Ucqar dağ kəndindəki “qızıl əl” sahibi

 

 

 

   Lerik rayonunun Cəngəmiran kəndində yaşayan Famil Qafarov ağac parçalarından dekorativ sənət nümunələri hazırlayır. Yaratdığı bütün əsərlər milli koloritinə, təbiiliyinə görə fərqlənir, tamaşaçını özünə cəlb edir. Onun əl işləri arasında musiqi alətləri üstünlük təşkil edir.

   F.Qafarov bu sənətin incəliyini atası Sərhəngdən öyrənib. İlk əl işini Lerik Peşə məktəbində işlədiyi vaxt yaradıb. Az müddətdə ağac üzərində oyma sənəti onu mühitdə tanıtdırır. Yonduğu heykəllər, düzəltdiyi quş, heyvan fiqurları, musiqi alətləri maraqla qarşılanır. 2012-ci ildə Lənkəran şəhərində keçirilən Respublika dekorativ-tətbiqi sənət festivalında fəal iştirakına görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb.

   Famil gördüyü işə böyük sevgi və ürəklə yanaşır. Fıstıq ağacından düzəltdiyi lakto musiqi aləti daha çox diqqət çəkir. İki çubuqla çalınan bu alət həm də oynaq tembri ilə seçilir. Ustanın əl işləri hazırda ölkəmizdə yaxşı tanınır, rayonda keçirilən müxtəlif tədbirlərdə nümayiş olunur. Onun kiçik emalatxanasına hər gün qonaqlar gəlir. Onların arasında xarici turistlər də olur.

  

   Zəfər Orucoğlu

   Lerik

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.7.