Uşaq xor kollektivlərinin respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

 

   Respublikada uşaq yaradıcılığının dəstəklənməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin fəaliyyətinin aktivləşdirilməsi istiqamətində reallaşan daha bir layihə başa çatdı. Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin aprel ayında Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsi keçirilmişdi. 150 xor kollektivinin qatıldığı müsabiqənin yekun konserti 15 may tarixində Azərbaycan Dövlət Musiqili Teatrında baş tutmuşdu.

   Bu günlərdə isə Mədəniyyət və Turizm Nazirliyində müsabiqə qaliblərinin təltif olunma mərasimi keçirilib.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva xor kollektivləri və xormeysterləri təbrik edərək onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir müavini vurğulayıb ki, ölkə rəhbərliyi istedadlı gənclərə, uşaq yaradıcılığının inkişafına xüsusi diqqət və qayğı göstərir. Son illər ərzində Prezident İlham Əliyevin sərəncamları ilə onlarla istedadlı uşaq və gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb, onlar xüsusi təqaüdə layiq görülüblər.

   Mədəniyyət və Turizm Nazirliyi istedadlı uşaqların üzə çıxarılması, onların dəstəklənməsi istiqamətində sistemli aparır, mütəmadi festival və müsabiqələr keçirir. Bu müsabiqələrdən biri də artıq ənənə şəklini almış və 9-cu dəfə gerçəkləşən Uşaq xor kollektivlərinin respublika müsabiqəsidir. Sevda Məmmədəliyeva müsabiqədə iştirak edən kollektivlərin ifaçılıq səviyyəsinin ildən-ilə inkişaf etdiyini, repertuarının zənginləşdiyini və səhnə mədəniyyətinin artdığını, xormeysterlərin işinin də getdikcə daha maraqlı olduğunu və peşəkarlıq səviyyəsinin yüksəldiyini qeyd edib.

   Tədbirin sonunda müsabiqənin qaliblərinə - Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin xor kollektivinə (Qran-pri), Bakı şəhər S.Ələsgərov adına 1 saylı, Sumqayıt şəhər Bülbül adına 2 saylı uşaq incəsənət, Bakı şəhər C.Hacıyev adına 3, T.Quliyev adına 12, Ş.Ələkbərova adına 20, habelə 4 və 30 saylı, Quba şəhər, Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəblərinin xor kollektivlərinə müsabiqənin müxtəlif dərəcəli diplomları təqdim olunub.

  

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.6.