"Diqqət, başlayıram"!

 

 

   Bu tamaşanı hazırlayan kollektivə diqqət yetirməyə dəyər

  

   II Respublika Xalq Teatrları Festivalı başa çatdı. Qalib mükafatçılar da məlumdur. Biz isə festivalın qalibi - Xaçmaz Xalq teatrı ilə yaxından tanış olmaq istədik. Festivalın final mərhələsinin keçirildiyi Akademik Milli Dram Teatrının kulisində kollektivin bədii rəhbəri rejissoru İlham Tağıyevlə söhbət edirik.

 

   - Xaçmazda yerli teatrın tarixi ötən əsrin altmışıncı illərindən başlayır. İllərlə bizim rayonda xalq teatrı fəaliyyətdə olub, lakin sonralar bu məsələ yaddan çıxdı, arxa plana keçdi. 2010-cu ildə fəaliyyətimizi bərpa etdik. Məqsədimiz - xalq teatrı adını almaq idi. 2015-ci ildə Mədəniyyət Turizm Nazirliyinə müraciət etdik Milli teatr günündə nazir Əbülfəs Qarayevin əmri ilə bizim özfəaliyyət kollektivinəXalq teatrıadı verildi. Qarşıdakı məqsədimiz dövlət teatrı statusuna layiq kollektiv formalaşdırmaqdır.

   - Kollektivdə neçə aktyor var?

   - İyirmi nəfər. Əksəriyyəti əvvəllər xalq teatrının səhnəsində çıxış etmiş yaşlı nəslin nümayəndəsi olsa da, aralarında cavanlar da var. Ən yaşlı aktyorumuzun - Vahid Qəribovun 60 yaşı tamam olacaq. Ən gənc aktyorlarımız 9-10-cu sinif şagirdləridir. Düzdür, aktyorlarımızın heç birinin ixtisas təhsili yoxdur, amma istedad baxımından peşəkarlardan geri qalmırlar.

   - Bəs teatrın aktyorları hansı sənətin sahibidir?

   - Aralarında musiqi təhsili olanlar, xalq yaradıcılığı sahələrində çalışanlar, həmçinin incəsənətdən uzaq peşə sahibləri var. Heç bir yerdə işləməyən var. Bizə zal verilib, məşq etməyə, tamaşa oynamağa şəraitimiz olsa da, hələ teatra ştat verilməyib.

   - Amma, bildiyim qədər siz Mədəniyyət İncəsənət Universitetinin məzunusunuz...

   - Bəli, teatr rejissorluğu üzrə təhsil almışam. Mənim sənətdə kumirim mərhum aktyorumuz Yaşar Nuri, aktrisa Həmidə Ömərova, rejissor Eldar Quliyev kimi görkəmli sənətkarlar, Rəfiq Zəka Xəndan kimi tanınmış tədqiqatçı müəllimim olub.

   - Bölgədə xalq teatrında çalışmaq, onu yaşatmaq deməkdir?

   - Düzünü deyim ki, bu, çox çətin işdir. Teatrı yaşatmaq üçün mütləq ona dəstək verilməlidir, təkcə öz gücünlə yaşamaq çətindir...

   - Kollektiv müntəzəm çalışır, yoxsa elə festival üçün tamaşa hazırlamısınız?

   - Xeyr, biz müntəzəm işləyirik. Son vaxtlar Rəhman Əlizadənin iki pyesini - "Vicdansız" "Diqqət, başlayıram" pyeslərini hazırlamışıq ki, ikinci pyesi festivalda oynadıq. Çingiz Ələsgərlinin "İnsan ömrünün nağılı" psixoloji pyesinin üzərində işləyirik. Aktyorlarımızdan Tahir Yəhyayev həm teatrın ssenaristidir. Bayram tədbirlərinin kompozisiyasını, Novruz Yeni il tamaşalarının mətnlərini o yazır. Axı, bizim repertuarımızda uşaq tamaşaları da var. Hətta kukla tamaşaları da hazırlayırıq. Düzdür, kuklalarımız o qədər mükəmməl deyil, amma hər halda tamaşaçılar bizdən narazı qalmırlar.

   - Xaçmaz kurort zonasıdır, üstəlik, sizin teatr regional idarənin tabeliyindədir, yəqin ki, yay mövsümündə işiniz çox olar...

   - Elədir, yay mövsümü ilə əlaqədar istirahət mərkəzlərində çıxış etmək üçün xüsusi repertuar hazırlamışıq. Nəinki öz regionumuzda, həm Dağıstanda çıxış etməyi planlaşdırırıq. Teatr bir yerdə dayanmamalıdır, o, daim inkişafda, axtarışda olmalıdır. Baxın, biz, xalq teatrı olaraq, festivalda iştirak etmişik, ölkənin ana səhnəsində tamaşa oynamışıq. Hərçənd heç ağlımıza gəlməzdi ki, vaxtsa Akademik Milli Dram Teatrının səhnəsində çıxış edərik. Buna görə festivalın təşkilatçılarına çox minnətdarıq. Belə görüşlər, çıxışlar bizə stimul verir, aktyorlarımızı daha da həvəsləndirir. Bu gün bizim kollektivin bütün üzvləri üçün ən xoşbəxt günlərdən biridir. Gələn il Xaçmazda teatrın yaranmasının 60, milli teatrın yaranmasının 145 yaşı tamam olacaq. Biz bunu xüsusi yubiley tamaşası ilə qeyd etmək istəyirik.

   * * *

   II Respublika Xalq Teatrları Festivalının final mərhələsində bir neçə tamaşaya baxmaq imkanım oldu. Düzdür, həmin tamaşaları paytaxt teatrlarının tamaşaları ilə müqayisə etmək, həvəskar aktyorların çıxışını peşəkarlarda tutuşdurmaq düzgün deyil. Amma o da var ki, bölgələrimizdə də, paytaxtın özündə də bacarıqlı rejissorla müntəzəm çalışmaqla, daha çox ədəbiyyat oxumaqla, ustad dərsləri keçməklə peşəkar ola biləcək xeyli istedad var. Serial bumu yaşadığımız, əyləncə məkanlarının göbələk kimi artdığı dövrdə rejissorların, prodüserlərin həmin istedadlara nəzər salmasının faydası var.

   O ki qaldı tamaşasını seyr edib çox bəyəndiyim Xaçmaz Xalq teatrına, onlar düz yol seçiblər, qarşılarına qoyduqları məqsəd də realdır. Çünki hər işin, sahənin təməlini həvəskarlar qoyur, peşəkarlar davam etdirir.

  

   G. Mirməmməd

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.11.