Qədim xalq tətbiqi sənəti nümunələri mədəni sərvətimizdir

 

   İyunun 13-də Muzey Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq tətbiqi sənəti nümunələrinin bərpası” mövzusunda elmi konfrans keçirildi.

   Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı açaraq xalq tətbiqi sənəti nümunələrindən danışdı. Qeyd etdi ki, milli mədəniyyətimizin təbliğində bu sənət nümunələrinin çox böyük əhəmiyyəti var.

   Elmi-Metodik Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev milli-mənəvi dəyərlərimizi qorumağın vacibliyindən, rəhbərlik etdiyi qurumun bu sahədə fəaliyyətindən bəhs etdi. Xalqımızın qədim mədəniyyətinin dünyada tanındığını qeyd edən natiq bir çox ölkələrin sərgi salonlarında və mədəniyyət mərkəzlərində Azərbaycan sənətkarlarının əsərlərinin nümayiş etdirildiyini söylədi.

   Akademik Vidadi Xəlilov Azərbaycan xalq tətbiqi sənətini xalqımızın mənəvi dünyasının “əlifbası” adlandırdı. O, Qobustandan başlayan mədəniyyətimizin dünyada tanıdılması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini diqqətə çatdırdı.

   Rəssamlar İttifaqının üzvü, keçəçi rəssam Rauf Əbdülhəsənoğlu “Keçəçilik sənətinin ilk nümunələri” mövzusunda çıxış etdi. Bildirdi ki, qədim xalq sənəti ənənələri müasir zamanımızda bir çox sənətkarlar tərəfindən yaşadılır. Ancaq təəssüf ki, qədim xalq sənəti növlərinin heç də hamısı barədə bunu demək olmaz. Keçəçilik sənəti də bu qəbildəndir. Keçəçilik sənətinin spesifikliyinə, məişətdə yararlılığına baxmayaraq, tədricən unudulması haqqında ciddi düşünüləsi məsələdir. O daha sonra bu sənətin Azərbaycan xalqının mədəni tarixində yerindən danışdı.

   Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının müdiri Maya Qafarovanın “Qədim musiqi alətlərinin bərpası” mövzusunda çıxışı dinlədildi. O, bildirdi ki, unudulmuş musiqi alətlərimizin bərpası yolunda çox böyük işlər görülüb. Qeyd etdi ki, Xalq artisti, mərhum Məcnun Kərimov vaxtilə 10-a yaxın musiqi alətini həyata qaytarıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer, Dövlət Rəssamlıq Akademiyasının müəllimi Gülnarə Xəlilova “Müasir dövrün milli geyimlərində qədim ornamentlərin təsviri” mövzusunda çıxış etdi.

   Çıxışlardan sonra tədbir iştirakçıları xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgiyə baxmağa dəvət olundu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.2.