Azərbaycandakı multikultural
şəraitdə milli-dini
azlıqların inkişafı
Molokan icmasına həsr olunmuş elmi seminar
İyunun 14-də
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunda növbəti
elmi seminar keçirilib.
Tədbirdə İnstitutun
direktoru, akademik Möhsün Nağısoylu,
layihənin rəhbəri
- professor Sayalı Sadıqova,
şöbə müdirləri
və əməkdaşlar
iştirak ediblər. Seminarda institutun Azərbaycan dilinin dialektologiyası şöbəsinin aparıcı
elmi işçisi Qüdsiyyə Qəmbərovanın
“Azərbaycanda multikultural
şəraitin molokan dilinə diaxronik-dialektoloji
təsiri” mövzusunda
məruzəsi dinlənilib.
O bildirib ki, molokanların dili rus dilinin
Cənub-şərqi Velikorus
şivəsinə aiddir.
Molokanizm
XIX əsrin əvvəlində
xristian ortodoks (pravoslav) kilsəsindən ayrılmış bir təriqətdir. Rusiyanın Saratov və Tambov bölgələrində
yaşayan molokanlar pravoslavlarla anlaşa bilməyiblər, başqa
yerlərə köçməyə
məcbur olublar.
Xristian qaydalarına görə, onlara həftədə iki gün süd
içməyə icazə
verildiyi halda, molokanlar buna etiraz edərək həftənin hər günü süd içilməsinə icazə
verilməsini tələb
edirdilər. Molokanlara görə,
oruc müəyyən
vaxt müddətində
deyil, insan özünün günahkar
olduğunu və nəfsinin ağlına üstün gəldiyini
hiss etdiyində tutulmalıdır.
Molokanların vicdan azadlığı
ilə bağlı müstəqilliyi onların
başqa dini inanclı insanların əhatəsində uzun illər yaşamasına imkan verib. Maraqlıdır ki, islamda haram sayılan donuz ətinə molokanizm də qadağa qoyur. Dəfn mərasimlərində xaçın
çəkilməməsi onları
digər xristian məzhəblərindən ayırır.
Molokanlar
azərbaycanlılar kimi
çoxuşaqlığı sevir və bu
ənənəni yaşadırlar.
Azərbaycanda məskunlaşan
molokanlar yaşayış
yerlərinə ya əvvəlki yaşayış
məskənlərinin, ya
da öz icma başçılarının
adlarını veriblər:
Saratovka (Gədəbəy),
Maryovka (Şamaxı),
İvanovka (İsmayıllı),
Novovasilevka (Neftçala)
və s.
Çıxışçı qeyd edib ki, molokanların bəzi dini dəyərlərinin islam dininin şərtləri ilə uyğun olması onları Azərbaycan türklərilə doğmalaşdırıb. Dinc şəraitdə yaşamaq molokanların həm də Azərbaycan dilinə rəğbət bəsləmələrinə səbəb olub. Sonda mövzu ətrafında müzakirələr aparılıb.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 21 iyun.-
S.11.