Böyük milli Ziyalımız

 

 

 

   İlk milli teatr və mətbuat İMZAmız, milli ədəb-irfan, təhsil-maarif təsərrüfatımızın “Əkinçi”si Həsən bəy Zərdabi!..

  

   Ömrü uzunu olmazın zillətlərə düçar edilsə də, milləti yolunda namuslu oğulluq edə-edə “Dövrünün ziyalılarının Ziyası”, “Cənubi Qafqaz müsəlmanlarının milli oyanışının ilk bələdçisi” kimi epitetlərlə öyülmüşdünya durduqca öyülüb-seviləsi ŞƏXSİYYƏTimiz...

  

   O, “Maarifdən, elmdən məhrum xalq işıqdan məhrumdur” dedibu məşəli ömrünün sonunadək daşıdı və gethagetdə belə bir vəsiyyət etdi: “Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti millətimiz arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olacaq...”

  

   Lakin “təəssüf” ki...

  

   zaman onun bu arzusuna daxilaf” çıxıb...

   Bu ifadələrlə məşhur “taleyin ironiyası” deyimini xatırlatdıqdan sonra əlavə edim ki, sağkən bütün işlərdə bənzərsiz olmuş Həsən bəy ölümü ilə də növbəti bir ümummilli “ilk”ə imza atıb. Belə ki, vəfatının ertəsi günü (29 noyabr 1907) keçirilən dəfn mərasiminə o zamana qədər Azərbaycan tarixində görünməmiş hüzn-qələbəlikdə adam toplaşıb. Xalq cənazəni Bibiheybət uzaqlığındakı məzarınadək çiynində aparmağa israr edib. Ucu-bucağı görünməyən insan axını üç yerdə - Qasımbəy məscidinin həyətində, “Kaspi” qəzeti redaksiyası və Bakı Şəhər Dumasının qarşısında dayanıb, məşhur ziyalılardan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Haşım bəy Vəzirov və başqaları alovlu nitqlər söyləyib. Bakı Şəhər Duması onun xatirəsini əbədiləşdirmək üçün şəhər məktəblərindən birinə adının verilməsi, abidəsinin qoyulması, Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrçün “H.Zərdabi təqaüdü”nün təsisi haqda qərar qəbul edib və təfərrüata varmamaq xatirinə söyləmədiyim digər ağırlama olqu-olaylardan sonra, böyük izdiham və təntənə ilə Bibiheybət qəbiristanlığında dəfn olunub...

   Elə bir “qaranlıq dövri-mühit” və ticari-iqtisadi var-dövlətdən “təpədən-dırnağadək xali bir şəxsin dəfn mərasiminə belə bir izdihami hörmət-izzətin -

   

   Səbəbi?..

  

   Bu “səbəb”in səbəbkarları başında o özü! “Elmdən, maarifdən məhrum xalq işıqdan məhrumdur” kimi sözlərilə əməllərinin bir olması sayəsində...

   O, o qədər dedi, yazdı, nümunə oldu ki, əsrlərlə işıqdan məhrumlaşdırılmış bu xalqın gözü onun yandırdığı milli çıraqdan bəsirətləndi və yalnız cismi-nəşi “dünyadəyişimi”nə uğramış bu soydaşı ilə son görüşə bu sayaq toplaşdı...

   Adını milli mədəniyyət tariximizə əbədi həkk etmiş bu Fikir, Əməl və bani Qəzet Adamının universal fəaliyyəti haqda bu xalqın filosof, pedaqoq, tarixçi və ədəbiyyatşünaslardan tutmuş ta əkinçi-biçinçisinədək çox qiymətli qənaətlər yazılıb-söylənmiş. Lakin, məncə, hələ onun millət üçün döyünə-döyünə susmuş ürək-qəlb aləmi təsəvvürlərdəki qədər təsvir edilməyib.

   Böyük türk alimi Ziya Göyalpın “Türkçülüyün əsasları”ndakı “İstanbulda, Parisdə, Peterburqda ali təhsil alıb Bakıya qayıdan Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov əl-ələ verərək azərbaycanlılar arasında sünni-şiə çəkişmələrini aradan qaldırmağa, onları türkçülük-islamçılıq ideyaları ətrafında birləşdirməyə çalışırdılar” kimi fikirlərə bünövrə olmuş Həsən bəy həmin nəhəng üçlüyün bu xalqı “islam ümmətçiliyi” ilə vidalaşdırıb türk millətçiliyi və milli azadlıq ideyasına tarixi keçidinin əsas ideoloqu idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında məhz bu milli-siyasi dirçəliş ideologiyası - türkçülük, qərbçilik, islamçılıq ideyaları müstəsna rol oynadı. Cümhuriyyəti quran ziyalılar başdan-başa bu ideologiyanın yetirmələri idi. Onların da dövlət quruculuğu işlərində mənəvi ataları hesab etdikləri Həsən bəy Zərdabinin maarifçilik ideyalarında üstünlük verdiyi anadilli təhsil, qadın azadlığı və təhsili məsələlərinə istinad etdiklərindəndi ki, o dövrü tədqiq edən Qərb tarixçiləri bu dövləti “Ziyalı hökuməti” adlandırdılar...

   Bir az da - bu xalqın mədəni-mənəvi mütərcimi olmuşumuzun -

   

   Tərcümeyi-halından

  

   Həsən bəy Səlim bəy oğlu Məlikzadə - Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı ailəsində doğulub. Yeddi-səkkiz yaşlarından bir müddət mədrəsədə oxuyan (ilahiyyata o qədər də marağı olmayan) Həsəni atası Şamaxıdakı ibtidai rus məktəbinə qoyuro öz bilik-bacarığı ilə hamının diqqətini cəlb edir. Buraxılış imtahanında onun istedadına heyran qalan Qafqaz Təhsil İdarəsi müdirinin təqdimatı ilə Həsən dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir, 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirirMoskva Dövlət Universitetinin təbiət elmləri şöbəsinə daxil olur, təlimdəki uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir və 1865-ci ildə oranı namizəd diplomu ilə (təhsildə ən yüksək müvəffəqiyyətə və əxlaqa görə) bitirən ilk azərbaycanlı olur. Hələ tələbəliyində şərq-islam tarixi üzrə dərin biliyilə MDU rektorunun diqqətini cəlb etdiyindən, bu sahə üzrə onun məsləhətçisinə və dostuna çevrilən və o ailə ilə yaxınlaşan gənc Həsən bəy ...nəticədə rektorun qızına vurulurMoskvada qalıb işləmək təklifi alır. Lakin ondakı milli Vətən sevgisi şəxsi məhəbbəti üstələyir, Bakıya dönür. Elə həmin Vətən işləri üçün çalışa-çalışa yaşı 40-a çatır.

   bir gün (1872-ci ildə) Tiflisin “Müqəddəs Nina” Qadın gimnaziyasını bitirən qızların siyahısında Hənifə Aslan bəy qızı Abayeva adlı müsəlman qızının adını oxuyan Həsən bəy Tiflisə yollanıb, qızı tapır, bəyənir və hər bir fikri - ona evlənmək təklifindən tutmuş “çətin millət yolunun yolçusu olacaqları” vədinəcən - müsbət qarşılanır...

  

   Sonra...

  

   Sonrası (millətpərvərliyindən yana təqiblərlə dolu qara günlərinin başlanması, “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın!..” deyib minbir çətinliklə qəzet çapına başlaması və s.) qədirbilən oxucularımıza yaxşı məlum olsa da, deyim ki, Həsən bəyin təşəbbüsünə qədər Azərbaycan xalqının xeyriyyə cəmiyyəti olmayıb. “Mən belə bir cəmiyyət yaratmaq istəyəndə Bakıda doktor Rustamyanın rəhbərliyilə cəmi 10-15 ailədən ibarət ermənilərin “cəmiyyəti-xeyriyyə”si vardı.

   Mən belə bir cəmiyyəti yaratmaq üçün imkanlı adamları Qazi Molla Cavad Axundun evinə dəvət etdim. Onlar fikrimi bəyəndilər, ancaq pul məsələsi ortaya çıxanda hərə bir bəhanə ilə otağı tərk etdi”.

   Sonra Həsən bəy yay tətili zamanı tələbələrindən N.Vəzirov və Ə.Goraninigötürüb, üç aya yaxın bir müddət ərzində, bu milli vacibatın dalısıyca (əsasən payi-piyada, hərdən at, bircə kərə də faytonla, “isti gecələr yol gedib, gündüzlər köhnə poçtxanaya karvansaralarda soyutma yumurta ilə nahar edə-edə”) Bakı-Şirvan-Gəncəbasar-Şuşa-Qarabağ-Naxçıvan-İrəvan-Tbilisi-Quba-Dərbənd-Bakı səfəri edir.

   “İrəvandan Naxçıvana getmək istəyəndə mənə dedilər ki, getmə, oranın ağsaqqalı Naxçıvanda yoxdur, niyyətin baş tutmaz. Mənsə getdim. Havalar o qədər isti idi ki, “Güllüdərə” deyilən yerdə gül-çiçəkdən əsər-əlamət qalmamışdı...”

   Bu heynidə adamın yadına digər vacibatlar dalısıyca (rahat təyyarələrlə) uzaq-uzaq səfər və ziyarətlərdən qayıdıb yol yorğunluğundan şikayətlənənlər düşür...

   Çox savab bir olardı ki, həmin səfərdən sonra Həsən bəyin yaratdığı “cəmiyyəti-xeyriyyə”nin müsəlman dünyasında beynəlmiləl tərkibli (qəyyumluq etdikləri uşaqların xeyli faizi qeyri-müsəlman idi) və beynəlmiləl hüquqi xeyriyyəçilik hərəkatı bünövrəsinin qoyulması faktı ilə də fəxarətlənəydik! Nədən ki, o vaxt gecələr onun mənzilini daşa basırmışlar ki, niyə başqa millətin kimsəsiz uşaqlarını da evində saxlayıb savad verir, dirçəldir...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 23 iyun.- S.15.