Azərbaycanlı dirijor “Musiqi Olimpi”nin
yekun konsertini idarə edib
D.Şostakoviç
adına Sankt-Peterburq Dövlət Filarmoniyasında “Musiqi Olimpi” XXII Beynəlxalq musiqi festivalının bağlanış mərasimi
keçirilib. Konsertdə Əməkdar
artist, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Sankt-Peterburq Akademik Filarmonik Orkestri çıxış
edib.
Dirijor bildirib ki,
XIX-XX əsrlərdə yazılmış
məşhur simfonik və instrumental əsərlərin
yer aldığı konsertdə beynəlxalq müsabiqələrin qalibləri
- violonçel ifaçısı
Kristof Kruaze (İsveçrə) və
pianoçu Yelizaveta Klyuçereva (Rusiya) solist kimi çıxış
ediblər. Rusiyanın Xalq
artisti, görkəmli
violonçel ifaçısı,
Sankt-Peterburq Konservatoriyasının
professoru Anatoli Nikitinin xatirəsinə həsr olunmuş həmin gecədə məşhur musiqiçinin
ən çox sevdiyi əsərlər səsləndirilib.
Anşlaqla keçən konsertin
sonunda Əyyub Quliyev çıxış
edərək, bu ilin fevral ayında
dünyasını dəyişmiş
professor Anatoli Nikitinlə
bağlı xatirələrini
bölüşüb və
Azərbaycan musiqiçilərinin
Rusiyada uğurlu konsert fəaliyyəti ilə bağlı məlumat verib.
Konsertiə tamaşa edən Rusiyanın “Mədəniyyət”
kanalının baş direktoru
Sergey Şumakov, Azərbaycanın
Sankt-Peterburqdakı baş konsulu
Sultan Qasımov, “Musiqi
Olimpi” Fondunun prezidenti İrina Nikitina tədbirdən sonra
iştirakçıları təbrik edərək, Azərbaycan
və Rusiya arasında mədəni əlaqələrin
inkişafında belə musiqi layihələrinin
əhəmiyyətini xüsusilə vurğulayıblar.
Mədəniyyət.- 2017.- 9 iyun.-
S.5.