparıcılarının, Yusif Vəliyevi daha yaxından tanımaq şərəfinə
nail olmuş şəxslərin
səhnənin hər
iki cinahında əyləşməsi - tədbirin
rejissoru, Xalq artisti Vaqif Əsədovun
səhnədən salona
ötürdüyü bir
ismarışın alt qatı
bu demək idi: Yusif Vəliyev
bu teatrın fəxri olub, onun xatirəsi bizə əzizdir, böyük aktyorun yeri bizim üçün
həmişə yuxarı
başdadır.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin apardığı
xatirə gecəsində
Yusif Vəliyev ilə eyni səhnəni
paylaşmış, kamera
önündə dayanmış
aktyorlar xatirələrini
danışdılar. Böyük aktyorun
sənət bioqrafiyasından
çoxlarına məlum
olmayan ilginc faktları isə İlham müəllim dilə gətirdi.
Sən demə, Yusif Vəliyevin ali
təhsili olmayıb. Bakı Teatr Texnikumunun məzunu imiş...
Hələ texnikumda oxuyarkən
Bakı Yəhudi Teatrında aktyorluq edib. Bilmədiyi dildə mətni əzbərləyib səhnədə
rol oynayarmış...
Təyinatla işlədiyi Şəki
teatrı bağlandıqdan
sonra Bakıya gəlib. Bir qədər Rus Dram Teatrında işləyəndən
sonra 1949-cu ildən ta ömrünün sonunadək Azərbaycan Gənc Tamaşaçılar
Teatrında çalışıb...
Bu teatrda işlədiyi illərdə
ali təhsil
diplomu almış gənclərə öz fitri istedadı sayəsində, şəxsi
nümunəsi ilə
əsl ustad dərsləri keçib.
Yusif Vəliyevin rol aldığı filmlərdən
fraqmentlərin nümayişi
arasında onunla birgə kinokameranın önündə dayanmış
xalq artistləri Rasim Balayev («Nəsimi») və Rafiq Əzimov («Arxadan vurulan zərbə»), əməkdar
artistlər Ənvər
Həsənov («Uşaqlığın
son gecəsi») və Ötkəm İsgəndərov
(«Tütək səsi»)
filmlərin çəkilişi
zamanı baş vermiş maraqlı əhvalatları söylədilər.
Onun aktyorluq məharətindən,
plastika və mimikadan yerində və qədərində işlətmək bacarığından
bəhs etdilər.
Xalq artisti Tariyel Qasımovun xatirələrində
isə Yusif Vəliyev bu teatra ümumittifaq şöhrəti gətirmiş
«Söhrab və Rüstəm» tamaşasının
baş qəhrəmanlarından
biri, onun misilsiz tərəf-müqabili
idi. Xalq artisti Yasin Qarayev
üçün isə
Yusif müəllim öz ifası ilə onu aktyorluq
sənətinə həvəsləndirən,
sonralar eyni səhnəni paylaşdığı,
hətta qonşu olduğu iş yoldaşı idi. Məsləhətlərindən hər zaman
öyrəndiyini deyən
Əməkdar artist Almaz
Mustafayeva isə yubilyarı gənclərin
potensialını görən
ustad, səhnədə
isə əvəzsiz tərəf-müqabil kimi
səciyyələndirdi.
Qismətinə
çalışdıqları teatrın bu titan aktyoru barədə xatirələri dinləmək
düşmüş gənclər
- Əməkdar artist Elşən
Rüstəmov, aktyorlar
Günel Məmmədova,
Səbinə Məmmədova,
Elnur Kərimov Səməd Vurğunun «Dünya» şeirini söylədilər.
Xatirə gecəsinin sonunda
mərhum aktyorun həyat yoldaşı, aktrisa Zemfira Sadıqova çıxış
edərək özünün
və ailə üzvlərinin adından
teatrın rəhbərliyinə,
gecənin ərsəyə
gəlməsində əməyi
keçən hər kəsə minnətdarlığını
bildirdi.
* * *
Xatirə tədbiri iki saatdan bir qədər çox çəkdi. Amma tədbir boyunca kimsə Yusif Vəliyevin sənət nuruna bələnmiş məkanı tələsik tərk etmədi. Əgər onları salonda saxlayan bir səbəb böyük aktyorun ruhuna ehtiram idisə, digər səbəb də tədbirin maraqlı təşkil edilməsi, məclisə səmimi ortamın hakim olması idi. Bir sözlə, o gün Yusifin günü idi.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 7 iyun.-
S.11.