Festivallar şəhərində
növbəti musiqi bayramı
Şəkidə
“İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
İyunun 27-dən iyulun 1-dək Şəkidə “İpək
Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ənənəvi festival Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı və Şəki Şəhər
İcra Hakimiyyətinin
birgə layihəsidir.
İyunun 22-də Azərbaycan Bəstəkarlar İttifaqında
festivala həsr olunmuş mətbuat konfransı keçirildi.
Festivalın bədii rəhbəri,
Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadə bildirdi ki, “İpək Yolu” ölkəmizdə keçirilən musiqi festivalları içərisində
rəngarəngliyi ilə
seçilir. Artıq səkkizinci
dəfə musiqisevərlərin
görüşünə gələcək
festivalın unikallığı
ondan ibarətdir ki, konsertlər açıq havada, tarixi memarlıq abidələrinin qarşısında
keçirilir. Festival musiqimizlə yanaşı
zəngin tariximizi, mədəni irsimizi tanıtmaq baxımından
da əhəmiyyətlidir.
İnanırıq ki, bu dəfə də Azərbaycanın bu qədim bölgəsi festivala təşrif buyurmuş turistləri valeh edəcək. Füsunkar təbiət qoynunda dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət
konsert proqramı əsl bayram ovqatı yaradacaq.
Vurğulandı ki, 2017-ci ilin
Prezident İlham Əliyev tərəfindən
ölkəmizdə “İslam
həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar olaraq builki festivalın
proqramında müsəlman
ölkələrindən olan
musiqiçilərə üstünlük
verilib. Həmişə
olduğu kimi, bu il də qardaş Türkiyədən, İrandan
musiqi kollektivləri festivala qatılacaq. Festivalda İzmir Dövlət Türk Dünyası Rəqs və Musiqi Topluluğu və Təbriz Rəqs Qrupu, eləcə də Macarıstan, Gürcüstan,
Yaponiya və Polşadan musiqi kollektivləri iştirak edəcək.
Festivalın proqramında Azərbaycan
musiqi mədəniyyəti
də geniş şəkildə təmsil
olunur. Bu il 100 illik yubileyi qeyd olunan
görkəmli bəstəkar,
pedaqoq Cövdət Hacıyevin xatirəsi
festival çərçivəsində yad ediləcək. Şəki Musiqi Kollecində bəstəkarın 100 illiyinə
həsr olunmuş konsertdə xor və kamera əsərləri səslənəcək.
Konsertlər Marxal Yay teatrında, Şəki Xan sarayının qarşısında və
Yuxarı Karvansarayda təşkil ediləcək.
Festival iyunun 27-də Marxal Yay teatrında Əməkdar incəsənət
xadimi, bəstəkar Aygün Səmədzadənin
müəllif gecəsi
ilə açılacaq.
Mərasimdə Xalq artisti Teymur Göyçayevin bədii
rəhbər və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artisti Ənvər Sadıqov və əməkdar artistlər Elnur Əhmədov, Aygün Bəylər, tanınmış estrada müğənniləri çıxış
edəcək.
Bağlanış mərasimində isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı zəngin musiqi folklorumuzun gözəl nümunələrini təqdim edəcək. Festivalda ilk dəfə Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinin də çıxışı nəzərdə tutulub.
Firəngiz Əlizadə onu da bildirdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın irəli sürdüyü “Qardaşlıq, dostluq və qarşılıqlı anlaşma” ideyası “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında da öz təcəssümünü tapacaq: “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək festival yenə də insanlarda silinməz xoş təəssüratlar yaradacaq. Azərbaycan həmişə çox gözəl çağırışlarla insanları mədəni dialoqa səsləyir. Bu festival da ölkəmizdə keçirilən müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlər sırasında öz layiqli yerini tutaraq bu il də parlaq mədəniyyət və xalqlararası dostluq bayramı kimi yaddaşlarda qalacaq”.
Mətbuat konfransında Xalq artisti Teymur Göyçayev, musiqişünas, professor Gülnaz Abdullazadə, bəstəkar Aygün Səmədzadə, Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev, hərbi orkestrin dirijoru Səməd Vəkilov, Macarıstanın Azərbaycandakı səfirinin müavini Laszlo Makk çıxış etdilər, festivalın proqramı haqqında ətraflı məlumat verildi.
Sonda jurnalistlərin sualları
cavablandırıldı.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 23 iyun.-
S.4.