Ruhu tarda yaşayan unudulmaz sənətkar
Görkəmli
tarzən, Xalq artisti
Əliağa Quliyevin 100 yaşı tamam olur
“Oxu tar, səni kim unudar!” demişdi əbədiyaşar Mikayıl Müşfiqimiz. Tarı oxudaraq yaşadanlardan biri də unudulmaz tarzən, Xalq artisti Əliağa Quliyev idi. Bu il 100 illik yubileyi qeyd edilən mərhum sənətkarın ifaçılıq tariximizdə öz dəst-xətti var. O, ötən əsrin 50-70-ci illərində Azərbaycan Radiosunda və Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri ansambllarının rəhbəri olub. Daha sonra Azərbaycan Dövlət Qastrol-Konsert Birliyi Xalq çalğı alətləri ansamblının rəhbəri və konsertlərinin təşkilatçısı işləyib.
Görkəmli tarzənin ifasında "Rast", "Mahur-hindi", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Hümayun", "Çahargah", "Çoban bayatı", "Şüştər" və digər muğamlarımız teleradionun “Qızıl fondu”na daxil edilib.
Şamaxıdan başlayan
tar sevgisi
Əliağa Quliyev 1917-ci il
mayın 9-da Bakıda
anadan olub. Əslən Şamaxıdan olan Əliağanın uşaqlıq
illəri bu şəhərdə keçib.
Elə gələcək
taleyini müəyyən
edən tar aləti ilə tanışlığı
da Şamaxıda baş tutmuşdu. Sənətkar bu haqda sonralar xatirələrində belə
yazacaqdı: “Poçt
yolu” deyilən küçədən babamla
tez-tez keçərdim.
Hər dəfə də keçərkən bir oğlanın özündən
böyük tarı sinəsinə sıxaraq yanıqlı-yanıqlı çaldığını
görürdüm. Bu səhnə məndə tara maraq
yaratdı”.
Şamaxıdan
Bakıya özü ilə gətirdiyi tar sevgisi onu tərk
etmir. O, tar dərnəyinə
yazılır və
1934-cü ildə Asəf
Zeynallı adına
Orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. Üzeyir Hacıbəylinin təşkil
etdiyi xalq çalğı alətləri
orkestrində işləmək
üçün tar ifaçıları
arasında təşkil
olunan müsabiqədə
uğur qazanır. Böyük bəstəkarla görüş
onun həyatında mühüm hadisə olur. Eyni zamanda dahi musiqiçinin rəhbərlik
etdiyi orkestrdə çalışmaq Əliağa
üçün böyük
məktəbə çevrilir.
1936-cı ildə Opera və
Balet Teatrında və radionun orkestrində çalışan
gənc tarzən bir il sonra böyük uğurla qarşılanan
"Koroğlu" operasının
ilk premyerasında simfonik
orkestrin tərkibində
ifa edir. 1938-ci ildə tarzən
Moskvada keçirilən
Azərbaycan ədəbiyyatı
və incəsənəti
ongünlüyünün iştirakçısı
olur.
1939-cu ildə Bakıda konservatoriyanın Xor-dirijorluq
fakültəsinə qəbul
olsa da, II Dünya müharibəsinin
başlanması ilə
təhsili yarımçıq
qalır. Böyük döyüş
yolu keçən tarzən ağır yaralansa da, döyüş
meydanını tərk
etmir. Vətənə müharibə başa
çatdıqdan sonra,
1946-cı ildə qayıdır.
Onu da qeyd edək
ki, müharibəyə
sıravi əsgər
kimi yollanan Əliağa bölük komandiri vəzifəsinə
yüksəlir. Ə.Quliyevlə eyni cəbhədə döyüşmüş rus
yazıçısı İvan
Brejnev “Kəşfiyyatçının
qeydləri” adlı məşhur əsərində
azərbaycanlı zabitin
göstərdiyi qəhrəmanlıqlar
haqqında epizodlara xüsusi yer ayırıb.
Tarzən
1946-1951-ci illərdə Əhməd
Bakıxanovun rəhbərlik
etdiyi Xal çalğı alətləri
ansamblında konsertmeyster,
1955-1960-cı illərdə Opera və Balet Teatrında
solist, 1966-1969-cu illərdə
Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrında çalışır. 1995-ci ilə kimi Azərbaycan
Dövlət Qastrol Konsert Birliyində çalışan sənətkarın
iştirakı ilə
“Leyli və Məcnun” operasının
radio-tamaşa variantı
hazırlanır.
Görkəmli
xanəndələr Bülbül,
Şövkət Ələkbərova,
Sara Qədimova, Rübabə
Muradova, Gülağa Məmmədov, Əbülfət
Əliyev, opera müğənniləri
Əlövsət Sadıqov,
Yavər Kələntərli
və başqaları
Əliağa Quliyevin rəhbərlik etdiyi ansamblların müşayiəti
ilə çıxış
etmişlər. Sənətkarın sadəliyi, mehribanlığı,
gənc ifaçılara
hədsiz qayğısı
qısa müddətdə
istedadlı gənclərin
onun ətrafına toplanmasına səbəb
olurdu. Arif Babayev, Süleyman Abdullayev, Teymur Mustafayev, Sabir Mirzəyev, Mais Məmmədov kimi istedadlı müğənnilər
ansamblda yetişib, püxtələşmişdilər. Həmçinin Teyyub Dəmirov, Baba Salahov, Əhsən Dadaşov, Hafiz
Mirzəyev və başqaları bu ansamblın parlaq istedadı ilə tanınan üzvləri idilər.
Ə.Quliyevin görkəmli müğənnilər,
SSRİ xalq artistləri
Rəşid Behbudov və Zeynəb Xanlarova ilə sıx yaradıcılıq
əlaqələri olub.
Paris, Marsel, Neapol, İstanbul, Ankara, Varşava,
Praqa, Qahirə, Tehran,
Dehli, Cakarta, İsgəndəriyyə və
başqa şəhərlərdəki
çıxışları bu gün də
xatirələrdə yaşayır.
Mahir ifaçı 1960-cı ildə respublikanın Əməkdar artisti,
1989-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 11 yanvar 1998-ci ildə vəfat edib.
Əsl sənət həmişə
dəyərlidir
Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində
sənətkarın 100 illik
yubileyi qeyd edildi. Mərasimdə tarzənin həyat
və yaradıcılığından
söhbət açıldı,
yetirmələri, onunla
birgə çalışan
tanınmış xanəndələrin
ifasında muğam və təsniflər səsləndi. Uzun illər ustad tarzənlə birlikdə işləmiş xalq artistləri Ramiz Quliyev, Zamiq Əliyev, Arif Babayev, Azərbaycan Milli Konservatoriyasının
müəllimi, tarzən
Rafiq Musazadə və digərləri xatirələrini bölüşdülər.
Bildirildi ki, Ə.Quliyev
uşaq kimi pak, məsum, xeyirxah bir insan
idi. Onda Üzeyir bəyin,
Qurban Pirimovun, Əhməd Bakıxanovun,
Mansur Mansurovun nəfəsi
vardı. İfası ilə
hər bir müğənninin ürəyinin
sarı siminə toxunan böyük sənətkar idi. O həm də mənalı, maraqlı həyat yolu keçmiş, Üzeyir bəyin tərbiyəsini görmüşdü.
Qeyd edildi ki, 65 ilə yaxın sinəsinə sıxdığı
tarı ilə Azərbaycan musiqisini tərənnüm edən
tarzən həm mahir solo ifaçı, həm də müşayiətçi idi.
Onun ifasında lentə alınan muğamlarımız
Azərbaycanın musiqi
salnaməsinə daxil
olub. Bu gün
gənc tarzənlər
onun ifaçılıq
texnikasından yararlanırlar.
Ə.Quliyevin eyni zamanda “Dağlar", "Alyanaq",
"Vüsal nəğməsi”
kimi populyar mahnılarını tanınmış
müğənnilər ifa
ediblər.
Bəli, Əliağa Quliyev
əsl sənətkar
ömrü yaşayıb.
O, mahir ifaçı,
müşayiətçi olmaqla
bərabər, həm
də bacarıqlı
musiqi təşkilatçısı
idi. Xalqa, millətə sədaqətlə
xidmət edənlər
isə heç zaman unudulmurlar. Sevilən ifaçı cismən bizi tərk etsə də, sənətdə qoyduğu
izlə qəlblərdə
yaşayır.
L.Azəri
Mədəniyyət.- 2017.- 14 iyun.-
S.11.