Tbilisidə M.F.Axundzadənin 205 illiyinə
həsr edilmiş ədəbi-bədii gecə
İyunun 21-də Tbilisidə böyük ədib və mütəfəkkir Mirzə Fətəli Axundzadənin (1812-1878) anadan olmasının 205 illiyinə həsr edilən ədəbi-bədii gecə keçirilib.
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və “Şəxsi İnkişaf Universiteti” adlı qeyri-hökumət təşkilatının birgə keçirdiyi tədbirdə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, elm, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi salonda Azərbaycanın mədəniyyət və incəsənət nümunələri, musiqi alətləri, qədim xalça, kilim və digər əl işləri nümayiş etdirilib.
Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı çıxış edərək M.F.Axundzadənin və digər ədiblərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin, dramaturgiyasının inkişafındakı xidmətlərindən danışıb, xalqımızın mədəni irsinin təbliğində, tələbələrin mədəniyyətə, ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Sonra tələbələr şeirlər, M.F.Axundzadənin əsərlərindən parçalar söyləyiblər.
Azərbaycan
Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Məmmədzadə bildirib
ki, tələbələrin elmə, poeziyaya, ədəbiyyata marağının
artırılması, mədəniyyətimizin təbliği, ədiblərimizin
gənc nəslə daha yaxşı
tanıdılması məqsədilə yeni
layihələr hazırlanıb və gələcəkdə
də belə tədbirlər təşkil ediləcək.
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.8.