Ankarada Ramazan festivalında
Azərbaycan gecəsi
Ənənəvi
olaraq artıq səkkizinci ildir ki, Ankaranın Keçiörən rayonunda
təşkil edilən
Ramazan festivalları mübarək ay ərzində
şəhər sakinlərini,
Türkiyənin müxtəlif
bölgələrini və
digər müsəlman
ölkələrini mənəvi
dəyərlər, mədəniyyət
vasitəsilə bir araya gətirir. Azərbaycan da bu tədbirlərin
davamlı iştirakçısıdır.
Builki festival çərçivəsində
də ölkəmizin
Ankaradakı səfirliyi
və Keçiörənlə
qardaşlaşmış Sumqayıt
şəhərinin bələdiyyəsi
ilə birgə təşkil edilən Azərbaycan gecəsinə
maraq böyük idi.
Tədbir iştirakçıları festival ərazisində təşkil
olunan “Azərbaycan evi”ni ziyarət
etdilər. Qonaqlar burada ölkəmizin tarixi və müasir inkişafından
bəhs edən nəşrlər, Azərbaycanın
qədim və müasir mədəniyyətini
əks etdirən milli geyimlər, çalğı alətləri
ilə tanış
oldular.
Azərbaycanın
Türkiyədəki səfiri
Faiq Bağırov, Keçiörən Bələdiyyəsinin
başqanı Mustafa Ak,
Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Necdet Ünüvar və Sumqayıt Bələdiyyəsinin
sədri Soltan Əsədov bu cür tədbirlərin müsəlman xalqlarını
bir-birinə daha da yaxınlaşdırmasında
rolunu yüksək dəyərləndirdilər.
Səfir F.Bağırov əvvəlcə
Şırnakda vertolyot
qəzasında şəhid
olan türk hərbçilərinə Allahdan
rəhmət dilədi.
Sonra bildirdi ki, Ramazan
ayında reallaşan bu proqramlar birliyimizi
daha da gücləndirir.
Diqqətə çatdırıldı ki, Azərbaycanın şəhər və rayonları ilə sıx əlaqələri,
qardaşlıq münasibətləri
olan Xocalı soyqırımına xatirə
abidəsinin ucaldığı
Keçiörən bizim
üçün məxsusi
önəmi olan yerdir. Səfir festivala ev
sahibliyi edən bələdiyyə başqanı
Mustafa Aka təşəkkürünü
bildirdi. Çıxışlarda
Prezident İlham Əliyevin 2017-ci ili
Azərbaycanda “İslam
həmrəyliyi ili” elan etməsinin əhəmiyyəti xüsusi
vurğulandı.
Qeyd edək ki, tədbirdə Azərbaycandan
gələn incəsənət
ustalarının çıxışı
nəzərdə tutulurdu.
Lakin Türkiyədə vertolyot
qəzası nəticəsində
13 hərbçinin şəhid
olması ilə əlaqədar konsert proqramı ləğv edildi.
Gecə Qurani-Kərimdən ayələrin oxunması ilə yekunlaşdı.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 7 iyun.-
S.16.