Vokal sənətimizin banisi Bülbülün
yubileyinə həsr olunmuş tədbir
İyunun 16-da Azərbaycan milli vokal sənətinin banisi Bülbülün memorial muzeyində sənətkarın 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Muzeyin direktoru Fərqanə Cabbarova tədbiri açaraq görkəmli musiqiçinin ömür yolundan danışdı.
Qeyd etdi ki, Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül) 22 iyun 1897-ci ildə Şuşada dünyaya göz açıb. Səhnə fəaliyyətinə 1916-cı ildə başlayıb. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin Leyli və Məcnun, Əsli və Kərəm, Z.Hacıbəyovun Aşıq Qərib operalarında oynayıb. Bakı Konservatoriyasını 1927-ci ildə bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. Orada təhsilini 1931-ci ildə başa vurub. Sonra Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyib, tədris ocağının professoru olub. Bülbülün təşəbbüsü ilə 1932-ci ildə konservatoriyanın nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi tədqiqat kabineti yaradılıb. Uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan vokalçının əməyi yüksək qiymətləndirilib. O, 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb. Sonra SSRİ Dövlət mükafatı laureatı olub. Lenin, Qırmızı əmək bayrağı, Şərəf nişanı ordenlərinə layiq görülüb. Görkəmli sənətkar 26 sentyabr 1961-ci ildə vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək sənətkarın aşıq yaradıcılığının tədqiqi ilə bağlı fəaliyyətindən danışdı. Qeyd etdi ki, Bülbül aşıq yaradıcılığına çox böyük sevgi ilə yanaşıb. Respublikanın müxtəlif rayonlarına xüsusi ekspedisiyalar təşkil edib. Onun təşəbbüsü ilə aşıqların müşavirəsi keçirilib, şifahi aşıq yaradıcılığı materiallarının toplanması üçün qrup yaradılıb. Nəticədə 250 çap vərəqi həcmində dastan, nağıl, qoşma və aşıq musiqisi nümunələri yazıya alınıb.
Çıxışlardan sonra əməkdar artistlər Fərid Əliyev, Afaq Abbasova, Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Cavanşir Rüstəmbəyli və başqalarının ifasında Bülbülün repertuarından Ölkəm, Süsən-sünbül, Sevgili canan, Yaxan düymələ, Qara gözlər, Çal-oyna, Xumar oldum və s. əsərlər səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 21 iyun.-
S.14.