Sənətkarla vida mərasimi

 

 

   İyunun 14-də Təzəpir məscidində Əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyevlə vida mərasimi keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaxınları iştirak edirdi.

   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Rauf Əliyevin həyat və fəaliyyətindən danışdı. Bildirildi ki, Rauf Əliyev zəngin yaradıcılığı ilə yanaşı, həm də gözəl insani keyfiyyətlərə sahib bir şəxsiyyət idi. Bəstəkarlar İttifaqının təşkil etdiyi elə bir tədbir yox idi ki, o, orada iştirak etməsin. Əsərləri də tez-tez tədbirlərdə, konsert salonlarında səsləndirilirdi.

   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki, mərhum uzun illər kinostudiyanın musiqi üzrə baş redaktoru olub. Bəstəkar “Fəryad”, “Yalan” bədii filmlərinə, digər ekran əsərlərinə musiqi yazıb. OnunAna yurdum, Azərbaycan” odası, “Türk oğlu, irəli!” marşı, “Memorial-Qarabağ” və digər əsərləri Vətənə, torpağa, xalqa bağlılığından, tükənməz vətənpərvərliyindən xəbər verir.

   Vida mərasimindən sonra mərhumun cənazəsi son mənzilə yola salındı.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.10.