“Sən də Azərbaycanı gör

 

 

 

   İstanbulda ölkəmizin turizm imkanlarını tanıdan fotosərginin nümayişi davam edir

  

   Ötən ilin fevral ayından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan ölkəmizin turizm təmsilçiliyi - “Gateway” şirkəti tərəfindən turizm imkanlarımızın tanıdılması istiqamətində addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin mətbuat səhifələrində Azərbaycanla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir.

   Belə tədbirlərdən biri də “Sən də Azərbaycanı gördevizi altında həyata keçirilən beynəlxalq fotosərgi layihəsidir. Sərginin keçirildiyi növbəti məkan İstanbuldakı Bilgi Universitetinin tələbə şəhərciyi olub. Burada Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, əsrarəngiz təbiətini, turistik yerlərini, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın göstəricilərini əks etdirən şəkillər nümayiş olunur.

   Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmak sərgi haqqında geniş məlumat verib. Bildirib ki, sərgidə böyük turizm potensialına malik Azərbaycana həsr olunmuş 30-dək foto nümayiş olunur: “Biz dostqardaş ölkələrik. Sərgi ilə “sən də Azərbaycanı gördeyirik və hər kəsi gözəl ölkəmizə dəvət edirik. Bu fotosərgi ilə Azərbaycanın fərqli yönlərini göstərmək istəyirik”.

   Sərgidə nümayiş olunan fotoşəkillər Azərbaycanın hotelçilik xidməti, ölkəmizin mədəniyyəti, kurort bölgələri, sağlamlıq turizmi imkanları barədə ziyarətçilərdə aydın təsəvvür yaradır. Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, İçərişəhər, eləcə də paytaxtımızın qədim və müasir arxitektura nümunələrinin, təbiət gözəlliklərinin fotoları ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Layihə Türkiyə mətbuatında geniş işıqlandırılıb.

   “Sən də Azərbaycanı gör” fotosərgisi iyunun 12-dək davam edəcək.

   Qeyd edək ki, “Gateway” şirkəti bundan əvvəl İstanbulun Yenikapı metro stansiyası, Topkapı Türk dünyası şəhərciyi və s. məşhur məkanlarda da eyniadlı sərgilər təşkil edib.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.9.