Həmvətənlərimizin əsərləri
Luvrda beynəlxalq incəsənət sərgisində
İyunun 9-da Parisdəki Luvr Muzeyinin Karusel salonunda 20-ci “Art shopping” beynəlxalq müasir incəsənət sərgisi öz qapılarını sənətsevərlərin üzünə açıb. Bu il sərgidə 15 ölkədən 400 rəssam iştirak edir.
Ölkəmiz Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli və İrradiyyət Mirzəyeva kimi rəssamlar, həmçinin “Dəbz”, “deCamie” və “Can” atelyeləri ilə təmsil olunur.
Əməkdar rəssam Əsmər Nərimanbəyova sərgidə nümayiş olunan əsərlərində miniatür mövzulardan istifadə edib. Rəssamın əsərləri milli elementlərlə zəngindir və ekspressionist janrdadır.
İstedadlı gənc rəssam Məryəm Ələkbərli artıq beşinci ildir bu sərgidə iştirak edir. Gənc rəssam həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tablolarda əks etdirir. Rənglər dünyası onun seçimini, dünyaya baxışını, təbiətsevərliyini, insanlara münasibətini, mövzu axtarışını duymağa imkan verir. Sərgidə rəssamın “Qaraçı”, “Gül dəstəsi”, “Həyat ağacı” kimi əsərləri nümayiş olunur.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva əsərlərini MDB çərçivəsində nümayiş etdirsə də, bu, onun Avropa məkanında ilk sərgisidir. O, əsasən impressionist janrda mənzərələr çəkib. Rəssamın “Azərbaycan təranələri”, “Cənnətdən cəhənnəmə”, “Şəhərimiz”, “Şollar” və ölkəmizdə keçirilmiş İslamiadaya həsr edilmiş əsərləri nümayiş olunur.
Əsmər Nərimanbəyovanın yetirməsi İrradiyyət Mirzəyeva isə əsasən qədim mis qablarımızı çəkib.
Elnarə Debirboeti “Art shopping”də
“Dəbz” aksessuarlar sərgisi ilə iştirak edir. “Dəbz” aksessuarları artıq dünyanın bir çox ölkələrində tanınır.
Sərgilənən aksessuarlar müasirliyi
ilə ziyarətçilərin
diqqətini cəlb edib.
“Can” və “deCamie” atelyeləri də baş örtükləri və aksessuarları ilə sərgiyə qatılıblar.
“Art shopping”in
ilk günündə ölkəmizin
Fransadakı səfiri Elçin Əmirbəyov
və UNESCO yanındakı daimi nümayəndəliyinin
rəhbəri Anar Kərimov, eləcə
də Parisdə yaşayan Azərbaycan
icmasının üzvləri həmvətənlərimizin
stendlərini ziyarət ediblər.
Mədəniyyət.- 2017.- 14 iyun.-
S.16.