“Həyatımızın gözəl
günlərini Bakıda yaşadıq”
Seyid Əhməd Arslanın adı Azərbaycanda çoxlarına, xüsusilə mədəniyyət və turizm sahəsində çalışanlara, media mənsublarına tanışdır. Onu tanıyanların gözləri önünə hər şeydən öncə səmimi dost, Türkiyə ilə Azərbaycan arasında mədəni, turizm əlaqələrinin genişlənməsində xidmətləri olmuş insan gəlir. 2011-ci ildən 2015-ci ilə qədər Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri kimi çalışan Əhməd bəy təkcə Bakıda deyil, bölgələrimizdə də müxtəlif tədbirlərə qatılmaqla yanaşı, səfirliyin layihələrini həyata keçirərkən öz çevrəsindəki insanlarla xoş münasibətlər qurmağı bacarırdı. Bu onun media ilə sıx münasibətlərinə də sirayət edirdi. Bu səbəbdəndir ki, indi də Azərbaycanda onu tanıyanlar tərəfindən hörmətlə xatırlanır.
Vəzifə missiyasını başa vurub Ankaraya qayıdan keçmiş müşavirlə bağlı bu günlərdə sevindirici xəbər aldıq. O, yeni vəzifəyə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Varlıqları və Muzeylər üzrə Baş Direktorluğunda baş direktorun müavini vəzifəsinə təyin olunub. Bu məqsədlə də əvvəlcə Əhməd bəyi təbrik etdik, sonra da fürsətdən istifadə edib yeni işi ilə bağlı fikirlərini bölüşməsini xahiş etdik.
Həmsöhbətim Mədəniyyət Varlıqları və Muzeylər üzrə Baş Direktorluğun Türkiyənin bütün bölgələrini əhatə edən böyük bir qurum olduğunu diqqətə çatdırdı: “Əlbəttə, Türkiyə kimi mədəniyyətlərə ev sahibliyi etmiş, hər tərəfi mədəniyyət, tarix izləri olan bir ölkədə Mədəniyyət və Turizm Nazirliyi daxilində belə bir qurumun xüsusi yeri var. Türkiyənin 81 bölgəsində ümumilikdə 5 min işçisi var. Bu qurum ölkəmizdəki tarixi-mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi, onlardan istifadə kimi önəmli bir missiyanı yerinə yetirir. Həm yerin altındakı mədəniyyət varlıqlarını yerin üzərinə çıxararaq bunları lazım gələrsə, muzey içərisində qorunması, həm də sadəcə türk xalqına deyil, bütün insanlığa təqdim edilməsi baxımından da funksiyası olan bir qurumdur. Biz də çalışacağıq ki, bu sahədə daha faydalı işlər görmək imkanı əldə edək. Məsələn, qazıntılar, muzeylər, tarixi fakturanın araşdırılması ilə məşğul olan bir çox bölmələr fəaliyyət göstərir. Hər biri də mədəni varlıqların hamısının qorunması və gələcək nəsillərə sağlam bir şəkildə ötürülməsi üçün öz imkanları daxilində cəhdlər edirlər. Yəni önümüzə bir qəsr, saray çıxarsa, bu da bir tarix, mədəni varlıqdır”.
Söhbət əsnasında Əhməd bəy gördükləri işlərdən də bəhs etdi və bununla bağlı hətta Azərbaycan oxucusu üçün maraqlı bir məlumat da verdi:
- Bilirsiniz, bu qurumda işləmək çox zövqlüdür. Tarix, mədəniyyət varlıqları ilə iç-içəsən. Məsələn, 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin başçılıq etdiyi qoşun ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Ərzurumda Otluqbeli (Tərcan) döyüşü baş verib. Uzun Həsənin oğlu Zeynal orda yaralanır və 3 ay sonra vəfat edir. Uzun Həsən öz oğlunu çox sevərmiş. Onun adına bir türbə tikdirir. 550 ildən sonra heç bir zərər vurmadan bu türbənin köçürülməsini həyata keçirdik. Əks halda abidənin su altında qalma təhlükəsi var idi. Təsəvvür edin ki, 550 il yaşı olan 20 metr hündürlükdə türbə altındakı torpaq qatı ilə birlikdə - ümumilikdə 1200 ton ağırlığında - nəql edilir. Onu tarixi yerindən 2 km uzağa daşıdıq. Bu, dünyada bir ilk idi. Əslində, bu həm də Türkiyənin tarixi əsərlərə vermiş olduğu önəmi göstərməsi, universitetlərdə oxunması baxımından da lazım olan bir nümunə oldu.
Bu
arada həm də bir
sıra muzeylərdə açılışlarımız da oldu. Türkiyənin bu mövzuda da mühüm bir mərhələ qət etdiyini
gördük. Bunlar insana yeni-yeni bilgilər, tarixdən dərs çıxarma kimi informatik bilgi verir.
- Uzun illər Azərbaycanda mədəniyyət və
tanıtım müşaviri
kimi çalışdınız.
Bu iş sizin üçün həm yeni, həm də çətin bir iş kimi gəlmədi
ki?
- Mən bu nazirlikdə 27 ildir ki, çalışıram.
Nazirliyi də, buradakı bütün təşkilatları
da yaxşı tanıyıram. Ona görə
də bu işimdə də böyük bir çətinlik çəkmədim.
Yəni bunlar bizə tanış
olan mövzulardır.
Xaricə mədəniyyət müşaviri gedərkən
belə bir keçmişin, bazanın
olması lazımdır.
Muzeylər həm də
turizm baxımından
mühüm məkanlardır
və bu mənada təmir-bərpa
olunacaq abidələrin
də sayı çoxdur. Bunun üçün həm də çox böyük büdcə lazımdır.
Amma Türkiyə öz imkanları daxilində mədəni varlıqlara dəyər verən bir ölkədir. Əsrlərdən bəri Türkiyədə
qədim mədəniyyətlərin
bir arada yaşaması bu ölkəni digər torpaqlardan çox fərqli bir duruma gətirir. Məsələn, Şanlıurfada Göbəktəpə adlı
yerdə aparılan qazıntı işləri
bu günə qədər bəlli olan tarixi bir
anda alt-üst etdi, dəyişdi. Demək istəyirəm ki, arxeoloji qazıntılar da bir şəkildə
tarixə öz qeydlərini salır.
Əhməd bəy Azərbaycanla bağlı təəssüratlarını
da bölüşdü:
- Azərbaycan bizim vətənimizdir. Orda heç bir qəriblik çəkmədik.
Könlümüz orda qaldı.
Bakıdan gələndən
sonra Orxan (balaca oğlunu deyir) hər gün deyinməkdən “başımızın ətini
yedi”: “Məni niyə Bakıdan gətirdiniz, təkrar gedək Bakıya. Buranı sevmədim, təyyarəyə
minib gedək”. O
biri uşaqlarda da hələ də Bakı həsrəti var. Hər fürsətdə getməyi
arzu edirlər. Həyatımızın gözəl günlərini
Bakıda yaşadıq.
Orada qazandığımız dostlarımız
bacı və qardaşlarımızdır və
bu günə qədər də bu səmimi dostluğu davam etdiririk.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 9 iyun.-
S.12.