Ölkəmizdə muzey işinin inkişafı ümummilli liderin adı ilə bağlıdır

 

 

 

   İyunun 13-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir keçirildi.

   Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə dövlət qayğısından danışdı. Qeyd etdi ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən duyan ulu öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Onun təşəbbüsü ilə o vaxtkı Mədəniyyət Nazirliyinin Muzey işi üzrə elmi-metodik mərkəzi, Muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, Muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunub. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının mənzil-muzeyləri, habelə bölgələrdə tarix-diyarşünaslıq muzeyləri də ulu öndərin təşəbbüs və himayəsi sayəsində yaradılıb.

   Qeyd olundu ki, Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyətlər əldə edilib.

   Bülbülün memorial muzeyinin direktoru Fərqanə Cabbarova çıxışında milli-mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni muzeylərin yaradılmasının təşəbbüskarı olan Heydər Əliyevin sözlərini xatırlatdı: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu onu gələcək nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Bildirdi ki, ulu öndərin bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayan belə tövsiyələri həm paytaxtımızda, həm də bölgələrdə nəzərə alınır, uğurlu nəticələr verir.

   Tədbirdə Heydər Əliyevin sevə-sevə dinlədiyi musiqi əsərləri - M.Maqomayevin “Azərbaycan”, T.Quliyevin “Qızıl üzük”, NiyazininArzu”, “Mənim kimi gözəli”, S.Rüstəmovun “Alagöz”, A.Zeynallının “Ölkəm”, Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra səsləndi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.4.