Televiziya muğam
müsabiqəsi - 2017: nəticələr və perspektivlər
Heydər Əliyev Fondunun milli-mədəni irsin qorunmasına və təbliğinə yönələn davamlı və uğurlu fəaliyyətində 2004-cü ildə təməli qoyulmuş muğam layihələrinin özünəməxsus yeri vardır. Bu layihələr xalqımızın dəstəyini və rəğbətini qazanmış, öz müsbət nəticələri ilə muğam irsimizə yeni töhfələr vermişdir. Onlardan biri də televiziya muğam müsabiqəsidir.
2005-ci ildən başlayan televiziya müsabiqəsi onlarla istedada çətin və məsuliyyətli sınaq meydanı oldu, neçə-neçə gəncin qarşısında professional sənətə yollar açdı. Ötən illərdə keçirilən müsabiqələrin sayəsində 120-dən çox gənc xanəndə muğam ifaçılığına, sənət aləminə daxil ola bildi, öz qabiliyyətləri ilə tanındı və sevildi. Nəzərə alaq ki, muğam da bütün musiqi növləri və janrları kimi, ifaçılıq sayəsində yaşayır, təbliğ olunur. Muğamın çoxəsrlik məktəb və ənənələri tarixdə məhz ifaçılıq vasitəsilə yaşamışdır. Bu tarixi təcrübəni müasir dövrdə muğam müsabiqələri davam etdirdi.
Bir vacib məsələ də sənətə gələn istedadlı gənclərin aşkar olunmasıdır. Ona görə ki, cəmiyyətin incəsənətdə zaman-zaman yeni adlara, yeni üslublara, yeniliklərə, istedad axınına olan tələbatı heç vaxt bitmir, səngimir. Sənətin özü də gənclərin, yeni isimlərin, yeni ifaların gəlişinə həmişə möhtacdır. Bunun sayəsində muğam sənəti varislik əldə edə, ömür qazana, sosial maraq kəsb edə bilir. Deməli, televiziya muğam müsabiqələri cəmiyyətin və sənətin özünün bu tələbatlarına cavab verir, eyni zamanda onları müəyyən qədər təmin edir.
Müsabiqə bütün hallarda rəqabətdir. Sağlam rəqabət sənətin inkişafının başlıca amilidir. Gənclərin rəqabətə daxil olması isə onlarda sənətə məsuliyyət, ciddi və peşəkar münasibət formalaşdırır. Belə münasibətin yaranması həm də gənc nəsildə sağlam sənət tərbiyəsinə və gələcək uğurlara təməl yaradır.
Növbəti televiziya muğam müsabiqəsi iyunun 12-də yekunlaşdı. Üç ay davam edən müsabiqə musiqi mədəniyyətimizin daha bir uğurlu hadisəsi kimi tarixə yazıldı. Layihənin gözəl ənənələri bu dəfə də davam etdirildi. Belə ki, müsabiqənin gedişində və son turda əvvəlki müsabiqə qaliblərinə səhnə verildi. Bu gənclərin cəmi bir neçə il ərzində necə püxtələşdiyinin, sənətdə müstəqil mövqe tutduğunun hamılıqla şahidi olduq. Belə mövqe, əslində, müsabiqənin cəmiyyətə bir mesajıdır və öz uğurlu nəticələrini təsdiq etməsidir.
Müsabiqənin daha bir gözəl ənənəsi də bölgələrdəki davamıdır. Nəyin şahidi olduq? Əvvəla, muğam dinləyicilərinin Azərbaycanın coğrafiyasını və azərbaycanlıların dünyadakı yayım arealını əhatə etməsi çox mühüm və təkzibolunmaz fakt kimi özünü göstərdi. İkincisi, müsabiqənin bölgələrdə davam etdirilməsi sayəsində istedadlı gənclərə cəmiyyətimizdə olan birmənalı dəstək əyani şəkildə özünü bir daha büruzə verdi. Bütün bunlar son nəticədə “muğam-istedad”, “muğam-varislik”, “muğam-mədəniyyət” münasibətlərinin qloballaşma dövründə qarşısıalınmaz reallıq, konkret həyat tərzimiz olduğunu təsdiqləyir.
Muğam müsabiqəsinin perspektivləri nəticələrdən və reallıqlardan qaynaqlanır. Bu perspektivlər hansılardır?
Birincisi, 2004-cü ildən həyata keçirilən muğam layihələri, muğamın davamlı təbliğatı, ifaçılığın inkişafı, yeni istedadların aşkarlanması, müsabiqələrin keçirilməsi, tədqiqatların aparılması muğam irsinin gələcəyinə və yaşamasına təminat verən mühüm səbəblərdir. İkincisi, müasir informasiya və texnologiyalar əsrində, musiqi-şou sənayesinin mədəni həyatı işğal etdiyi bir dövrdə ənənəvi muğam öz melodiyasını, intonasiyalarını, daxilindəki yaddaşı, bədii və mənəvi informasiyanı qoruya və ötürə bilir. Üçüncüsü, muğamın ifası, eşidilməsi, dinlənilməsi, yaşadılması, təbliği milli şüurun, milli duyumun və milli özünüdərkin çox vacib şərtlərindəndir. Dördüncüsü, muğamın ifası dilimizin və klassik poeziya irsimizin də yaşamasına, təbliğinə müsbət təsir göstərir. Nəhayət, beşincisi, muğam müsabiqələri ümummilli maraq kəsb edərək xalqın muğam adlı ənənəvi mədəniyyətinin qiymətləndirilməsində, yaşamasında gözəl bir ənənəyə və söz sahibinə çevrilib.
İndiyə qədər müsabiqə sayəsində muğam ifaçılığına daxil olan bir çox gənc, yaxın gələcəkdə, şübhə yox ki, bu sənətin aparıcı müəllimlərinə, ustad ifaçılarına, muğam mədəniyyətinin aparıcı amilinə çevriləcəklər. Bu isə muğam irsimizin ölməzliyinə, əbədiyaşarlığına inamı daha da artırır. Müsabiqələrin ən mühüm nəticələri bu illər ərzində musiqi sənətində layiqli yerini ala bilən gənc professionallardır. Onların sevilən ifaları və qazandıqları alqışlar muğam irsimizin uğurlu gələcəyinə real təminatdır. Son müsabiqə bunu bir daha təsdiqlədi.
Bu dəfə uğurlar qazanan və qaliblər sırasına çıxan gənc ifaçıların hər birinin öz ifa tərzi, səs tembri, duyumu, təfsiri, üslubu var. Başlıcası, hamısı istedadlıdır və hər biri muğam sənətinə ruhən, qəlbən bağlıdır. Amma gərək alqış və uğurlardan arxayınlaşmasınlar, əksinə, dinləyici dəstəyini hər zaman doğrultsunlar. Onların üzərinə bir məsuliyyət düşür ki, bu da mükəmməl və çətin muğam musiqisini, onun ifa qaydalarını həmişə öyrənməkdən, hər zaman zəhmətə qatlaşmaqdan, sənətə hər an ciddi yanaşmaqdan ibarətdir.
Müsabiqənin münsiflər heyətinin də zəhmətini vurğulamaq, qiymətləndirmək lazımdır. Onların obyektivliyi, yaxşı tövsiyələri və nəsihətləri musiqi sənətinin ideal qaydalarını və “ustaddan-şagirdə” keçidini əks etdirir. Adlı-sanlı mütəxəssislərin neçə illərdir istedad seçimində rolu danılmazdır.
Sonda muğam irsinin gələcək yaşamını təmin edən bütün müsabiqə iştirakçılarına, bütün qaliblərə, muğamın bütün istedadlı gənclərinə çətin sənət yollarında nailiyyətlər arzulayırıq.
Ariz Abduləliyev
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.10.