Üzeyir Hacıbəylinin ilk portreti

 

 

  Bir əsərin tarixçəsi 

  

   İşıqlı əməlləri ilə hələ sağlıqlarında xalqının əzizinə çevrilən bir çox tanınmış şəxsiyyətlərimizin zamanında müxtəlif səbəblərdən portretlərinin çəkilməməsi heç də ürəkaçan fakt deyil. Bizim günlərdə bu yoxluğun problem yaratmasına dəfələrlə şahidlik etmişik. Məlumat üçün bildirək ki, sovet dönəmində Nizami, Nəsimi, Füzuli və Aşıq Ələsgərin obrazının yaradılması üçün müsabiqələr keçirilib. Bu baxımdan məşhurlarımızın sağlıqlarında obrazlarının yaradılması təqdir olunmalı haldır. Hərçənd bir çox hallarda onlar təvazökarlıq göstərərək bu işə könülsüz yanaşıblar. Haqqında söz açmaq istədiyimiz portret də zamanında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin (1885-1948) könülsüz razılığı ilə çəkilmişdi...  

   Bu portret 1943-cü ildə Mikayıl Abdullayev (1921-2002) tərəfindən yaradılıb. O vaxt V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alan gənc rəssamın 22 yaşı vardı. Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verən Üzeyir bəy isə 58 yaşında idi. Gələcəkdə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi kimi tanınacaq gənc rəssamla görüşü onun ölümündən beş il öncə baş vermişdi. İndi olub-keçənləri saf-çürük edəndə, istər-istəməz “Nə yaxşı ki, bu portret o vaxt çəkilib!” sözlərini dilə gətiririk. Bu mənada o zaman naturaçı rolunu icra etməyə razılıq verən bəstəkara da, onun çox uğurlu portretini yaradan rəssama da rəhmət oxuyuruq...

   Əsərin yaranma tarixçəsi də çox maraqlıdır. Portret o vaxt yeni yaradılan Cəfər Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin ekspozisiyasını bəzəmək üçün nəzərdə tutulmuşdu. Onu rəssama görkəmli dramaturqun həyat yoldaşı Sona xanım sifariş etmişdi. Sifarişin məsuliyyətini dərindən hiss edən gənc rəssam onu hazır fotolar əsasında yaratmaq əvəzinə, bilavasitə naturadan işləmək qərarına gəlir. Mikayıl Abdullayev istəyini Üzeyir bəyə bildirəndə o, bu işə razılıq vermir. Sonralar məlum olur ki, buna onu vadar edən səbəb varmış. Belə ki, əvvəllər Moskvada rəssamlardan biri onun portretini çəkmək istəyib və bunun üçün bəstəkarın xeyli vaxtını alıb. Amma xeyli vaxt itkisinin qarşılığında nəticə yaxşı olmayıb və bu hadisə bəstəkarda rəssamlara qarşı bir inamsızlıq yaradıb. Bu baxımdan o, 22 yaşlı tələbənin yaxşı portret çəkəcəyinə də ümid bəsləməyib. O vaxtlar Bakıda İncəsənət İşləri İdarəsinin rəisi işləyən Xalq artisti Adil İsgəndərovun təkidindən və xahişindən sonra Üzeyir bəy bu işə razılıq verir.

   Həmin tarixi günləri Mikayıl Abdullayev belə xatırlayır: “Nəhayət, Üzeyir bəyin bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım. Konservatoriyanın o vaxtkı direktor müavini və Üzeyir bəyin şəxsi katibi Ramazan Xəlilovla əlaqə saxlayıb, təyin edilmiş vaxtdan da bir qədər əvvəl konservatoriyanın keçmiş “Krivoy” küçəsi tinində (kitab pasajının yaxınlığında) yerləşən köhnə və birmərtəbəli kiçik binasına gəldim. Üzeyir bəyin kabinetində pəncərə qabağında iş yerimi rahatlayaraq molbertin ayaqlarını açıb qurdum və rəngləri sahmanladım. Lövhə üçün hazırladığım çərçivəli kətanı üçayaqlı molbertə bənd etdim. Divardan asılan qədim saat zəngi on dəfə çaldı.

   Üzeyir bəy kabinetə daxil olanda mən cəld ayağa qalxdım və biz ehtiramla salamlaşdıq. Günahkar adamlar kimi məndən səs çıxmırdı. Ramazan iş ləvazimatımla Üzeyir bəyi tanış etməyə başladı. O isə sağ əlinin baş və şəhadət barmaqlarıyla bığlarını sığallayaraq dodaqaltı dedi: “Bilirəm, portret yaratmaq çətin məsələdir, mürəkkəb işdir”. Sonra kresloya əyləşdi və bir papiros yandırandan sonra, əllərini kreslonun qolları üstünə qoyub soruşdu: “Necə oturmalıyam?” Mən tez cavab verdim: “Elə bu cür, oturduğunuz kimi, sərbəst”.

   Kömürü əlimə alıb cəld işə başladım. Kabineti sakitlik bürümüşdü, yalnız kətan parçası üzərində gəzdirdiyim kömürün səsi-xışıltısı eşidilirdi. Otaqdakı sakitliyi Üzeyir bəyin özü pozdu və başını aşağı salıb kağızlarla məşğul olan Ramazana dedi: “Ramazan! Bir fikir ver. Mən özümü görürəm”. Sonra zəncirli cib saatını çıxarıb əlavə etdi: “Düz 15 dəqiqədir oturmuşam. Əhsən, qoçaq!”.

   Doğrusu, əvvəlcə təəccübləndim, sonra birdən yadıma düşdü ki, kətan çox nazik olduğuna görə bu yanda çəkdiyim rəsm o yandan görsənir. Mən dedim: “Üzeyir bəy, yorulmuşsunuzsa, dincələ bilərsiniz”. Mənim bu təklifimə o tez belə cavab verdi: “Əsla yorulmamışam, amma məmnuniyyətlə durub, bir o tərəfdən də baxardım...” Mən tez: “Buyurun, buyurun” - deyə pəncərənin qabağından çəkildim. O qalxıb kömür rəsminə çox səmimi təbəssümlə baxaraq əlavə etdi: “Bərəkallah! Bax, bu başqa məsələ. Belədə portretini çəkdirənin də öz vaxtına heyfi gəlməz. Otururam, işimizə davam edək”. Üzeyir bəyin bu sözlərindən sonra mən özümü tam sərbəst hiss etməyə başladım və keçirtdiyim müəyyən tərəddüd bir anda sovuşdu. Portreti üç-dörd seansa tamamladım.

   Muzeyin tələsdirdiyinə baxmayaraq, portreti onlara təhvil vermək bir qədər təxirə düşdü. Səbəbi isə bu idi: Səhər 9.30-da gəlib kabineti açdırdım ki, portreti və molberti aparım. Komendant qapını aça-aça mənə dedi: “Portreti dünən axşam biz apardıq Üzeyir bəyin evinə. Məleykə xanım portretə baxmaq istəyir, amma xəstə olduğuna görə bura gələ bilmir”. Mən üçayaqlı molberti açıb yığışdırdım və yolüstü Teatr Muzeyinə dəyib, əhvalatı Sona xanıma danışdım. Amma beş gün portretdən xəbər çıxmadı. Sona xanım isə yaman həyəcan keçirirdi: “Ay Mikayıl, ay başına dönüm, muzeyi açmalıyıq. Sən Allah, get o portreti gətir”.

   Doğrusu, Üzeyir bəyin evinə özüm zəng vurmağa utanırdım, odur ki, gəlib Ramazanı tapdım. O dedi: “Açığını deyim, bilirsən nə var? Portret onların o qədər xoşuna gəlib ki, vermirlər. Hətta məni müvəkkil ediblər sənə deyim və öyrənim, o portretin qiyməti nə qədərdirsə, Üzeyir bəy dəyər-qiymətini sənə vermək istəyir”. Düzü, mən bərk pərt oldum və bunu Ramazan da hiss etdi. Dedim: “Ramazan, nə danışırsan? Dünyasında heç mən belə şeyə razı olmaram. Üzeyir bəy Moskvada oxuyan bizim yaradıcı gəncliyə daim atalıq etmişdir. Elə mən də onların içərisində. Bunu məndən də yaxşı bilirsən. İndi mən durub ondan portret haqqı alım? Əksinə, bu mənim üçün şərəfdir!”

   Gənc rəssamla Ramazanın bu söhbətindən sonra portretin Üzeyir bəyə bağışlanılması qərara alınır. Amma rəssam bəstəkardan muzeydə yer alacaq ikinci portretin çəkilməsi üçün ona vaxt ayırmasını xahiş edir. Üzeyir bəy bu dəfə həvəslə buna razılıq verir. Həmin vaxt baş verənləri Mikayıl Abdullayev belə xatırlayır: “Tezliklə ikinci və həcm etibarı ilə böyük bir portret başladıq. Bu dəfə kabinetdəki iş masasının arxasında, tünd-qırmızı xalçanın fonunda o, barmaqlarını daraqlayıb əyləşdi və yavaşdan dedi: “İndi də belə oturaq”. Poza mənim çox xoşuma gəldi və dedim ki, Üzeyir bəy, bu poza mənə əvvəlkindən də xoş gəlir, amma bacardığınız qədər sərbəst oturun. Elə bilin, heç şəklinizi çəkmirlər”. O, gülümsəyərək hər tənəffüsdən sonra deyərdi: “Bax Ramazan! Mən heç şəklimi çəkdirmirəm ha! - Danış görüm, işlər nə təhər gedir?...Biz üçümüz də gülüşərdik...”

   Bir neçə seansdan sonra rəssam ikinci portreti də tamamlayır. Rəssamın özünə bu portret daha xoş gəlirdi. Belə ki, həmin əsərdə obraz daha yığcam görünür və tünd lövhədə yalnız üz və əllər işıqlanırdı. Bu ikinci portretin maraqlı bir macərası vardır. Həmin hadisəni Mikayıl Abdullayev belə nəql edir: “Həmin bu portret üzərində işimizi qurtarmaq vaxtı yaxınlaşırdı. Üzeyir bəyə bir balaca soyuq dəydi. O, iki-üç gün işə çıxmadı. Həmin günlər kabinet bağlı qalmışdı. Arada gəlib iş ləvazimatımı aparırdım. Bir dəfə elə oldu ki, gedəndə portreti iş masasının arxasındakı o qollu kreslonun qolları üstünə qoyaraq həmin divar xalçasına söykəyib getdim. Düzü, bu çox maraqlı yer idi, o mənada ki, çərçivənin yanları əsla görünmürdü, şəklin fonu çəkilmiş xalçanın rəngi ilə bir-birinə qarışırdı. Uzaqdan baxanda yalnız üz və əllər işıqlanaraq çox təbii və inandırıcı görsənirdi. Bu “effektə” portretin böyük həcmi, naturaya yaxın olması kömək edirdi. Vaxtdan istifadə edərək rənglərin qurumasını gözləyirdim. Ertəsi gün Üzeyir bəy evdən konservatoriyanın dəftərxanasına zəng vurub deyir ki, “Açarlar yadından çıxıb kabinetdə masanın üstündə qalıbdır”. Xidmətçi qadın gəlib kabinetin qapısını açıb içəri girən kimi, dərhal geri dönüb dəftərxanaya qayıdır və Üzeyir bəyin özünün gəldiyi xəbərini onlara çatdırır. Dəftərxanadakılar təəccüblənirlər ki, elə şey olmaz; əvvəla, Üzeyir bəy xəstədir, ikincisi, telefon zəngindən heç beş dəqiqə keçməyib; bu tezliklə də heç “monolit” binasından bura gəlib çatmaq olar? Kimsə gedib yaxınlaşır və qapının açar yerindən baxıb görür ki, “doğrudan da, elə Üzeyir bəy öz yerindədir”. Bu dəfə tədris hissə müdiri: “A balam, siz nə danışırsınız” deyə özü gedir və kabineti açıb içəri girəndə öz etirafına görə, əvvəl bir anlığa çaşır, sonra masa arxasındakının Üzeyir bəyin özü yox, onun portreti olduğunu görüb gülməyə başlayır... Bu əhvalatı xeyli vaxt deyib-gülərdilər. Üzeyir bəy isə deyərdi ki, “bax, bu ikinci portret özü, müəllifsiz imtahandan çıxıbdır”.

   1943-cü ildə İncəsənət İşləri İdarəsində rəis müavini Sabit Rəhman idi. Sabit bu əhvalatdan, necə olmuşdu, hamıdan qabaq xəbər tutmuşdu. İdarədə onunla görüşəndə “dünənki hadisədən xəbərin var?” - deyə məndən soruşdu. “Nə hadisə?” - deyərək, bilmək istəyəndə o, bu gülməli macəranı mənə nəql etdi. Sonra isə Ramazan, daha sonra... hamı bunu danışırdı. Amma Sabitdən yaxşı danışan olmazdı...”

   Yuxarıda deyilənlərə əlavə olaraq bildirək ki, bu macəralı, amma bədii cəhətdən çox kamil olan portret hazırda Ü.Hacıbəylinin ev-muzeyində nümayiş olunur. Bəstəkara bağışlanılan birinci portret isə onun vəfatından sonra bir müddət Moskvadakı M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Muzeyində nümayiş etdirilmiş, ora M.Abdullayevin yeni bir portret təqdim etməsindən sonra yenidən Bakıya ev-muzeyinə qaytarılmışdır. Azərbaycan Teatr Muzeyində isə rəssamın bəstəkarın fotosu əsasında işlədiyi üçüncü portret saxlanılır...

  

   Ziyadxan Əliyev

   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.13.