Azərbaycanda dublyajın 80 ili tamam
olur
Kino sənəti
yaranandan sonra dünyanın bir çox ölkələrində
bu sənət inkişaf etməyə başladı. Təbii ki,
filmlər hər bir ölkənin öz dilində çəkilirdi. Bəs bu
filmləri dünyanın
digər xalqlarına necə çatdırmalı?
Deməli, tərcümə edilməlidir. Sonralar
aydın oldu ki, bunun üç
yolu var: subtitr vasitəsilə, diktorlar vasitəsilə və ekranda olan bütün obrazları ayrı-ayrılıqda
dublyaj etməklə.
Subtitrlə dublyaj elə
də əlverişli
olmadı. Tamaşaçının fikri yazıları oxumaqda qalırdı, filmə tam nəzarət edə bilmirdi. Bəzən də yazılar bir-birinə qarışırdı.
Diktor mətni vasitəsilə filmdə olan obrazların daxili aləmi elə də açılmırdı.
Qalırdı üçüncü variant - bütün obrazların ayrı-ayrı səsləndirilməsi.
Birinci və ikinci variantlarda tərcümədə sərbəstlik
var idi, yəni cümlə bir söz artıq,
iki söz əksik ola
bilərdi. Üçüncü variantda tərcümə
nəinki sinxron, hətta artikulyasiya cəhətdən də düzgün olmalı və aktyorun üzündəki mimikaya uyğun gəlməlidir.
Beləliklə, hər kəs
müxtəlif ölkələrin
istehsal etdiyi filmlərə öz dilində baxmaq imkanı qazandı.
Azərbaycanda dublyaj 1937-ci ildə
yaranıb. Şüa Şeyxovun
rejissorluğu ilə
“Çapayev” bədii
filmi (“Lenfilm”, 1934) rus dilindən Azərbaycan dilinə dublyaj edilib. Bu işdə o vaxtın
görkəmli aktyorları
iştirak ediblər.
Bildiyimə görə, Çapayev
rolunu “Qayınana” pyesinin müəllifi, aktyor Məcid Şamxalov dublyaj edib.
Sovet dövründə filmləri dublyaj etmək üçün Moskvaya sifariş verilirdi. İttifaqda istehsal olunan
filmlər Moskvada və Leninqradda (Sankt-Peterburq) rus dilinə dublyaj olunurdu.
Respublikalar hansı filmi
seçirdilər, o filmin
materialları Moskva göndərilirdi. Bura
daxil idi: rus dilində mətn, filmin iki surəti, musiqi parçaları və digər yardımçı səslər.
Filmlərin dublyajı
C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
ərsəyə gəlsə
də, sifarişçi
“Kinoprokat” deyilən təşkilat idi. Dublyajda yüksək səviyyəli
rejissor, tərcüməçi,
səs operatoru və aktyor kollektivi zəhmət çəkirdi. İşlədiyimiz filmlərin ilk yaradıcı
heyətinin əməyinə
böyük ehtiramla yanaşırdıq. Filmi Bədii
şura qəbul edirdi. Bədii şurada görkəmli
kino redaktorları, rejissorlar və aktyorlar iştirak edirdilər. İşimizə Adil İsgəndərov, Cəmil Əlibəyov kimi sənətkarlar qiymət verirdilər.
Bütün nöqsanlar düzəldikdən
sonra film ekrana buraxılırdı.
Mən kinostudiyanın Dublyaj şöbəsində 1967-ci ilin
may ayında fəaliyyətə
başlamışam. Məndən əvvəl burda tanınmış sənət
adamları çalışıb.
Rejissorlar: Şüa Şeyxov, Ağarza Quliyev, Əlisəttar Atakişiyev, Zeynəb Kazımova, Yusif Ulduz; səs operatorları: Əziz Şeyxov, Paşa İbrahimov; tərcüməçilər:
Suğra Məmmədxanlı,
Cəlal Məmmədov,
Ələviyyə Babayeva,
Məmməd Sadıq,
İsaq İbrahimov, İslam İbrahimov, Tələt Əyyubov, Mailə Muradxanlı, Mikayıl Rzaquluzadə və başqaları.
Ümumiyyətlə, o vaxt sırf
dublyaj rejissoru yox idi. Bədii film çəkən rejissorlar
çəkilişdən kənar
vaxtlarında, işsiz
qalmasınlar deyə,
dublyaja cəlb olunurdular. Sonralar bu sahə ilə maraqlanan cavanlar yaşlı nəsli əvəz edirdilər və böyük bir yaradıcı heyət yarandı. İş prosesi get-gedə
canlanmağa, təkmilləşməyə
başladı. 70-80-ci illərdə kinostudiyanın
direktoru, SSRİ Xalq artisti, görkəmli rejissor Adil İsgəndərov
bu sahəyə böyük əhəmiyyət
verirdi.
Filmlərin yüksək səviyyədə
tərcümə-dublyaj olunması,
dünya klassiklərinin
əsərlərinin ana
dilimizə tərcüməsi
qədər əhəmiyyətli
idi. Bir bədii filmi
35-40 günə dublyaj
edirdik. Üzərimizdə tamaşaçı qarşısında böyük
bir məsuliyyət var idi.
İldə 60-65 bədii və
onlarla sənədli, cizgi filmlərini yüksək səviyyədə
tamaşaçılara çatdırırdıq.
Dublyaj olunan filmlər respublikanın bütün
bölgələrində nümayiş
olunur, kino sahəsi bundan qazanc götürürdü.
Əsas məqsədimiz keyfiyyət
idi. Ona görə də “Kral Lir”, “Hamlet”, “Hərb və sülh”, “Karnaval”, “Mimino”, “Səyavuş”, “Rüstəmi-Zal”, “Qaraqulaq
ağ Bim” və s. filmlərin mükəmməl dublyajı
ərsəyə gəldi.
1991-ci ildə kinostudiyada filmlərin tərcüməsi dayandı, Moskva ilə əlaqələr kəsildi, filmləri sifariş vermək mümkün olmadı. 1994-cü ildə o vaxt “Azərkino” İstehsalat Birliyinin rəhbəri, Xalq artisti Oqtay Mirqasımovun köməyi ilə “Dublyaj” studiyasını yaratdıq. Əsas işimiz “Yaddaş” və “Salnamə” studiyalarının istehsal etdikləri sənədli filmləri rus, ingilis dillərinə tərcümə etmək idi. Bir müddət sonra bu iş də dayandı. Televiziya kanalları filmləri müxtəlif üsullarla dublyaj etməyə başladılar. Bəzən də bizim 1991-ci ilə qədər dublyaj etdiyimiz filmlərimizi göstərirlər. Sağ olsunlar...
Bu il respublikamızda dublyajın 80 ili tamam olur. Onun 41 ilini mən də bu sahədə çalışmışam. Kinostudiya ilə bərabər dörd televiziya şirkətində fəaliyyət göstərmişəm. Yüzlərlə bədii, sənədli, cizgi filmlərinin və serialların həm rejissoru, həm də tərcüməçisi olmuşam. “Space” və “ATV” telekanallarında dublyajın yaradılmasında bilavasitə iştirak etmişəm. Zəhmətim dövlətimiz tərəfindən qiymətləndirilib. Hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşəm. Dublyaj rejissoru kimi bu fəxri ad ilk dəfə mənə verilib. Buna görə dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, Adil İsgəndərov kimi böyük sənətkarın təkidi ilə bu sənətə gəlmişəm. Xoşbəxtəm ki, respublikanın adlı-sanlı sənətkarları ilə çalışmışam. Onların əməyi nəticəsində Azərbaycanda dublyaj sənəti yüksəklərə qalxıb.
Hökümə Qurbanova, Leyla Bədirbəyli, Məhluqə Sadıqova, Amaliya Pənahova, Əminə Yusifqızı, Həmidə Ömərova, Firəngiz Şərifova, Ofeliya Sənani, Əli Zeynalov, Məmmədrza Şeyxzamanov, Həsənağa Salayev, Əfrasiyab Məmmədov, Həsənağa Turabov, Hamlet Xanızadə, Şahmar Ələkbərov, Kamal Xudaverdiyev, Səməndər Rzayev, Yusif Vəliyev, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Sadıx Hüseynov kimi sənətkarlarla işləyib, onlardan öyrənmişəm. Onlar səsləri ilə sənətdə iz qoyublar. Teatrda çalışan bir çox aktyorlar həsrətində olduqları və müəyyən səbəbə görə oynaya bilmədikləri rolları məhz dublyaj edilən filmlərdə səsləndirərək sənət arzularını reallaşdırırdılar.
Qeyd etdiyim kimi, kinostudiyada dublyaj işi dayanandan sonra bu işi televiziyalar davam etdirirlər. Televiziya kanalları ilk vaxtlar filmləri dublyaj yox, demək olar ki, tərcümə etməyə başladılar. Getdikcə onların da gördükləri işlərin səviyyəsi yüksəlir. Mən də bir təcrübəli rejissor kimi bütün həmkarlarıma uğurlar arzulayıram.
Arif Həbibi
Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət işçisi
Mədəniyyət.- 2017.- 7 iyun.-
S.12.