Tarixi xidmətləri olan insanların həyatı dəyərli nəşrlərdə yaddaşlara köçür

 

 

   “Əziz Əliyev. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirildi

  

   İyunun 20-də Azərbaycan Milli Kitabxanasında “Əziz Əliyev. Biblioqrafiya” kitabının və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Milli Kitabxana tərəfindən hazırlanan və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunan kitab dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilib.

   Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 18 noyabr 2016-cı il tarixində Əziz Əliyevin 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını bildirdi. Qeyd etdi ki, yubiley respublikamızda silsilə tədbirlərlə qeyd olunur. Görkəmli alimin vətən və xalq qarşısında böyük xidmətlərindən danışan direktor təqdim edilən kitabın Əziz Əliyevin yubileyinə töhfə olduğunu diqqətə çatdırdı.

   Sonra Milli Kitabxana tərəfindən hazırlanmış Əziz Əliyev haqqında qısa film nümayiş olundu.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən, respublikamızda səhiyyə sisteminintibb təhsilinin formalaşdırılmasında xüsusi xidmətlərindən söz açdı. Bildirdi ki, tariximiz və cəmiyyətimiz üçün töhfə verən insanların həyat və fəaliyyətləri dəyərli nəşrlərdə yaddaşlara köçür. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ərəfəsində nazirlik bu biblioqrafik göstəricini nəşr etməklə xalqımıza xidmət etmiş övladının xatirəsinə öz töhfəsini vermiş olur.

   Qeyd olundu ki, Əziz Əliyevin həyat və fəaliyyəti Azərbaycan tarixinin mühüm bir mərhələsini əhatə edir: “O, yüksək təşkilatçılıq bacarığını təkcə Azərbaycanda deyil, respublikamızdan kənarda da nümayiş etdirmişdir. Qərbi Azərbaycanda dünyaya gələn alim orada baş verən qanlı hadisələrin şahidi olmuşdur. Əziz Əliyev uşaqlıq illərindən həkim olmağı arzulayır və buna nail olur. Lakin o, insanlara yalnız sağlamlıq bəxş etməklə qalmır, həm də böyük səhiyyə təşkilatçısı kimi tarixdə iz qoyur”.

   Nazir Əziz Əliyevin ailəsinin mədəniyyətə və sənətə yaxın olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu ənənə bu gündavam edir: “Ailənin özülü savad və yaradıcılıq üzərində qurulub. Məşhur nəslin davamçıları daim ölkəmiz üçün çalışaraq onun rifahına xidmət edirlər. Dağıstanın da tarixində silinməz izlər qoyan Əziz Əliyevin xatirəsi orada da daim hörmət və ehtiramla yad olunur. Azərbaycan öz ləyaqətli övladlarını heç vaxt unutmur”.

   Mərasimdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Qasımov, Milli Məclisin üzvü Aydın Mirzəzadə, publisist-politoloq Reyhan Mirzəzadə çıxış edərək görkəmli alimin nümunəvi həyat yolundan söz açdılar. Qeyd olundu ki, ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyev Azərbaycan və Dağıstan xalqlarının əbədi dostluğunun simvoludur. Onun gördüyü işlər tarixi hadisə kimi dəyərləndirilməlidir. Görkəmli alimin II Dünya müharibəsi dövründə həyata keçirdiyi işlər mühüm hərbi-siyasi əhəmiyyətə malik idi.

   Bakı Dövlət Universiteti Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov Əziz Əliyev haqqında tərtib olunmuş fundamental kitab haqqında məlumat verdi. Bildirdi ki, biblioqrafiya 1933-cü ildən 2017-ci ilədək olan dövrü əhatə edir. Azərbaycan və rus dillərində tərtib olunan kitabda görkəmli alimin əsərləri, həyat və yaradıcılığına dair materiallar xronoloji prinsiplə əksini tapıb. “Əziz Əliyev. Biblioqrafiya” kitabı tədqiqatçılar üçün maraqlı mənbədir.

   Sonda Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova “Əziz Əliyev” elektron məlumat bazasını təqdim etdi.

   Tədbir iştirakçıları görkəmli alim və dövlət xadiminin zəngin həyat yolunu əks etdirən “Əziz Əliyev -120” adlı kitab sərgisi ilə də tanış oldular.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.3.