Festival bitsə
də, sənət eşqi tükənməzdir
“Festivalda
qalib gəlib-gəlməmək
vacib deyil. Vacib olan budur
ki, 32 xalq teatrı kollektivi öz mövcudluğunu bəyan edib”
İyunun 14-də II Respublika Xalq Teatrları Festivalının bağlanış
mərasimi keçirildi.
Festivala marağın
böyük və həqiqətən də,
bölgələrdə teatr
həvəskarlarının sayca çox olmasına bundan yaxşı sübut ola bilməzdi:
“açıq qapı»
prinsipi ilə keçirilmiş final mərhələsinin
son gününə təsadüf
edən təltif mərasiminin başlamasına
15 dəqiqə qalmış
Akademik Milli Dram Teatrının salonunda boş yer yox
idi...
Mərasimin aparıcıları - Əməkdar artist Elşən
Rüstəmov və aktrisa Günel Məmmədova hər kəsi salamladıqdan sonra festivala qatılmış kollektivlərin
tamaşalarından fraqmentlər
əsasında hazırlanmış
videoçarx nümayiş
etdirildi. Festivalda iştirak
etmiş 32 kollektivin oynadığı tamaşaların
fraqmenti kollektivin adı ilə birlikdə göstərildiyi
üçün izləyicilər
də kimləri alqışladıqlarını rahat bildilər.
* * *
Sonra səhnəyə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev dəvət edildi. Nazir əvvəlcə festival iştirakçılarını
salamlamaqla yanaşı,
hər kəsi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik
etdi. Bildirdi ki, II Respublika Xalq Teatrları Festivalının yekun mərasimini belə bir günə salmağımız təsadüfi
deyil: “Ona görə ki, bu günü bizə bəxş edən Heydər Əliyev hər zaman milli mədəniyyətin,
incəsənətin təbliğinə,
inkişafına böyük
diqqət və qayğı göstərib,
Azərbaycana rəhbərlik
etdiyi illərdə həmişə yaradıcı
insanların qayğısına
qalıb. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyev həmin siyasəti bu gün uğurla
davam etdirir. Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva ölkəmizin mədəni-yaradıcı potensialının
bütün dünyada
təbliği, tanıdılması
üçün səylərini
əsirgəmir”.
Əbülfəs Qarayev qeyd etdi ki, başa
çatan festivalın
əhəmiyyəti böyükdür.
144 yaşına çatmış peşəkar
Azərbaycan teatrı
da həvəskarların,
cəmiyyətin həyatında
teatrın rolunu dərk edən ziyalıların təşəbbüsü
ilə yaranıb.
Azərbaycanın şəhər
və rayonlarından
32 həvəskar teatr
truppası öz qüvvəsini festivalda sınayırsa, bu, artıq ciddi göstəricidir: “Münsiflər
heyətinin mənə
məlumat verdiyinə
görə, onlar ən müxtəlif tamaşalara, musiqili tamaşadan kukla teatrı tamaşalarınadək
fərqli janr və mövzularda səhnə əsərlərinə
baxıblar. Festivalda qalib gəlib-gəlməmək
vacib deyil. Vacib olan budur ki,
32 xalq teatrı kollektivi öz mövcudluğunu bəyan
edib”.
Nazir onu da vurğuladı
ki, Azərbaycan teatrının çox məşhur simaları məhz xalq teatrından peşəkar
səhnəyə gəliblər:
“Mən əminəm ki, bu festivalda
çıxış etmiş
neçə gənc aktyor, rejissor peşəkar teatra gələcək, belə
sənət yarışları
milli teatrımızın
inkişafına təkan
verəcək. Mən dövlət
teatrlarının rəhbərlərinə
üzümü tutub deyirəm ki, xalq teatrlarına kömək edin, istedadları bölgələrdə
də axtarın.
Bu gün Azərbaycanın
bütün bölgələrinə
turist axını var.
Buna görə də
bölgələrdəki mədəni
həyatı, xalq yaradıcılığının ən müxtəlif formalarını dəstəkləmək
lazımdır”.
* * *
Nazirin çıxışından sonra finalçı kollektivlərin nümayəndələri musiqi sədaları altında səhnəyə daxil oldular. Səhnədəkilərin və salondakıların alqışları altında münsiflər heyəti səhnəyə çıxdı. Münsiflər heyətinin sədri Vaqif Əsədov festivalın seçim turlarında əsl teatr fədakarları, istedad sahibləri ilə qarşılaşdığını, maraqlı tamaşalara baxdıqlarını söylədi. Bildirdi ki, xalq teatrları festivalının muğam müsabiqəsi kimi davamlı olması, yeni istedadların kəşf edilməsi, Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərinin də sonrakı baxışların münsiflər heyətinə daxil edilməsi milli teatr prosesinin xeyrinə olar.
Gənc müğənnilərin, rəqs ansamblının çıxışları ilə süslənən təltif mərasimində ən xırda detallar da nəzərə alınmışdı. Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı və Musiqili Teatrın aktyorları bir-bir səhnəyə qalxıb qaliblərə diplom və mükafatları təqdim etdilər.
Festivala qatqısı qiymətləndirilənlər isə az deyildi. Bəri başdan deyək ki, finala çıxmış bütün kollektivlərin əməyi xüsusi iştirakçı diplomu ilə qiymətləndirildi. Festivalın ən yaxşı qadın və kişi rollarının ifaçısı, ən yaxşı rejissor işinə görə, eləcə də ən kiçik və ən yaşlı iştirakçı, epizodik rolun ən yaxşı ifaçısı, ikinci dərəcəli qadın və kişi rollarının iki ən yaxşı ifaçısı üçün diplomlar da öz sahiblərinə çatdı. «Ən yaxşı aktrisa» diplomu Günay Qədiməliyevaya (H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı) və Aysel Yusubovaya (Zaqatala Xalq teatrı), «Ən yaxşı aktyor» diplomu Vaqif Məmmədxanova (Xaçmaz Xalq teatrı) və Müqəddəs Yekayevə (Zaqatala Xalq teatrı) verildi. Xaçmaz Xalq teatrının «Diqqət, başlayıram» tamaşasına quruluş verən İlham Tağıyev isə ən yaxşı rejissor kimi fərqləndi.
Nəhayət, ən həyəcanlı məqam yetişdi. Münsiflər heyətinin qərarına görə 3-cü yer üçün üç, 2-ci yer üçün iki, 1-ci yer üçün isə bir mükafat təsis edilmişdi.
Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı, Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evinin Xalq teatrı, Sabirabad Xalq teatrı III mükafata, Zaqatala Xalq teatrı və Yevlax Xalq teatrı II mükafata layiq görüldülər. I yerin sahibini isə şəxsən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev elan etdi: Xaçmaz Xalq teatrı II Respublika Xalq Teatrları Festivalında qalib oldu.
* * *
İyunun 14-də Akademik Milli Dram Teatrına axışanlar teatrsevərlərdən daha çox, öz iş yoldaşlarının, qohumlarının, yerlilərinin təəssübünü çəkərək, onların uğurunu alqışlamaq üçün gələnlər idi. Amma inanırıq ki, bu sağlam tərəfkeşlik əsl teatrsevərliyə doğru atılan bir addımdır. Çünki bizim öz istedadlarımızı tanımağa ehtiyacımız var.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 17 iyun.-
S.3.