Doktor Lalbyuzla başlayan
kiçik qalereya
17 iyun - Azərbaycanda
səhiyyə işçilərinin peşə
bayramıdır. Bu münasibətlə
istədik ki, milli dramaturgiyamızdakı həkim
obrazlarına, ötəri də olsa, nəzər salaq.
Çox axtardıq, çox vərəqlədik, amma
tapdığımız məşhur həkim
obrazlarının sayı az, maraqlı surətlər
qalereyası isə kiçik oldu. Əslində
müəlliflərin yaratdıqları bütün obrazlar
hansısa peşə, sənət sahibi olur. Lakin bu mənsubiyyətin onların əsərdə
təsvir edilən davranışına, əsərin qayəsinə
uyğunluğu bizi daha çox
maraqlandırdığından seçim imkanımız
daraldı. Bu səbəbdən başlayaq
Mirzə Cəlilin yaratdığı Doktor Lalbyuzdan.
Dilini bilmirsənsə,
dərdini haradan tapacaqsan?
Cəlil Məmmədquluzadənin
səhnə taleyi digər pyesləri qədər uğurlu
olmayan "Dəli yığıncağı"
tragikomediyasında Doktor Lalbyuz adlı əmiristanlı (bunu
amerikalı, ingiltərəli kimi də yozmaq olar) psixiatr
obrazı var. Azərbaycan dilində bu həkimin
soyadını iki sözə ayırıb
yumşaldıcı "y" samitini çıxdıqda
maraqlı bir nəsnə alınır: lal və buz! Guya dəliləri sağaltmaq üçün dəvət
edilmiş həkim öz pasiyentlərinin dilini bilmir, üstəlik,
özü də onların gününə düşməsin
deyə, xəstələrinə münasibətdə maksimum
soyuqqanlılıq nümayiş etdirir. Bəlkə
də həmin psixiatr freydizmin əsl təbliğatçısı,
Yunqun inadkar ardıcılıdır, amma çifayda?!
Mirzə Cəlilin təbirincə desək, zira bir xəstə
cəmiyyətin mərəzini anlayıb ona şəfa
çarəsi tapmaqdan ötrü gərəkdir ki, təbib də
həmin qövmün içindən çıxa! Amma Doktor Lalbyuz dəvət aldığı qövmə
bələd deyil, şəhər əhlinin
danışdığı dildə bildiyi söz də
"dali" (yəni, dəli) kəlməsidir, çarə
tapmalı olduğu insandan lüğətə baxıb
soruşduğu "sənin ad nə?" sualıdır.
"Dəli
yığıncağı"nın səhnə
taleyi ilə teatra dair kitablarda xeyli araşdırma aparsaq da,
1978-ci ildə Akademik Dram Teatrında Mehdi Məmmədovun
quruluşuna qədər elə bir yaddaqalan səhnə
versiyası barədə məlumata gəlmədik. Olsun ki, hakim sovet ideologiyası da keçmiş rus
imperiyasının mənəvi davamı kimi əsərdə
bütün cəmiyyətin dəli olaraq təqdimatını
məqbul saymadığından bu pyes bir növ “dissident”ə
çevrilib.
Xoşbəxtlikdən,
bu sətirlərin müəllifi "Dəli
yığıncağı" tamaşasını həm səhnədən,
həm də videoyazı versiyasından izləyib. 70-ci
illərinin sonunda "Dəli
yığıncağı"nın salona ötürülən
məramını və Mehdi Məmmədovun səhnə
estetikasını anlayacaq yaşda olmasam da, həmin
tamaşada İsmayıl Osmanlı, Hamlet Xanızadə, Səməndər
Rzayev, Şəfiqə Məmmədova kimi aktyorların
mükəmməl ifasını hiss edirdim. Bu
yerdə mərhum aktyorumuz Hamlet Qurbanovun Lalbyuz rolundakı
çıxışını xatırlamağa dəyər.
Aktyorun iri mavi gözlərinə donuq, biganəlik
ifadəsi çökdürərək səhnədə
görünməsi, sözsüzlüyünü üz cizgiləri
və baxışları ilə oynaması Mirzə Cəlilin
demək istədiklərinin əksi idi.
Hazırda Gəncə
Dövlət Dram Teatrının repertuarındakı "Dəli
yığıncağı" komediyası dramaturqun məramından
fərqlidir. Quruluşçu rejissor
İradə Gözəlova tamaşadakı ağırlıq
mərkəzini məhz doktor Lalbyuzun üzərinə
keçirib, aktyor İlham Hüseynov da zahirən elə şəfasını
tapmalı olduğu qövmlə eyni görkəmdə
çıxır. Amma çifayda? Cəmiyyəti sağaltmaq üçün onunla həmrəng,
həmlibas yox, onunla həmdərd olmaq gərəkdir.
"Ağxalatlı
qız", yoxsa "Göz həkimi"?
Akademik Dram Teatrının salnaməsində
maraqlı bir qeyd var. 1952-ci il sentyabrın
19-da teatrda İslam Səfərlinin "Ağxalatlı
qız" pyesinin oxunuşu olub. Və... növbəti
qeyd 1955-ci ilin fevralına aiddir. Ayın 26-da
teatrda Əliheydər Ələkbərovun quruluşunda
"Göz həkimi" tamaşasının premyerası
keçirilib. Dövrünün gözəl
aktyorlarının - Məmmədrza Şeyxzamanov, Həsənağa
Salayev, Sofa Bəsirzadə, Fatma Qədri, Leyla Bədirbəyli,
Mirvari Novruzova və Möhsün Sənaninin rol
aldığı həmin tamaşa - tibb bacısı Gülər
ilə sürücü Həsənağanın sayəsində
güclü komik elementləri olan sənət və ailə
münasibətlərinin bir-biri ilə üzvü surətdə
çulğalaşdığı dram idi. Lakin deyə bilərik
ki, "Göz həkimi"nin
yazıldığı illər Azərbaycanda
oftalmologiyanın elmi-nəzəri və praktiki yüksəlişi
dövrünə təsadüf edir. Şair-dramaturq
İslam Səfərlinin də o illərdə gənc və cəsarətli
elmi axtarışları ilə tanınan göz həkimi,
sonralar akademik səviyyəsinə yüksələcək Zərifə
xanım Əliyeva ilə görüşdüyü, ondan
göz xəstəliklərinin aktual problemləri barədə
elmi məsləhət aldığı məlumdur.
Professor Şahbazov məşhur
göz cərrahıdır, amma öz gənclik nailiyyətlərinə
arxalanaraq yenilikləri qəbul etməyən bir alimdir. Bu üzdən də tələbəsi və gələcək
gəlini İradənin elmi yenilikləri ailə
bağlarından üstün tutmasına dözə bilmir.
Şahbazovun oğlu Raufa "Sən atana ağ
olan bir qızı sevməməlisən!" tələbi də
göstərir ki, professor təkcə elmdə yox, həyatda
da geri qalıb. İlk quruluşda
Şahbazov rolunda Məmmədrza Şeyxzamanov, İradə
rolunda isə Sofa Bəsirzadə oynayıb.
Maraqlıdır ki, 1980-ci ildə Lütfi Məmmədbəyov
"Göz həkimi"nin
televersiyasını (televiziya rejissoru - Tariyel Vəliyev)
hazırlayarkən Sofa xanıma dosent, vicdanlı həkim,
İradənin himayədarı Nina Nikolayevna obrazını həvalə
edib. İradəni də, Nina Nikolayevnanı da
birləşdirən əsas cəhət bu həkim
xanımların öz işinə sədaqəti və məsuliyyəti
ilə həmkarlarından seçilməsidir.
Tibb bacısı
Gülər - sürücü Həsənağa xətti isə
elə ilk quruluşdan geniş tamaşaçı rəğbətini
qazanmışdı. Əvəzsiz Möhsün Sənani
ilə Mirvari Novruzova (onun dublyoru Məhluqə Sadıqova olsa
da, həmin tamaşanın yadigar lentlərində Gülər
rolunda Ətayə Əliyevanı görürük) tandemi
"Göz həkimi"nin uğurunu təmin
edən üstün cəhət idi. Bir neçə
ay ərzində tamaşa 50 dəfə
oynanılmışdı. Əsərin televiziya
versiyasında isə Bürcəli Əsgərov (Şahbazov),
Vəfa Fətullayeva (İradə), Rafael Dadaşov (Rauf),
Yaşar Nuriyev (Həsənağa), Firəngiz Mütəllimova
(Gülər) çıxış edirlər.
Bir teatrda "İkinci səs",
o birisində "Hicran"
1968-1969-cu teatr
mövsümündə Akademik Dram Teatrında Bəxtiyar
Vahabzadənin "İkinci səs" psixoloji pyesi
tamaşaya qoyuldu. Əsərdə məslək-şəxsi
münasibət arasında çırpınan həkim Arzunun
həyat hekayəsi bir neçə rakursdan təqdim edilir.
Sevdiyi kişinin - Rəşadın həyat
yoldaşı Həyatı Arzu müalicə etməli olur.
Ərinin biganəliyi üzündən
iztirabları fizioloji ağrılara keçən zavallı və
hər şeydən xəbərsiz Həyat isə
bütün gümanlarını öz həkimi ilə
bölüşür. Tamaşaya Əşrəf Quliyev
quruluş verir, əsas rollarda Həsənağa Salayev, Səməndər
Rzayev, Leyla Bədirbəyli, Hökümə Qurbanova, Məhluqə
Sadıqova, Şəfiqə Məmmədova və Hamlet
Qurbanov çıxış edirlər. Bu
tamaşa uzun illər repertuarda qalır, sonralar isə
"Kimdir haqlı?" adı ilə yenidən səhnəyə
qoyulur.
Bəxtiyar Vahabzadə
ilə təxminən eyni vaxtda - milli dramaturgiyamızın digər
janrında uğur qazanan Sabit Rəhman da titul qəhrəmanı
həkim qız olan "Hicran" pyesini yazır. Amma bu əsəri səhnədə görmək ona
nəsib olmur. Bəstəkar oğlu Emin
Sabitoğlu "Hicran" musiqili komediyasını bir qədər
sonra bitirir və əsər 1972-1973-cü mövsüm ilində
səhnələşdirilir. Bu tamaşa Azərbaycan
teatrında ən çox oynanılan və sevilən
komediyalardan biridir. İstər xarakter, istərsə
də ifa baxımından Qızbacı-Dadaşbala-Mitoş
üçlüyü digər hadisə və
iştirakçıları kölgədə qoysa da, hər
halda əsərin baş qəhrəmanı Hicrandır.
Anlaşılmazlıq üzündən
sevgilisindən aralı düşən, “təcili
yardım" həkimi olaraq çağırışa gəldiyi
mənzildə təsadüfən sevdiyi oğlanı tapan və
ona qovuşan həkim qız! Deməli, həkim qədər
ciddi sənət sahibi də məzəli səhnə əsərinin
qəhrəmanı ola bilərmiş...
Bütün həkimlər peşəsinin əzabını
çəkmir ki!...
Pasiyentə həsəd aparan həkim...
Həyatda öz xəstəsinə ciddi-ciddi həsəd aparan həkim görmüsünüz?.. Qəliz sualdır. Amma səhnədə... Bir neçə il öncə Milli Dram Teatrında Xala yazıçısı Elçinin "Şekspir" komediyası tamaşaya qoyuldu. Bir psixiatriya klinikasının tibb personalı - Baş həkim, Həkim və Sanitar xəyal aləmində yaşayan, ətrafdakı insanlar üçün zərrəcə qorxulu olmayan "xəstələri" heç cür anlaya bilmir, deməli, həm də onları sağalda bilmirlər. Dəli damğası vurulmuşlar da əslində müalicə olunmurlar: çünki dərmanları qəbul etmir və bunu da hər kəsdən məharətlə gizlədirlər. Əsərin qayəsi nədir? Psixiatriya elmi hələ belə "dəliləri" anlayıb sağaltmağa qadir deyil, üstəlik, onları sağaltmaq istəyənlərin özü - xüsusilə də Baş həkim bu dünyadan baş götürüb qaçmaq istəyir. Drob-13 isimli "xəstə"nin yadplanetli olmasına dair israrları düz çıxandan sonra Baş həkim özü onun ardınca gələn "boşqab"a minib bu dünyadan qaçmaq istəyir.
* * *
Qəribədir, deyilmi? Azərbaycan teatrının həkim personajlarının ilki - bu cəmiyyətə yad bir ünsür, onu dərk etməyən psixiatr Lalbyuz, hələlik sonuncusu da bu dünyanın düzənindən bezən psixiatr Baş həkimdir. Digər tərəfdən, "Şekspir" pyesinin Azərbaycandan kənarda da səhnələşdirildiyini nəzərə alsaq, bu problemin ümumbəşəri olduğunu qəbul etməyimiz gərəkdir.
Hər halda bütün bunlar bizi Azərbaycanın səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik etməyimizə mane olmur. Ola bilsin ki, səhnədə həkim obrazı istədiyiniz qədər deyil. Əsas odur ki, həyatda sevimli, etibarlı həkimlər çox olsun.
Bayramınız mübarək!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2017.- 17 iyun.-
S.13.