Əli bəy Hüseynzadənin rəsm əsərləri və şəxsi əşyalarının təqdimatı

 

 

   İyunun 9-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, mütəfəkkir, alim və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzəvər xanım Alpsar tərəfindən Azərbaycan hökumətinə hədiyyə olunan sənət əsərləri, fotosənədli arxiv və şəxsi əşyalardan ibarət sərgi-təqdimat keçiriləcək.

   Əli bəy Hüseynzadə tibb, musiqi, fəlsəfə, tarix, sosiologiya və ədəbiyyatşünaslığa dair zəngin irs yaradıb. O, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb, portret və mənzərələrin müəllifidir. Rəsm əsərləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

   Təqdimatda Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzəvər Alpsarın İstanbuldan gətirilən rəsm əsərləri, Əli bəyin fotoşəkilləri, şəxsi əşyaları nümayiş olunacaq. Ümumiyyətlə, Feyzəvər xanım tərəfindən 161 muzey əşyası - 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medalnişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana hədiyyə olunub. Onlardan 61 nümunə Azərbaycana gətiriləndən sonra bərpa olunub.

 

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.2.